Məhkəmə qərarları › İş №3(010)-3859/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3859/2025

28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3859/2025 28.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, «X8 COMPANY LİMİTED» şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin nümayəndəsi X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, «X8 COMPANY LİMİTED» şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin (VÖEN: **********, hüquqi ünvanı: AZ 1089 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ŞTQ, Qu adası qəsəbəsi) Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən «X8 COMPANY LİMİTED» şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi barəsində İXM-in 539.1-1-ci maddəsi ilə tərtib edilmiş 16 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən «X8 COMPANY LİMİTED» şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi barəsində tərtib olunmuş 16 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, «X8 COMPANY LİMİTED» şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi tərəfindən hazırki tarix üzrəişçilərin əmək müqaviləsinin elektron sənəd formasına keçirilməsi ilə bağlı DƏMX-in xx.xx.2025-ci il tarixli 3-17-5/2-68047/2025 nömrəli icrası məcburi göstərişinin icra edilməməsi müəyyən edilmişdir. Nəticədə, «X8 COMPANY LİMİTED» şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi AR İXM 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X2 protokolu müdafiə edərək bildirdi ki, mövcud qanunvericiliyə əsasən, əmək müqavilələri elektron sənəd formasına keçirilməlidir və bununla əlaqədar olaraq, sözgedən şirkətə müvafiq qaydada müraciət ünvanlanmış, müraciətdə konkret olaraq müddət göstərilərək həmin müddət ərzində sözügedən şəxslərin işlərinin, əmək müqavilələrinin elektron formaya keçirilməsi tələb olunmuşdur. Lakin həmin müddət ərzində bu məsələ həll olunmadığına görə icraata başlanılmış və protokol tərtib olunaraq aidiyyatı üzrə Suraxanı rayon məhkəməsinə göndərilmişdir. Qeyd etdi ki, şirkət tərəfindən ləngimə ilə bağlı hər hansı bir rəsmi məktub daxil olmadığına görə icraata başlanılmışdır. Məhkəmə iclaslarında «X8 COMPANY LİMİTED» şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin nümayəndəsi X5 bildirmişdir ki, protokol barədə məlumatı var, protokolun müzakirəsi ayın 16-ı tarixi üçün olsa da, dəvət məktubu nümayəndəliyə ayın 17-də daxil olub. İş materiallarında da vardır ki, ayın 17-də maliyyə meneceri Fərid Əliyevə etibarnamə verilib və Fərid Əliyev X6ndə gedib, iştirak edib, orada Xuraman xanımla görüşüb, Xuraman xanım protokolun şərti xarakter daşıdığını qeyd edib, onlara 10 gün möhlət verilmiş, əgər 10 gün ərzində əmək müqavilələri sistemə vurularsa, bu protokolun ləğv olunacağı bildirilmişdir. Qeyd etdi ki, nəticədə son tarix 9 oktyabr tarixi olmuş olur və 6 oktyabr tarixində bir işçinin də əmək müqaviləsi elektron sistemə daxil olmuşdur. Onlara verilən möhlət dövründən 3 gün qabaq bu proseduru başa çatdırmış, nəticədə 17 oktyabr Əmək Müfəttişliyinə məktub yazaraq xahiş etmişdirlər ki, protokol ləğv olunubsa, onlara məlumat verilsin. Bildirdi ki, bununla bağlı rəsmi sənəd yoxdur, son tarixin 9 oktyabr olmasını Xuraman xanım demişdir. Ayın 17-i məktub gəlib onlara çatanzaman Fərid Əliyevə etibarnamə verilmiş, Fərid Əliyev müfəttişliyə getmişdir, bu barədə iş materiallarında ona verilmiş etibarnamə və vəsiqəsi də vardır. Fərid Əliyev oraya getdiyi zaman, müzakirə nəticəsində, orada Xuraman adlı əməkdaşla 10 gün möhlət verildiyi deyilmiş və 10 gün ərzində geridə qalan 3 əmək müqaviləsinin sistemə vurulduğu tarixdə heç bir cərimə tətbiq edilməyəcəyi ona deyilmişdir. Verilmiş möhlətin son tarixi olan 10 oktyabr tarixinədək, artıq 9 oktyabr tarixinədək yerdə qalan 3 müqavilə də elektron sistemə daxil olmuş, tapşırıq öz həllini tapmışdır. Bundan başqa, 26 sentyabr tarixində yeni bir məktub daxil olmuş, həmin məktubda şirkət 30 sentyabr tarixində müfəttişliyə dəvət edilmiş, lakin şirkət həmin məktubu 24 oktyabr tarixində almış, həmin məktub isə vəzifəli şəxsə cərimənin tətbiqiylə bağlı olmuşdur. Qeyd etdi ki, 31 iyul tarixli məktub şirkətə 16 sentyabr tarixində daxil olmuş, görüş 16 sentyabr tarixinə təyin olunmuş, 17 sentyabrda isə baş tutmuş, 17 sentyabrdan sonra müfəttişliyə ləngimə ilə bağlı məktub ünvanlamışdırlar. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, «X8 COMPANY LİMİTED» şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X6 Xidməti tərəfindən tərtib edilmiş 3-17-5/2-68047/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən aparılmış təhlillər zamanı "X8 Company Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən 312 (üç yüz on iki) sayda qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilmədiyi müəyyən edilmədiyi bildirilmiş, 3 (üç) iş günü ərzində törədilmiş hüquqpozmanın aradan qaldırılmasını təmin edilib, nəticəsi barədə X6 Xidmətinə məlumat verilməsi xahiş olunmuşdur. “Poçt göndərişlərinin izlənilməsi” sistemindən görünür ki, həmin məktub xx.xx.2025-ci il tarixdə saat 15:23-də «X8 COMPANY LİMİTED» şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinə çatdırılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X6 Xidməti tərəfindən tərtib edilmiş 3-17-5/2-87295/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən aparılan təhlillər zamanı "X8 Company Limited Şirkəti"-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən işçilərin əmək müqavilələrini elektron sənəd formasına keçirilmədiyi müəyyən edilmiş və aşkarlanmış nöqsanın aradan qaldırılması məqsədilə "X8 Company Limited Şirkəti" nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə Xidmətin xx.xx.2025-ci il tarixli 3-17-5/2-68047/2025 nömrəli icrası məcburi olan göstərişi verilmişdir. xx.xx.2025-ci il tarixli 3-17-5/2-68047/2025 nömrəli icrası məcburi olan göstəriş icra edilmədiyi üçün "X8 Company Limited Şirkəti" nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, «X8 COMPANY LİMİTED» şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən maddə üzrə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İXM-nin 539.1-1-ci maddəsinə əsasən, əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, «X8 COMPANY LİMİTED» şirkəti tərəfindən sözügedən 3 əməkdaşın müqavilələrinin istər məktubda qeyd olunan 3 iş günü ərzində, istər də sonra aralarında olan şifahi razılşmaya əsasən 9 oktyabr 2025-ci il tarixədək imzalanması təmin edilməmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə göndərilməmişdir. İş materiallarında olan “poçt göndərişlərinin izlənməsi” sistemindən də görünür ki, sözügedən məktub «X8 COMPANY LİMİTED» şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinə çatdırılmışdır. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1 -ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, «X8 COMPANY LİMİTED» şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinə İXM-in 539.1-1-ci maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddədə göstərilən həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «X8 COMPANY LİMİTED» şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 2.000 (iki min) manat məbləğində inzibati cərimə olunsun. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar