Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3861/2023 10.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər X7 İdarəsinin YNH baş inspektoru X1 iştirakı ilə, Şəxs, xx xxxxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 02 avqust 2023-cü il tarixdə, saat 22:30-da, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “BAİC D50 CVT DELUXE minik” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən manevr etmə qaydalarını pozaraq, eyni istiqamətdə hərəkət edən X2 idarə etdiyi “Nissan Tiida” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ hissəsi ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində “Nissan Tiida” markalı, **-ON- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 maddi zərər vurulmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1 və 333.3-cü maddələri ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, inzibati xətanı törətməsində özünü təqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunu, hadisə zamanı sərxoş olduğunu bildirdi. Sonda Şəxs məhkəmədən cavanlığını nəzərə alaraq, barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş, Bakı şəhər X7 İdarəsinin YNH baş inspektoru X4 məhkəmədə göstərdi ki, Şəxs 02 avqust 2023-cü il tarixdə, saat 22:30-da, “BAİC D50 CVT DELUXE minik” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən manevr etmə qaydalarını pozaraq, eyni istiqamətdə hərəkət edən X2 idarə etdiyi “Nissan Tiida” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ hissəsi ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində “Nissan Tiida” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 maddi zərər vurulmuşdur. Baş vermiş yol-nqəliyyat hadisəsi ilə əlaqədar sənədlər yoxlanılan zaman sürücü Şəxs nəqliyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi məlum olmuşdur. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 333.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından görünür ki, müayinə nəticəsində Şəxs spirtli içki qəbul etdiyi, qanında alkoqolun konsentrasiyasının 0.581 promilli olduğu müəyyən olunmuşdur. İş materiallarında olan yol-nəqliyyat hadisəsi sxemindən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektində “BAİC D50 CVT DELUXE minik” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin manevr etmə qaydalarını pozmasına görə baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Medalının Vəsiqəsinin kserosurətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 dekabr tarixli, 2353 nömrəli, 2020-ci il 24 dekabr tarixli, 2358 nömrəli və 2021-ci il 24 iyun tarixli, 2715 nömrəli sərəncamları ilə təsdiq edilmiş İ-2781, İ-6915 və İ-12160 nömrəli Azərbaycan Respublikası medalının vəsiqələrindən görünür ki, Şəxs müvafiq olaraq “Cəsur döyüşçü” “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını, İİ Qarabağ müharibəsi (“Vətən müharibəsi”) iştirakçısı olmasını, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilməsini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs barəsində daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və onun barəsində 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs adına verilmiş BA seriyalı, 039642 saylı sürücülük vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə təhvil verilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-3861/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3861/2023
10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver