Məhkəmə qərarları › İş №3(010)-3883/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3883/2023

14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3883/2023 14.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Heydər Bəxtiyarovun və icra sənədi üzrə tələbkar X2 iştirakı ilə, Şəxs, xx xxxxxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 10 avqust 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(010)-319/2023 nömrəli qətnaməsinə dair icra vərəqəsini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Heydər Bəxtiyarov məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, borcluya 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya göndərilmişdir. Eyni zamanda borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Tələbkar borcludan şikayətçi olduğundan buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Lakin hazırda icra sənədi icra olunmuşdur. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X4 göstərdi ki, hazırda icra sənədi icra olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurunu və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı, həmçinin tərəflərin məhkəmə iclasında verdikləri izahatdan müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(010)-319/2023 nömrəli qətnaməsini icra etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə icra sənədi üzrə borclu Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(010)-319/2023 nömrəli qətnaməsini icra etməsini nəzərə alaraq hesab edir ki, Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar