Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-389/2021 12.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 nümayəndəsi və vəkili, “Arbitrium” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X1, 12 avqust 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 4ZYJGY5, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 21 nömrəli evin 10 nömrəli mənzilində qeydiyyatda olan, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon X10 Şöbəsinin polis polkovnik leytenantı X4 tərəfindən qəbul edilmiş 08 fevral 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon X10 Şöbəsinin yol patrul xidməti inspektoru X3 tərəfindən X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 21 yanvar 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri Suraxanı rayon X10 Şöbəsinin polis polkovnik leytenantı X2 qəbul etdiyi inzibati xəta haqqında iş üzrə 08 fevral 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla Ş.A.Muradlı Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 60 manat məbləğində inzibati cərimə olunmuşdur. 01 mart 2021-ci il tarixdə X1 Bakı şəhəri Suraxanı rayon X10 Şöbəsinin polis polkovnik leytenantı X4 tərəfindən qəbul edilmiş 08 fevral 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi barədə şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 nümayəndəsi və vəkili Vəkil, Ş.A.Muradlının şikayətini müdafiə edərək göstərdi ki, Ş.A.Muradlı 21 yanvar 2021-ci il tarixində Bakı şəhəri, X8, “Q” yaşayış sahəsi 13 ünvanında yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsindən mülkiyyətində olan “Kia Sorento” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən Bakı şəhəri Suraxanı rayon X10 Şöbəsinin yol patrul xidməti inspektoru polis baş serjantı X3 tərəfindən saxlanılaraq barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 21 yanvar 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Qeyd edilən protokolla razılaşmayan Ş.A.Muradlı dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus olan “102” xidmətinə, eyni zamanda sonradan Nazirliyin rəsmi səhifəsi olan www.mia.gov.az internet portalnm “e-müraciət.mia.gov.az” ünvanından həmin protokoldan və protokolu tərtib etmiş polis inspektorundan şikayət etmişdir. Ş.A.Muradlının şikayətinə cavab olaraq Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən 05 fevral 2021-ci il tarixində 26 yanvar 2021-ci il tarixdə tərtib edilmiş 096-1878-1221 saylı məktub daxil olmuşdur. Məktubda inzibati xəta haqqında materialın (İXP ******* nömrəli inzibati protokol) icrası ilə əlaqədar Ş.A.Muradlının sənədləri ilə birlikdə Bakı şəhəri Suraxanı rayon X11 Şöbəsinə (5-№-li otağa) gəlməyi xahiş olunmuş, 15 gün müddətində gəlmədiyi halda onun iştirakı olmadan cərimə qərarının qəbul ediləcəyi qeyd edilmişdir. Daha sonra 24 fevral 2020-ci il tarixində 09 fevral 2021-ci il tarixində tərtib edilmiş 096-3312-1221 nömrəli məktub daxil olmuş, həmin məktubda qeyd edilmişdir ki, 21 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikaslı İXM-nin 327.2-ci maddəsinin tələbini pozduğunuza görə Ş.A.Muradlının barəsində tərtib edilmiş inzibati xəta haqqında İXP 37388871 saylı inzibati protokol əsasında 08 fevral 2021-ci il tarixdə qəbul edilmiş 60 (altmış) manat cərimə qərarını ödəməyi ondan xahiş olunmuşdur. Ş.A.Muradlının barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və buna uyğun olaraq qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, 21 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ünvanında Ş.A.Muradlı mülkiyyətində olan “Kia Sorento” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən nəqliyyat vasitəsinə yanacaq doldurmaq məqsədi ilə yaxınlıqda olan və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi 13 ünvanında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinə daxil olmuşdur. Həmin vaxt həmin ünvandan yerləşən yanacaq doldurma məntəqəsində təmir işləri getdiyindən nəqliyyat vasitələrinin yanacaq doldurma məntəqəsinin birbaşa içərisinə daxil olmağa icazə verilməmiş, lakin yola yaxın olan hissəsində yerləşdirilmiş benzin və dizel çənlərindən yanacaq doldurmğa icazə verilmişdir. Ş.A.Muradlının idarə etdiyi nəqliyyat vasitəsinin yanacaq çəni sol tərəfdə yerləşdiyindən o, əvvəlcə sol dönmə, sonra isə sağa dönmə işarəsini yandıraraq yanacağın çənə doldurulmasına imkan yaratmaq üçün müvafiq tənzimləməni həyata keçirmişdir. Həmin an qeyd edilən ərazidə Ş.A.Muradlıdan qabaqda minik maşını, arxada isə yük maşını yerləşmişdir. Ş.A.Muradlı nəqliyyat vasitəsinin çəninə yanacaq doldurulduqdan sonra hərəkət edən zaman yol patrul xidməti əməkdaşları ona idarə etdiyi nəqliyyat vasitəsini dayandırılması barədə göstəriş vermişlər. Bundan sonra polis əməkdaşı Ş.A.Muradlıya yol hərəkətinin qaydaları pozduğunu, buna görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 (altmış) manat məbləğində cərimə olunacağını bildirmişdir. Bütün bunlar yanacaq doldurma məntəqəsinin daxilində baş vermiş və yol hərəkətinin qaydalarının heç bir tələbi pozulmamışdır. Belə olan halda tərtib edilmiş inizbati xəta haqqında protokol, habelə buna uyğun qəbul edilmiş inizbati tənbeh vermə haqqında qərar əsaslı deyil və ləğv edilməlidir. 21 yanvar 2021-ci il tarixdə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokolda İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərinin pozulduğu göstərilsə də, konkret olaraq hansı tələbin pozulduğu göstərilməmişdir. Yalnız 08 fevral 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarı aldıqdan sonra məlum olmuşdur ki, nəzərdə tutulan pozuntu “yolayrıcı keçmə qaydalarının pozulmasıdır”. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 11-ci bəndinə əsasən yolayrıcı dedikdə yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazi baş düşülür. Həmin qanunun 1-ci maddəsinin 12 və 13-cü bəndlərinə əsasən yolayrıcı nizamlanan (hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcınm siqnalları ilə müəyyənləşdirilən yolayrıcı) və nizamlanmayan yolayrıcı (nizamlayıcının olmadığı, svetoforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcıdır) iki yerə bölünür. Həmin qanunun 42-ci maddəsinin İX-cu bəndinə əsasən yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri sönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. Ş.A.Muradlı tərəfindən hər hansı yolayrıcı qaydalarının pozulmasına istinadək edilməsi mümkün deyildir. Baş vermiş hadisələr birbaşa “Azpetrol” yanacaq doldurma mənətəqəsinin həmin ünvanında yerləşən ərazisində baş verdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə istinad edilməsi doğru deyildir. Ş.A.Muradlının həm “102” xidmətinə, həm də www.mia.gov.az internet portalnın “e-müraciət.mfa.gov.az” pəncərəsindən şikayət etməsinə baxmayaraq, şikayəti araşdırılmadan 08 fevral 2021-ci il tarixli inzibati tənbeh haqqında TP ******* saylı qərar qəbul edilmişdir. İnzibati tənbeh verilmə haqqında qərar Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda göstərilməli olan əsaslardan biri də inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyətidir. 21 yanvar 2021-ci il tarixli, İXP ******* saylı protokolda xətanın mahiyyəti göstərilməmiş, yalnız 08 fevral 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda bu öz əksini tapmışdır. Həmin Məcəllənin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilən zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. 21 yanvar 2021-ci il tarixli, İXP ******* saylı protokolda ümumiyyətlə bu hal qeyd edilməmişdir və buna dair heç bir qeyd mövcud deyildir. Ş.A.Muradlıya rəsmi qaydada 24 fevral 2021-ci il tarixdə təqdim edilmiş 08 fevral 2021-ci il tarixli, TP4184653 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, qeyd edilən qərar Ş.A.Muradlı tərəfindən edilmiş şikayətlər nəzərə alınmadan, onun iştirakı olmadan, habelə iş materialları araşdırılmadan qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsinin 26 yanvar 2021-ci il tarixli, 096-1878- 1221 saylı məktubu Ş.A.Muradlıya rəsmi qaydada 05 fevral 2021-ci il tarixdə təqdim edilmiş, 15 (on beş) gün müddət gözlənilmədən, verilmiş şikayəti araşdırmadan, onun hadisə ilə bağlı izahatı alınmadan 08 fevral 2021-ci il tarixdə qərar qəbul etmişdir. Şikayətin araşdırılması məqəsədi ilə Ş.A.Muradlı 20 fevral 2021-ci il tarixində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə yaxınlaşmış, həmin zaman ona bildirilmişdir ki, artıq qərar qəbul edilmiş və o, cərimə olunmuşdur. Halbuki Ş.A.Muradlı həmin idarə tərəfindən işin araşdırılması üçün həmin quruma gəlməyi barədə əvvəlcədən məlumatlandırılmışdır. İşin araşdırılması üçün Ş.A.Muradlı özü polis idarəsinə yaxınlaşsa da, iş araşdırılmamış, şikayətə baxılmamış və yalnız inzibati tənbeh vermə haqqında qərar ona təqdim edilmişdir. Bu hal qanunvericliyin tələblərinin birbaşa pozulmasıdır. Ş.A.Muradlı inzibati tənbeh verilmə haqqında qərarı rəsmi qaydada 20 fevral 2021-ci il tarixində aldığına görə şikayət verilmə müddəti ötürlməmişdir. Aparılmış inzibati xəta haqqında iş üzrə Ş.A.Muradlının təqsiri sübuta yetməmişdir və o, təqsirsiz hesab edilir. Eyni zamanda inzibati xətanın törədilməsində təqsirli hesab edilmədiyi və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmədiyi üçün Ş.A.Muradlı inzibati məsuliyyətə cəlb oluna bilməz. Qanunvericiliyin tələbinə əsasən Ş.A.Muradlı öz təqsirsizliyini sübut etməyə borclu da deyildir. Sonda Ş.A.Muradlının nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Suraxanı rayon X10 Şöbəsinin polis polkovnik leytenantı X4 tərəfindən qəbul edilmiş 08 fevral 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin nümayəndəsini və vəkilini dinləyərək, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İşin faktiki hallarından isə müəyyən edilir ki, Bakı şəhəri Suraxanı rayon X10 Şöbəsinin polis polkovnik leytenantı X2 inzibati xəta haqqında iş üzrə 08 fevral 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarı Ş.A.Muradlının iştirakı olmadan qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəməyə gəlməyən qərarından şikayət verilmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ş.A.Muradlıya, inzibati xəta haqqında işə baxılmasının yeri və müddəti barədə rəsmi qaydada məlumat verilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.5.1-57.5.21-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan, bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda, ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Lakin iş materiallarında olan inzibati xəta haqqında protokolun surətindən isə görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ş.A.Muradlıya hüquq və vəzifələri izah edilməmiş, həmin protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs tərəfindən imzalanmamış və həmin şəxsin protokolu imzalamaqdan imtina etməsi barədə müvafiq qeyd aparılmamışdır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, həm Ş.A.Muradlının barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuş, həm də inzibati xəta haqqında iş üzrə 08 fevral 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Bakı şəhəri Suraxanı rayon X10 Şöbəsinin polis polkovnik leytenantı X4 tərəfindən qəbul edilmiş 08 fevral 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X9 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı rayon X10 Şöbəsinin polis polkovnik leytenantı X4 tərəfindən qəbul edilmiş 08 fevral 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X9 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-389/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-389/2021
12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver