Məhkəmə qərarları › İş №3(010)-3906/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-3906/2025

10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-3906/2025 10.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən Azərbaycan Respublikası İXM-nin 511.1.3 və 333.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 10 oktyabr 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol 27 aprel 2025-ci il tarixdə Suraxanı RPİ-nin DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis baş serjantı X1 tərəfindən tərtib edilmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yəni, Şəxs barəsində material məhkəməyə 10 oktyabr 2025-ci il tarixdə daxil olsa da Şəxs məhkəmədə iştirakı təmin olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İXM-nin 43-cü maddəsinə əsasən İXM-nin 511-ci maddəsi ilə olan inzibati xəta haqqında işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-nin 511.1.3-cü maddəsinin sanksiyasında həbs nəzərdə tutulduğuna görə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan inzibati xəta haqqında materiala baxılması mümkün deyildir. Bundan başqa inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Bundan başqa İXM-nin 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. İXM-nin 102.6-cı maddəsinə əsasən inzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Hazırki iş üzrə müəyyən edilir ki, inzibati xəta xx.xx.2025-ci il tarixdə törədilmiş, xx.xx.2025-ci il tarixdə Suraxanı RPİ-nin DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis baş serjantı X1 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol 5 aydan çox müddət keçdikdən sonra 09 oktyabr 2025-ci il tarixli məktubla məhkəməyə göndərilmiş və xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Həmçinin İXM-nin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Göründüyü kimi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-nin tələblərinə uyğun tərtib olunmaması, protokolun vaxtında məhkəməyə göndərilməməsi, barəsində protokol tərtib olunmuş şəxsin məhkəməyə təqdim olunmaması, sanksiyasında inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxıldığına görə, İXM-nin 511.1.3-cü maddəsinin sanksiyasında həbs nəzərdə tutulduğuna görə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan inzibati xəta haqqında materiala baxılması mümkün olmamışdır. Bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 511.1.3 və 333.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun inzibati orqana geri qaytarılması qənaətinə gəlmişdir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İş materialında yalnız İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol mövcuddur. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol materialı göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Qanununun: 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. 13.4-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. İnzibati Xətalar Məcəlləsində hakim tərəfindən işə baxılmasının nəticəsi olaraq xüsusi qərarın çıxarılması nəzərdə tutulmadığından Cinayət Prosessual Məcəlləsinin aidiyyəti normasına istinad edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.5-ci maddəsinə əsasən məhkəmə, məhkəmə baxışı nəticəsində xüsusi qərar çıxara bilər. CPM-nin 355.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair aşağıdakılar müəyyən edildikdə məhkəmə xüsusi qərar çıxara bilər: 355.1.1. fiziki şəxslərin cinayət məsuliyyətinə səbəb olmayan hərəkət və ya hərəkətsizliyinin, dövlət orqanlarının vəzifəli şəxslərinin fəaliyyətindəki çatışmazlıqların və ya səhvlərin cinayətin törədilməsinə səbəb olduğunu və şərait yaradıldığını; 355.1.2. məhkəməyədək icraat üzrə bu Məcəllənin tələblərinin pozulmasına yol verildiyini. CPM-nin 355.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən çıxarılmış xüsusi qərar dövlət orqanlarının vəzifəli şəxsləri barəsində—tabeçilik qaydasında müvafiq yuxarı dövlət orqanının rəhbərinə göndərilir. CPM-nin 355.4-cü maddəsinə əsasən xüsusi qərarın ünvanlandığı vəzifəli şəxslər həmin qərarın onlara daxil olduğu vaxtdan 30 (otuz) gündən gec olmayan müddətdə aşağıdakı hərəkətləri yerinə yetirməlidir: 355.4.1. fəaliyyətində pozuntulara, çatışmazlıqlara və ya səhvlərə yol vermiş şəxslərin məsuliyyəti barədə məsələni Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll etmək; 355.4.2. görülmüş tədbirlər barədə məhkəməyə məlumat vermək. Odur ki, hazırki material inzibati xəta haqqında protokol səlahiyyətli orqana geri qaytarılmalı, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Suraxanı RPİ-nin DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis baş serjantı X1 barəsində yol verdiyi qanun pozuntuları ilə əlaqədar xüsusi qərar qəbul edilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109-114 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında 28 aprel 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qaytarılsın. Suraxanı RPİ-nin DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis baş serjantı X1 barəsində yol verdiyi qanun pozuntuları ilə əlaqədar xüsusi qərar qəbul edilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar