Məhkəmə qərarları › İş №3(010)-3926/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3926/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3926/2024 27.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X6 qızının katibliyi, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin sahə inspektoru, polis mayoru X2, zərərçəkmiş Babaşov Pənah Ziyəddin oğlunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Goranboy rayonunun Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Goranboy rayonu, Qaradağlı ərazi dairəsi, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərar və onun əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Suraxanı rayonu, Qum adasında Babaşov Pənah Ziyəddin oğlunu döyərək xəsarət yetirmişdir. İnzibati protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin sahə inspektoru, polis mayoru X5 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş Babaşov Pənah Ziyəddin oğlu məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmışdır, ona qarşı şikayəti yoxdur. Göstərilənlərə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verib, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmadığını nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, vətəndaş Babaşov Pənah Ziyəddin oğlunun DİN-in 102 «Xidməti- Zəng» mərkəzi sisteminə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi; hadisəni törətmiş Şəxs AR İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış rədd materialının qəbul edilmiş qərarın surəti ilə birlikdə icra edilməsindən ötrü inzibati ərazidə xidmət aparan sahə inspektoruna həvalə olunması qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 529 nömrəli rəyində göstərilmişdir ki, Babaşov Pənah Ziyəddin oğlunda boyunun arxa səthinin qançırı və sol saidin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Xarakterinə və lokaliziyasına görə həmin xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inandırıcı deyildir; Babaşov X1 RPİ-nin 30-cu PB-nə vermiş olduğu ərizə və izahatda bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə qonşuluqda yaşayan Zaur adlı şəxs ona zəng vuraraq onunla görüşməyi təklif etmiş, lakin o getməmişdir. Təqribən bir saat sonra yaşadığı evin qarşısında əyləşərkən Zaur idarə etdiyi avtomobili saxlayaraq ona hədə qorxu gəlmiş və onu təhqir etmişdir. Zaurun hərəkətləri barədə anasına məlumat vermək üçün gedən zaman Zaur avtomobili onun arxasınca sürərək qapılarının yaxınlığında onunla mübahisə edərək onun bədəninin müxtəlif nahiyələrindən vuraraq xəsarət yetirmişdir; Şəxs Suraxanı RPİ-nin 30-cu PB-nə vermiş olduğu izahatda bildirmişdir ki, Babaşov Pənah Ziyəddin oğlunun barəsində vermiş olduğu şikayətlə tanış olmuş, Pənah Babaşov daha öncə qonşulardan pul yığaraq küçəyə konalizasiya xəttinin çəkilməsini təşkil etmişdir. Qonşularla razılığa gəlinmişdir ki, konalizasiya sisteminə yeni qoşulan şəxslərdən alınan pulla küçənin yolunun çəkilməsini təşkil edəcəklər. Pəhan yeni qoşulan şəxslərdən ümumilikdə 5000 manata qədər pul alaraq mənimsəmişdir. Qonşularla birlikdə Pənahdan aldığı pulları geri tələb edərək yolun bərpa edilməsini istəmişlər. Bu zaman Pənahla aralarında yaranmış mübahisə zamanı Pənah onun ünvanına nalayiq ifadə işlədərək təhqir etmişdir. Mübahisə zamanı Pənah onun avtomobilindən vuraraq onu təhqir etmişdir. Daha sonra Pənah onların yaşadığı evə doğru onun anasına məlumat vermək üçün gedərkən Pənahla yaşadığı evin qarşsında yenidən aralarında mübahisə yaranmış, mübahisə zamanı qonşular çıxaraq Pənahı və onu ayırmış, Pənahadan niyə onu və anasını təhqir etməsini soruşmuşlar. Pənah onun üz nahiyəsindən vuran zaman əli ilə Pənahın çiyin nahiyəsindən vuraraq onu özündən uzaqlaşdırmışdır; xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs Suraxanı rayonu, Qum adasında Babaşov Pənah Ziyəddin oğlunu döyməklə bədən xəsarəti yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir; zərərçəkmiş şəxs Babaşov Pənah Ziyəddin oğlu tərəfindən məhkəmə iclasında verilmiş ərizədən görünür ki, Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti yoxdur və onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs tərəfindən məhkəmə iclasında verilmiş ərizədən görünür ki, Babaşov Pənah Ziyəddin oğlu ilə barışmışdır və barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.1.9-cu maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Babaşov Pənah Ziyəddin oğlunun döyülməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş ekspertiza rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar