Məhkəmə qərarları › İş №3(010)-397/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-397/2021

09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-397/2021 09.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxxx 1981-ci il tarixdə Xanlar (Göygöl) rayonunun Üçtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 4 nömrəli evdə qeydiyyatda olan, barəsində Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 09 radələrində “Mercedes Benz E240” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində idarə edərkən sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduğundan, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin yol patrul xidməti inspektoru tərəfindən saxlanılaraq sərxoşluq vəziyyəti alkotesterlə yoxlanılmışdır. Şəxs xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadığından tibbi müayinəyə aparılmış, lakin həmin gün saat 09:25-də Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xətanın törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq etməyərək və inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, idarə etdiyi **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx xxxxxx 2021-ci il tarixdə səhər işə gedərkən təxminən saat 8-9 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi “BakuBus” dairəsi yaxınlığında yol patrul xidməti əmkdaşları ona “saxla” əmir vermişlər. O, idarə etdiyi nəqliyyat vasitəsini saxladıqdan sonra yol patrul xidməti əmkdaşları ondan alkotesterə üfürməyini tələb etmişlər. Bundan bir gün əvvəl, yəni xx xxxxxx 2021-ci il tarixində, təxminən axşam saat 20:00 radələrində spirtli içki qəbul etmişdir. Alkotestrə üfürdükdən sonra yol patrul xidməti əmkdaşı ondan uzaqlaşmış, sonradan yaxınlaşaraq nəticənin 2.4 promill olduğunu bildirmişdir. O, həmin vaxtı yol patrul xidməti avtomobilində əyləşmişdir. Bu nəticənin düzgünlüyünə inanmayaraq yenidən testdən keçməyi istəmişdir. Təkrar alkotestrin nəticəsi 1.484 göstərdiyindən o, xüsusi texniki vasitənin düzgün işləmədiyini əsas gətirərək həkim müayinəsindən keçməyi, yəni qandan analiz verməyi tələb etdim (İXM-nin 96.2 maddəsi - Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır). Döş nişanı 0375 olan, özünü Elçin kimi təqdim edən şəxs ümumiyyətlə qandan analiz götürülmədiyini bildirdi. O, israr etdikdən sonra metronun Nizami stansiyasının yaxınlığında yerləşən müayinə məntəqəsinə getmişlər. Bu zaman, İnzibati Xətalar Məcəlləsinin 96.3 maddəsinin tələbi kobud şəkildə pozulmuşdur (Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir). O cümlədən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx xxx 2017-ci il tarixli, Q25-001-17 nömrəli Qərarı ilə təsdiq edilmiş Yol Patrul Xidməti haqqında Təlimatın 5.11-ci bəndinin tələbi pozulmuşdur (Şəxs alkotester və ya narkotesterlə aparılan müayinənin nəticəsi ilə razılaşmadıqda hal şahidlərinin iştirakı ilə “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə protokol” tərtib olunur (Təlimata 14 nömrəli əlavə) və o, tibbi müayinə olunması üçün dövlət tibb müəssisəsinə göndərilir). Yəni, ümumiyyətlə bu protokol tərtib olunmadı. Həmçinin, İXM-nin 69.2-ci maddəsinin tələbi inspektor tərəfindən pozuldu (sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir). İnspektordan hal şahidlərinin iştirakını tələb etsə də, buna əhəmiyyət verilməmişdir. Müayinə məntəqəsində o, həkimdən qan analizinin götürülməsini istədikdə, həkim ona qandan analiz götürə bilmədiklərini bildirdi. Bu zaman daha bir qanun pozuntusuna yol verildi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 3.5-ci bəndi (müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir) yol patril xidməti əməkdaşı və həkim tərəfindən pozulmuşdur. O, aktın nüsxəsini tələb etsə də, aktın surətinin ona sonra veriləcəyi bildirilmişdir. Sonradan ona məlum oldu ki, guya tibbi müayinədən boyun qaçırmış və bu aktda qeyd edilmişdir. Halbuki tibbi müayinədən keçməyi o, tələb etmiş və qandan analiz götürülməsini istəmişdir. Tibbi müayinədən keçmək tələbini o, yol patril xidməti avtomobilində etmişdir. Yol Patrul Xidməti haqqında Təlimatın 4.7-ci bəndinə uyğun, tələbi yol patril xidməti avtomobilində baş verib (Yol patril xidməti inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə yol patril xidməti inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır). Sonradan onlar hadisə yerinə qayıtmışlar, avtomobilinin müvəqqəti duracağa aparılması zərurəti yaranmışdır. Bu zaman o, avtomobilini idarə edən digər yol patril xidməti əməkdaşından, İXM-nin 124.4-cü maddəsinin tələbinə uyğun olaraq barəsində tətbiq edilmiş protokolun kağız daşıyıcıda surətini istəmişdir. Belə ki, İXM-nin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir). Yol hərəkəti haqqında Qanunun 84-cü maddəsinin 6-2-ci maddəsinin tələbinə əsasən (inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surətini yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə vermək) inzibati xəta haqqında protokolun surətini ona vermək inspektorun vəzifəsidir. Avtomobilini idarə edən yol patril xidməti əməkdaşı isə Elçin adlı şəxsin duracağa gələrək protokolun surətini ona verəcəyini bildirmişdir. Sonradan isə adını bilmədiyi həmin yol patrul xidməti əməkdaşı ona Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsində 20-ci otağa yaxınlaşmağını deyib avtomobilini duracağa yerləşdirib çıxıb getmişdir. Bu zaman daha bir pozuntuya yol verilmişdir. Belə ki, “Yol-patrul xidməti haqqında Təlimafın 8.12-ci bəndinin tələbi pozulmuşdur (Qanunla müəyyən olunmuş hallarda yol hərəkətindən kənarlaşdırılaraq DYP-nin mühafizə olunan duracağına gətirilmiş nəqliyyat vasitəsinin saxlanılması biri protokola əlavə edilən, digəri isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilən iki nüsxədə olan ‘‘Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə akt”la rəsmiləşdirilir). Bundan sonra o, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsində 20-ci otağa yaxınlaşıb barəsində niyə protokolun tərtib olunmadığını, surətinin ona verilmədiyini bildirdikdə polis mayoru Cəlilov Xeyrulla ona “protokolun tərtib olunduğunu, lazımdırsa, gözlə həmin əməkdaş bura gələndən sonra sənə verər” deyə cavab vermişdir. Bunun qanun pozuntuzu olduğunu (İXM-nin 96.3-cü, 124.4-cü maddələri və Yol Hərəkəti haqqında Qanunun 84-cü maddəsinin 6-2-ci bəndi) bildirsə də, Cəlilov Xeyrulla buna laqeyd yanaşmış, sürücülük vəsiqəsini özündə saxlamışdır. Avtomobilini idarə edə bilməsi üçün sənəd istədikdə isə “heç bir sənəd verməyəcəyin” bildirmişdir. Bununla İXM-nin 94.2ci maddəsinin tələbini (sürücü tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan xətalar törədildikdə, inzibati xəta haqqında iş üzrə qərar çıxarılanadək sürücülük vəsiqəsi götürülür və həmin şəxslərə nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənəd verilir) pozmuşdur. Həmin şəxsdən adını və soyadını soruşduqda isə “bayırda qapının üstündə var, çıx ordan oxuyarsan” cavabını vermişdir. Bununla özünün “etik davranışını” da göstərmiş olmuşdur. Bundan sonra o, oranı tərk edərək, avtomobilini duracaqdan götürmüşdür. Sonda Şəxs qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldakı qeydlərdən görünür ki, xx xxxxxx 2021-ci il tarixdə Şəxs sərxoşluq vəziyyəti xüsusi texniki vasitə ilə yoxlanılmış, daha sonra sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış, lakin həmin gün saat 09:25-də Şəxs tibbi müayinədən imtina etmişdir. Həmçinin Şəxs hüquq və vəzifələri izah edillmiş, sonuncu barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla tanış olmaqdan və həmin protokolu imza etməkdən imtina etmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli, 2/2673 saylı sərxoşuluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 09:25-də tibbi müayinədən imtina etmişdir. Beləliklə inzibati xəta haqında işə məhkəmədə baxıldığı zaman müəyyən olunmuşdur ki, xx xxxxxx 2021-ci il tarixdə, saat 09 radələrində Şəxs sərxoşluq vəziyyəti alkotesterlə yoxlanılmış, Şəxs xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadığından həmin tarixdə tibbi müayinəyə aparılmış, lakin Şəxs sərxoş vəziyyətdə olub-olmamasının yalnız qanından analiz götürülməsi ilə həyata keşirilməsini əsas gətirərək, həmin gün saat 09:25də tibbi müayinədən imtina etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında vediyi ifadəsində göstədrdiyi dəlillər onun, tibbi müayinədən imtina etməsinə, hazırki halda isə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə əsas hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilsin. AE seriyalı, 123687 nömrəli sürcülük vəsiqəsi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar