Məhkəmə qərarları › İş №3(010)-4012/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4012/2024

31.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4012/2024 31.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, “Port Baku Bazar”da aşpaz işləyən, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, narkotik vasitə qəbul etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsindən daxil olmuş 31 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərarından, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5958 №-li ekspert rəyindən görünür ki, Şəxs Kannabinoidlərdən və psixostimulyatorlardan istifadə etmə halı olub. Lakin hal-hazırda Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin sahə inspektoru, polis kapitanı X2 bildirdi ki, Şəxs özünü şübhəli apardığına görə bölməyə dəvət olunmuş və profilaktik söhbət aparılmışdır. Bundan əlavə, şəxsin narkotik vasitədən istifadə edib-etməməsini aydınlaşdırmaq məqsədilə ekspertiza da keçirilmiş və nəticə müsbət olmuşdur. Bu məqsədlə tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, səhv etdiyini və əməlindən peşman olduğunu bildirərək, qeyd etdi ki, narkotik vasitənin qəbulu zamanı içkili olmuş və içkinin təsiri nətiəcəsində belə bir hərəkət etmişdir. Hal-hazırda ailə qurmağa çalışır və həbs olunacağı təqdirdə işini də itirəcəkdir. Buna görə də bir daha belə bir əməl etməyəcəyinə söz verərək, yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünün etirafı ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini səmimi etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutulma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada tutulduğu üçün tətbiq edilən inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilmədiyi üçün o, 300 manat miqdarında ((400/4)x3=300) cərimə edilməli və dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128 – 133-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar