Məhkəmə qərarları › İş №3(010)-4013/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4013/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4013/2024 30.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Qəbələ rayonu, Mamaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, fərdi sahibkar, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tərəvəz Südçülük sovxozunda qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə olan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi Şəxs barəsində İXM-in 428.7.1-ci maddəsi ilə 20 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli AB massivi ünvanında 20 avqust 2024-cü il tarixdə, saat 10:55-də “Şam İşığı” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Buna görə də Şəxs barəsində 20 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzibati xətanın törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, o, “Şam İşığı” adlı obyekti yeni işlətməyə başlamışdır. Obyekti icarəyə götürən zaman qeyd olunan reklam obyektin üzərində olmuşdur. Reklam agentliyi tərəfindən təqdim olunmuş yazılı göstərişi hansısa işçi imza edərək qəbul etmiş, lakin ona verməmişdir. Reklam agentliyi tərəfindən onlara reklam ilə bağlı müqavilə bağlamalı olduqları izah olunmamışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib olunduqdan sonra ona müqavilə bağlamağın zəruri olduğu izah olunduğu üçün ilkin olaraq 2 aylıq ödəniş olunmuş, qalan ödəniş qısa müddət ərzində ödənilərək reklam idarəsi ilə müqavilə bağlanılacaqdır. Obyekti işlətmə ilə bağlı icarə müqaviləsi vardır. Fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur və onun adına fəaliyyətdə olan VÖEN mövcuddur. Maddi imkanı və ailə vəziyyəti elə də yaxşı olmadığından hazırda reklamla bağlı müqavilə bağlamaq və ödəniş etmək iqtidarında deyildir. Sonda Şəxs qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X2 bildirdi ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam idarəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi ünvanında yerləşən Şəxs məxsus “Şam işığı” adlı obyektin üzərində "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirildiyi aşkar edilmiş və bu barədə xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması Şəxs tələb olunmuşdur. İcrası məcburi olan yazılı göstərişi aldığı vaxtdan 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı Şəhəri Reklam İdarəsinə müraciət etməyi və ya icazəsiz reklam yayımını dayandırması tələb olunmuşdur. Əks təqdirdə, müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün pozuntuların aradan qaldırılması ilə bağlı müəyyən edilmiş müddətin başa çatdığı tarixdən 1 iş günü ərzində barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah olunmuşdur. Şəxs Bakı Şəhəri Reklam İdarəsinə ərizə ilə müraciət etsə də sonradan heç bir ödəniş etməmiş və qanun pozuntusunu aradan qaldırmamışdır. Buna görə də vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsi və Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsinin nümayəndəsini dinləyərək, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, vəzifəli şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXMin 428.7.1-ci maddəsinin tərkibi aşkar edildiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Belə ki, iş materiallarında olan 06 avqust 2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli AB massivi ünvanında yerləşən “Şam İşığı” adlı obyektdə Şəxs tərəfindən müvafiq haqq vaxtında ödənilmədən reklam qurğusunun üzərində reklam daşıyıcısı yerləşdirilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol kənarında, Şəxs tərəfindən obyektin üzərində “Restoran” sözlərindən ibarət reklam daşıyıcıları yerləşdirilmişdir. 08 avqust 2024-cü il tarixdə Şəxs reklam yayım haqqını vaxtında ödəmədiyi üçün Bakı şəhəri Reklam İdarəsi tərəfindən ona göstəriş məzmunlu xəbərdarlıq göndərilmiş və həmin xəbərdarlıq 08 avqust 2024-cü il tarixdə Şəxs tərəfindən imzalanaraq götürülmüşdür. İş materiallarında olan dövlət rüsumunun ödənişi haqqında qəbzdən görünür ki, Şəxs 131.28 (yüz otuz bir manat 28 qəpik) dövlət rüsumu ödəniş etmişdir. İş materiallarında olan yayım haqqında ödəniş üçün fakturadan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödəyəcəyi məbləğ cəmi 1114.85 (min yüz on dörd) manat təşkil edir. İş materiallarında olan Şəxs 04 sentyabr 2023-cü il tarixli açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə ərizəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi ünvanında yerləşən Şəxs məxsus “Şam işığı” adlı obyektdə 01 iyul 2023-cü il tarixdən 12 ay müddətinə reklam yerləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Eyni zamanda, icazənin verilməsinə görə qanunvericiliklə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumunun, həmçinin reklam yayımına görə haqqın (ƏDV ilə birlikdə) ödənilməsinə zəmanət vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumata görə ********** nömrəli VÖEN Şəxs məxsusdur və hazırda aktivdir. İş materiallarında olan müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsinin 08 avqust 2024-cü il tarixli göstərişindən görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi ünvanında yerləşən Şəxs məxsus “Şam işığı” adlı obyektin üzərində "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirildiyi aşkar edilmiş və bu barədə xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası"nın 3-cü bəndini rəhbər tutaraq xx.xx.2024-cü il tarixli aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması Şəxs tələb olunmuşdur. İcrası məcburi olan göstərişi aldığı vaxtdan 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı Şəhəri Reklam İdarəsinə müraciət etməyi və ya icazəsiz reklam yayımını dayandırması tələb olunmuşdur. Əks təqdirdə, müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün pozuntuların aradan qaldırılması ilə bağlı müəyyən edilmiş müddətin başa çatdığı tarixdən 1 iş günü ərzində barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəkdir. İnzibati xəta haqqında protokolun tərtibində iştirak etmək, izahatlar vermək, sübutlar təqdim etmək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş digər hüquqları izah olunmuşdur. Bu hüquqlardan istifadə etməyi üçün obyektin yerləşdiyi ünvanda olmağı xahiş olunmuşdur. Şəxs nəzərinə çatdırılmışdır ki, müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranmasına səbəb olur və müvafiq xətanın törədilməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğində inzibati cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 1.3-cü bəndinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 2.1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır; 3.1-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür; Həmin Qaydaların 3.5-ci maddəsinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan və ya müvafiq haqqı vaxtında ödənilmədən reklam yayımı hallarını müəyyən etdikdə, reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və həmin Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etməli (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görməlidir. Qaydanın 3.7-ci bəndinə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verməlidir. 3.6-cı bəndinə əsasən açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir; 3.7-ci bəndinə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, İXM-ə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli AB massivi ünvanında 20 avqust 2024-cü il tarixdə, saat 10:55-də “Şam İşığı” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Buna görə də Şəxs barəsində 20 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 428.7-ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər dedikdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər başa düşülür. Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Reklam haqqında Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxxxxx 1982-ci ildə Qəbələ rayonu, Mamaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, fərdi sahibkar, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tərəvəz Südçülük sovxozunda qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar