Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4038/2024 25.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 iştirakı ilə, 17 sentyabr 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 4YMM1JK, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X2 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər X11 İdarəsinin inspektoru, polis mayoru X5 tərəfindən qəbul edilmiş 31 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 03 sentyabr 2024-cü il tarixdə X2 Bakı şəhər X11 İdarəsinin polis mayoru X5 tərəfindən qəbul edilmiş 31 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti və işə yaşadığı yer üzrə baxılması barədə vəsatəti Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 21 avqust 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhər X11 İdarəsinin polis mayoru X5 tərəfindən qəbul edilmiş 31 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 150 manat məbləğində inzibati cərimə olunmuşdur. İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İş materiallarından göründüyü kimi X2 yaşayış yeri ünvan 3 ünvanıdır. Bununla da müəyyən olunur ki, X4 tərəfindən şikayət aidiyyəti üzrə düzgün məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış, şikayət vermiş X4 izahatında göstərdi ki, 31 avqust 2024-cü il tarixdə Bakı şəhər X11 İdarəsinin inspektoru, polis mayoru X3 qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 150 manat məbləğində inzibati cərimə olunmuşdur. Etibar Məmmədov bildirmişdir ki, “Cavanşir” körpüsünün təmiri ilə əlaqədar olaraq Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsində uzun müdətdir ki, iki tərəfli hərəkət yolu bir istiqamətli idi, “Port Baku” ticarət mərkəzinin qarşısındakı yolun 05 avqust 2024-cü il tarixdə açılışı olmuş və həmin yol 06 avqust 2024-cü il tarixdən istifadəyə verilmişdir. Lakin həmin yol istifadəyə verilsə də, K.Səfərəliyeva küçəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin qarşısından üzü “X12” istiqamətinə olan yolda nişanlanma tablosu dəyişdirilməmişdir. 06 avqust 2024-cü il tarixdə “Port Baku” ticarət mərkəzi işıqforunda dayanan yol polisi əməkdaşı ona bu gündən təmirin başa çatdığını və sözü gedən yolun bərpa olduğunu bildirmiş, bir daha bu yolda əks istiqamətə getməməli olduğunu söyləmiş, lakin cərimə və ya hər hansı bir cəza tədbiri görməyərək müəyyən müddət sürücülərə möhlət verildiyini və nişanlama tablosunun yerinin dəyişdiriləcəyi və hərəkət bərpa olunana qədər heç bir cərimə edilməyəcəyini bildirmişdir. 06 avqust 2024-cü il tarixində yoldakı yol nişanı bərpa edilməmişdir. Yol bir istiqamətli nişanın təsiri altında olmuşdur. Daha sonra Etibar Məmmədov bildirmişdir ki, Bakı şəhər X11 İdarəsinə 21 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla bağlı müraciət etmiş, 31 avqust 2024-cü ildə İdarəyə çağırılmış və görüntülər ona təqdim edilmişdir. X1 Bakı şəhər X11 İdarəsinin inspektoru, polis mayoru X5 tərəfindən qəbul edilmiş 31 avqust 2024-cü il tarixli, TP seriyalı, 6719181nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Bakı şəhər X11 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, Bakı şəhər X11 İdarəsi səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişdir. Məhkəmə, Bakı şəhər X11 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət rədd edilməli və inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən Bakı şəhər X11 İdarəsinə Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin qarşısından üzü X12 istiqamətinə olan yolun hansı tarixdə təmirə bağlanması, hansı tarixdə yolun açılması və həmin yolda təmir işlərinin görülməsi zamanı yolda nəqliyyat vasitələrinin hərəkətinin hansı qaydada tənzimlənməsi və hər hansı yol nişanının olub-olmaması ilə bağlı ətraflı məlumat verilməsi barədə 11 sentyabr 2024-cü il tarixli, 3(010)-4038/2024 saylı məktub ünvanlanmışdır. Bakı şəhər X11 İdarəsi tərəfindən 20 sentyabr 2024-cü il tarixdə X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış materiallar məhkəməyə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması barədə qərar”-dan görünür ki, 07 avqust 2024-cü il tarixdə Bakı şəhər X11 İdarəsinin İXHİÜİŞ-in baş inspektoru, polis mayoru Elçin Qasımov tərəfindən “Renault” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin “X8” Azərbyacan Respublikasının Qanunun tələblərinin pozması faktı aşkar edildiyindən “İnzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılması barədə qərar” qəbul edilmişdir. İş materiallarında olan 07 avqust 2024-cü il tarixli raportdan görünür ki, Bakı şəhər X11 İdarəsi YPXA-nın inspektoru, polis baş serjantı Vüqar Abbasov 06 avqust 2024-ci il tarixdə saat 13:43 radəsində Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsində piyada xidmət apararkən “Renault” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə birtərəfli hərəkət yoluna çıxaraq nəqıiyyat axınının əksinə hərəkət etdiyini müəyyən etmişdir. Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir. İş materiallarında olan fotoşəkillərdən də görünür ki, həmin yolda hər iki hərəkət istiqamətini ayıran qoşa xətt çəkilmiş, hər iki hərəkət istiqamətində iki zolaq mövcuddur. Həmçinin fotoşəkildən aşkar surətdə görünür ki, yolda nəqliyyat vasitələrinin sıxlığı mövcud deyildir və Etibar Məmmədovun idarə etdiyi **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil əks istiqamətli hərəkət zolağında hərəkət edir. İş materiallarında olan Bakı şəhər X11 İdarəsinin İXHİÜİŞ-in baş inspektoru, polis mayoru Elçin Qasımov tərəfindən verilmiş arayışdan görünür ki, Bakı şəhər BPİ-nin DYPİnin Yol hərəkətinə nəzarət şöbəsinin operatoru, polis serjantı Aslan Dadaşovun tərtib etdiyi raport araşdırılarkən «Renault» markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 xidməti otaqların birində video görüntü ilə tanış olmuş, qayda pozuntusunun onun tərəfindən törədildiyini etiraf etsə də heç bir səbəb göstərmədən protokola imza atmaqdan imtina etmişdir. İnzibati xəta haqqında işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən sürücünün iştirakı olmadan baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” Siyahısının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.8, 323, 326-1, 327.1 – 327.5, 329 – 331, 332.1 – 332.3, 338.1 – 338.6, 339.1 (fiziki şəxslər barədə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adından X11nin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş X11 İdarəsinin, X11 idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının X11 şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları baxır. İnzibati xəta haqqında işin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qanun əsasında və səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmiş, X2 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə X4 qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirkardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. X8 Azərbaycan Respublikası Qanunun 61-ci maddəsinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). Qanunun 69-cu maddəsinə əsasən yolun nişanlanması (5 saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Həmin maddəyə əsasən yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Ondan müstəqil şəkildə ayrıca və ya tələblərini dəqiqləşdirdiyi və yaxud tamamladığı yol nişanları ilə birgə istifadə edilir. Üfüqi nişanlanma xətlərinə həmçinin aşağıdakılar aid edilir: 1) 1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; 2) 1.3 — dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır; Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhər X11 İdarəsinin baş inspektoru, polis mayoru X5 tərəfindən qəbul edilmiş 31 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, işdə olan sübutlarla və məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən olunur, X4 06 avqust 2024-ci il tarixdə, saat 13:43 radəsində Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi ərazisində “X10” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınının əks istiqamətində hərəkət etmişdir. Yol hərəkət qaydalarını pozduğuna görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. X2 əməli Bakı şəhər X11 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş fotogörüntülər ilə təsdiq olunur. İnzibati xəta haqqında işə Azərbaycan Respublikası İXMnin tələblərinə riayət olunmaqla baxılaraq, Bakı şəhər X11 İdarəsinin baş inspektoru polis mayoru X3 qəbul etdiyi 31 avqust 2024-cü il tarixli qərarla X4 qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhər X11 İdarəsinin baş inspektoru, polis mayoru X5 tərəfindən qəbul edilmiş 31 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilmədiyinə görə X2 şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52, 110, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhər X11 İdarəsinin baş inspektoru, polis mayoru X5 tərəfindən qəbul edilmiş 31 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-4038/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4038/2024
25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver