Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-404/2022 15.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsi Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.4-cü maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilibedilmədiyini, habelə işin icraatını rədd edən halların mövcud olub-olmadığını araşdırmalıdır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul olunur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda onun tərtib edildiyi tarix və yer göstərilir. İşin faktik hallarından görünür ki, inzibati xəta haqqında protokolda göstərilən hadisə 25 dekabr 2021-ci ildə baş vermiş, Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X1 13 yanvar 2022-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilərək, onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin Suraxanı Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, Şəxs barəsində olan inzibati xəta haqqında İXP seriyalı ******* nömrəli protokol hər bir halda yuxarıda göstərilən qərarın qəbul edildiyi 25 dekabr 2021-ci il tarixindən sonrakı dövrdə tərtib olunub. Lakin inzibati xəta haqqında protokolda onun tərtib edildiyi tarix göstərilməyib. Bununla yanaşı, Azərbaycan Respublikası İXM-nin 100.1.4 və 100.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında protokolda «inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti», «inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi» göstərilməlidir. Qeyd olunur ki, təqdim edilmiş inzibati xəta haqqında protokolda İXM-nin inzibati məsuliyyət nəzərdə tutan 327.8-ci maddəsi göstərildiyinə baxmayaraq, inzibati xətanın mahiyyəti təsvir olunmamışdır. Bunlarla yanaşı, Azərbaycan Respublikası İXM-nin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda «barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları» göstərilməli, Eyni Məcəllənin 100.2 və 100.3-cü maddələrinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməli, bu barədə protokolda müvafiq qeyd aparılmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə inzibati xəta haqqında protokolun surəti verilməlidir. Azərbaycan Respublikası İXM-nin 100.4-cü maddəsinə əsasən «Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur». Təqdim olunmuş sənədlərdən görünür ki, inzibati xəta haqqında iş üzrə icraatı aparmış vəzifəli şəxs təhqiqatçının apardığı araşdırmanın nəticələri ilə kifayətlənərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi ümumiyyətlə dəvət etməmiş, izahat verməsini və protokolla tanış olmasını təklif etməmiş, protokolun surətini ona göndərməmiş və təqdim etməmişdir. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Suraxanı Rayon Polis İdarəsinə qaytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-404/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-404/2022
15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver