Məhkəmə qərarları › İş №3(010)-405/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-405/2021

03.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-405/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 X1nun iştirakı ilə xx xxxx 1961-ci ildə Tovuz rayonu, Xatınlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 tərtib etdiyi xx xxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 2(010)-693/2020 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 25.500 manat məbləğ və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq X1na ödənilməlidir. Suraxanı rayon İcra şöbəsinin icra məmuru X5 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, icra sənədi şöbənin icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuş və müvafiq qaydada icraata başlanmışdır. Borclunun qeydiyyatda olduğu ünvana qərar və bildiriş göndərilmişdir. Borclu barəsində aidiyyəti orqanlara sorğular verilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar olunmamışdır. Borclunun Hövsan qəsəbəsində yerləşən faktiki ünvanına baxış keçirilmiş, lakin borclunun yaşayış ünvanında dəyərli əşya aşkar olunmamışdır. Borclu dəfələrlə icra şöbəsinə dəvət olunmasına baxmayaraq gəlmədiyindən xx.xx.2020-ci il tarixdə barəsində məcburi gətirmə barədə qərar qəbul olunaraq icra olunması üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilmişdir. Borclu tərəfindən sözügedən icra sənədindən apelyasiya şikayəti verilmiş, lakin Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-5394/2020 saylı qətnaməsinə əsasən Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-693/2020 saylı xx.xx.2020ci il tarixli qətnamə qüvvədə saxlanılmışdır. Şəxs Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)- 5394/2020 saylı qətnaməsindən kassasiya şikayəti vermiş lakin Ali Məhkəmə tərəfindən şikayət təmin edilməmişdir. xx.xx.2021-ci il tarixdə borclu icra şöbəsinə dəvət olunaraq izahatı alınmışdır. Borclu izahatında heç bir yerdə işləmədiyi səbəbindən təyin olunmuş borcu ödəyə bilmədiyini, 2-ci qrup əlil olduğunu qeyd etmişdir. Borcu ancaq hissə-hissə ödəniş edə biləcəyini bildirmişdir. Bununla da, borclu Şəxs borcunu ödəməməklə icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcunu ödəmədiyini işin məhkəmə baxışı zamanı maddi imkansızlığı ilə izah etmişdir. X1 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, borclunun borcunu ödəməsi üçün kifayət qədər imkanı var. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş borcu üzrsüz səbəbdən ödəməmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən onu da nəzərə alır ki, borclu ötən dövrdə heç bir, hətta kiçik məbləğdə belə ödəniş etməyib. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşı və 2-ci qrup əlil olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar