Məhkəmə qərarları › İş №3(010)-4059/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4059/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4059/2025 20.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X5 iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, FİN xxxxxxx, Xəyal Adası MMCdə yaşıllaşdırma üzrə fəhlə işləyən, əlilliyi olmayan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə toplanmış inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinməsinə dair Suraxanı RPİ-nin 30-cu polis şöbəsində toplanmış material 20 oktyabr 2025-ci il tarixdə Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Şəxs ünvan 3 ünvanda qanunsuz olaraq narkotik vasitə əldə edərək istifadə etməsi aşkar edilmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru X3 20 oktyabr 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə barəsində cinayət işinin başlanması Cinayət Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti 30-cu Polis Şöbəsinin müvafiq əməkdaşına həvalə edilmişdir. Buna görə də 20 oktyabr 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X6 izahatında bildirdi ki, ünvan 4 ünvanda qanunsuz olaraq narkotik vasitə əldə edərək istifadə etməsində şübhəli bilinən Hilal və tanışı İlkin şübhəli şəxs qismində 30-cu PŞ-nə gətirilmişlər. Şəxs analiz üçün Respublika Narkoloji Mərkəzinə aparılmış və müayinə zamanı sidiyindən narkotikin müxtəlif növləri aşkar edilmişdir. Toplanmış material üzrə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Təhqiqat zamanı müəyyən edilmişdir ki, hadisəni törədən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nın 206-cı maddəsinin tərkibi yaranmışdır. Odur ki, həmin şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokolu müdafiə etdi və inzibati tənbehin tətbiq olunmasını məhlkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü tam təqsirli bilərək izahatında bildirdi ki, bir ilə yaxındır ki, narkotik vasitənin müxtəlif növlərindən istifadə edir. Onu dostu İlkin ilə binanın qabağında birlikdə narkotik istifadə edib qurtardıqdan sonra polis əməkdaşları saxlamışlar. Sonda Şəxs əməlindən peşman olduğunu, iş yerinin olmasını və ailənin yeganə qazanc gətirən şəxsi olduğunu bildirərək qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 206cı maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Hazırki iş üzrə Şəxs inzibati xətanı törətdiyi yer Suraxanı rayonunun inzibati ərazisidir. İXM-nin 206-cı maddəsində qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi uzanan inzibati xəta kimi qiymətləndirilsə də, onların istehlakı uzanan inzibati xəta kimi qiymətləndirilə bilməz. Hüquq nəzəriyyəsində formalaşmış anlayışa əsasən, davam edən inzibati xəta zaman baxımından ara verməklə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid niyyətlə həyata keçirilməsidir. Odur ki, istehlakla bağlı halda məhz inzibati xətanın törədildiyi yer üzrə baxılmalıdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri kifayət qədər sübuta yetirilir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, X2na, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd:

1. Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi az miqdarda narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir.

2. Bu maddədə “az miqdarda” dedikdə, narkotik vasitələrin və psixotrop maddələrin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, № 1/11188 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə zamanı Şəxs sidiyində AMP (+), MOP (+), MET (+) və THC (+) aşkar olunmuşdur. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 20 oktyabr 2025-ci il tarixli, 6483 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs psixostimulyatorların və opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəsissəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri hissəsində sorğu-sual zamanı Şəxs 1 ildir ki, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə etdiyini, 2-3 ildir ki, narkotik vasitə marixuandan istifadə etdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, ünvan 4 ünvanda qanunsuz olaraq narkotik vasitə əldə edərək istifadə etməsində şübhəli bilinən Şəxs şübhəli qismində 30-cu PŞ-nə gətirilmişdir. Araşdırma zamanı vətəndaş Şəxs izahatında bildirmişdir ki, təqribən 2022-ci ildən, narkotik vasitədən istifadə edir. xx.xx.2025-ci il tarixdə Hövsan qəsəbəsində, nömrəsiz küçəsində hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu yaxınlıqda olan PŞ-nə gətirib təhvil vermişdilər. Araşdırma materialına əlavə edilmiş Respublika Narkoloji Mərkəzin “X1 Narkotik Vasitələrin və X2 Hallarının Müəyyən edilməsi X4 Keçirilməsi Haqqında" xx.xx.2025-ci il tarixli saylı aktından görünür ki, müayinə zamanı Şəxs sidiyindən (TNC+) və (OPİ+) müsbət aşkar edilmişdir. Toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanması xx.xx.2025-ci il tarixdə rədd edilmişdir. Təhqiqat zamanı müəyyən edilmişdir ki, hadisəni törədən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nın 206-cı maddəsinin tərkibi yaranmışdır. Odur ki, həmin şəxs barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surətini inzibati ərazidə xidmət aparan sahə inspektoruna həvalə edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hazırki iş üzrə protokolu tərtib etmiş şəxsin izahatı, Şəxs etirafedici izahatı, xx.xx.2025-ci il tarixli ambulator məcburi narkoloji tibbi yoxlama rəyi, xx.xx.2025-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu, inzibati xəta haqqında protokol və iş materialına əlavə edilmiş digər zəruri sənədlər məhkəmə tərəfindən mötəbər sübutlar qismində qiymətləndirilir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri kifayət qədər sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları və əmlak vəziyyətini nəzərə alır. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs 19 oktyabr 2025-ci il tarixdə, saat 00:30-da inzibati qaydada tutulmuşdur. İş üzrə İXM-nin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmamışdır. İXM-nin 32.1.1-ci maddəsində qeyd olunmuş inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı İXM-nin mövqeyinə və prinsiplərinə görə formal olaraq sözlə ifadə olunmalı hərəkət olmamalı, nəzərə alınmalıdır ki, könüllü gəlib təqsirini boynuna alma hər bir konkret halda səmimi peşmançılıqla birbaşa bağlı olmasa da, şəxsin özünü polis orqanına könüllü təqdim etməsi, törədilmiş xəta ilə bağlı düzgün məlumatlar verməsi müəyyən dərəcədə onun səmimiliyinin göstəricisidir. Şəxsin könüllü gəlib təqsirini boynuna almasının səmimi peşmançılıq, təqsirin etirafı və ya öz davranışının qınanması halları ilə də müşayiət olunması istisna edilmir. Hazırki iş üzrə isə şəxs 3 ilə yaxındır ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. İş üzrə İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunan istisna hallardan heç biri Şəxs aid edilmir. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, X2na, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi məqsədəmüvafiq deyildir. Çünki şəxs narkomaniya xəstəliyindən əziyyət çəkir, müalicəyə ehtiyacı vardır, narkoloji müayinə nəticəsində onda narkotik vasitələrin və psixotrop maddələrin cəmi 4 növü aşkar edilmiş, bu isə onun həm özünün sağlamlığı, həm ailəsinin həyat şəraiti, həmçinin cəmiyyət üçün təhlükə yaratmaq ehtimalının real olmasına əsas verir. Çünki şəxs fəhlə işləməklə qazancını ailəsinə xərcləmək əvəzinə narkotik vasitələr və psixotrop maddələrə xərcləməklə ailəsini maddi və psixoloji cəhətdən çətin vəziyyətdə qoyur. Qanunvericiliyin məqsədi isə şəxsin müəyyən müddət inzibati həbs tənbehini çəkməklə daha sonra narkomaniyadan məcburi müalicə almaqla sağalmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı inzibati qaydada tutulduğu 19 oktyabr 2025-ci il tarixdən, saat 00:30-dan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. İXM-nin 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası İXM-nin 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. Lakin iş materiallarından görünür ki, müayinə zamanı Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəsissəsində dispanser qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30-31, 37, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı inzibati qaydada tutulduğu 19 oktyabr 2025-ci il tarixdən, saat 00:30-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Narkomaniyadan məcburi müalicə təyin edilməsi hissəsində qərar Şəxs təyin edilmiş inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verildiyi vaxtdan icra edilsin. Qərarın icrası barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş Şəxs məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə, məcburi müalicənin icrasına nəzarət edilməsi üçün Bakı şəhər Probasiya İdarəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə həvalə edilsin. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar