Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-409/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Şəxs MMC-nin logistik üzrə menecer X1 iştirakı ilə, Şəxs MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikası İXM-nin 491.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən təqdim edilmiş 13 dekabr 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postundan daxil olmuş 15 noyabr 2024-cü il tarixli 3-33-1100/029/032194 nömrəli raporta əsasən Rusiya Federasiyasından Şəxs MMC-nin ünvanına 07BJ293/07ZA294 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində 30 sentyabr 2024-cü il tarixli 2024-012-01 nömrəli invoysla idaxal edilmiş yük Bakı Baş Gömrük İdarəsində 04 noyabr 2024-cü il tarixili, **********3507 sorğu nömrəli və 01 oktyabr 2024-cü il tarixli 2024-021-03 nömrəli invoysla **********0554 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmişdir. 08 noyabr 2024-cü il tarixdə Şəxs MMC-nin ünvan 1 ünvanında yerləşən anbarında qeyd edilən bəyannamələr üzrə bəyan olunan mallara gömrük yoxlaması keçirilən zaman 07BJ293/07ZA294 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin və malların MMC-yə məxsus anbarda olmadığı aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin logistik üzrə menecer X2 izahatında bildirmişdir ki, MMC-nin əsas fəaliyyət istiqaməti İT sahəsində istifadə olunan avadanlıqların ölkəyə gətirilməsi, satışı və onlara texniki xidmətin göstərilməsindən ibarətdir. MMC olaraq X3 şirkətinin Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə olan müqaviləsinin icrasını təmin etmək üçün Rusiya Federasiyasının Torqovıy Dom Tehnology LLC şirkəti ilə olan 2024-012 saylı 1 iyul 2024-cü il tarixli müqaviləyə əsasən MMC-nin ünvanına 07BJ293/07ZA294 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsində 30 sentyabr 2024-cü il tarixli 2024-012-01 nömrəli invoysla idxal edilmiş, Bakı Baş Gömrük İdarəsində 04 noyabr 2024-cü il tarixli, **********3507 sorğu nömrəli və 01 oktyabr 2024-cü il tarixli 2024-021-03 nömrəli invoysla **********0554 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş “İT sahəsində istifadə olunan komplekləşdirilmiş konsollar və təməllər” yükü onların Koç System şirkəti ilə olan müqavilələrinə əsasən birbaşa Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Naxçıvan şəhərindəki anbarına təhvil verilməli idi. Bu barədə İpək yolu gömrük postunun inspektoru Asif Qəmbərovada məlumat verilmişdir. Əvvəllər də MMC-nin ünvanına gələn yüklər birbaşa Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Naxçıvan şəhərindəki anbarına gedib. 07BJ293/07ZA294 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsində **********3507 və **********0554 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş “İT sahəsində istifadə olunan komplekləşdirilmiş konsollar və təməllər” yükü Bakı Baş Gömrük İdarəsi İpək yolu gömrük postunda gömrük nəzarətindən keçdikdən sonra 07BJ293/07ZA294 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təkəri və mühərrikində nasazlıq yarandı. Bundan sonra yük 07BJ293/07ZA294 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsindən 67CA130/67ZB130 nömrəli maşına yükləndi. 08 noyabr 2024-cü il tarixində 67CA130/67ZB130 nömrəli maşınla Biləsuvar gömrük postundan keçməklə Naxçıvana yola düşdü. Göstərilənlərə əsasən MMC barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları ilə Şəxs MMC-nin yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 491.3-cü maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə -fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114 – 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 491.3-cü maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-409/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-409/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver