Məhkəmə qərarları › İş №3(010)-410/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-410/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-410/2022 17.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, Bakı şəhəri, Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, iştirakı ilə, xx xxxxxx 1959-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 8, mənzil 14-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Bakı şəhəri, Suraxanı rayon İcra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs Arif qızının barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Bakı şəhəri, Suraxanı rayon İcra və probasiya şöbəsində protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Arif qızı Suraxanı Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli 2(010)-244/2018 saylı icra vərəqəsinin icrasından yayınaraq, tələbkar Zərərçəkmiş şəxs ödəməli olduğu 33104 manat borcunu ödəməmiş və icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında dindirilmiş Bakı şəhəri, Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 izahatında bildirdi ki, Bakı şəhəri, Suraxanı rayon İcra və probasiya şöbəsinin icraatında borcun ödənilməsinə dair icra işi vardır. Həmin iş üzrə Şəxs Arif qızı Suraxanı Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli 2(010)-244/2018 saylı icra vərəqəsinin icrasından yayınaraq, tələbkar Zərərçəkmiş şəxs ödəməli olduğu 33104 manat borcunu ödəməmiş və həmin məbləğində borcu yaranmışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunmuşdur. Göstərilənlərə əsasən icra məmuru Elxan Məmmədov borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şəxs Arif qızı inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, Suraxanı Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli 2(010)-244/2018 saylı icra vərəqəsinə əsasən ondan 33104 manat pul məbləği tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Həmin borcu ödəmək üçün Bakı şəhəri, Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tələbkara aid bank rekvizitlərini istəsə də, sonuncu həmin bank rekvizitlərini vermədiyindən borclu olduğu pulu ödəyə bilməmiş və nəticədə qətnamə icra olunmamış qalmışdır. Heç bir yerdə işləmədiyini, aylıq 180 manat sosial müaviət aldığını qeyd etmişdir. Borcunu ödəmək üçün ona vaxt verilsə hissə-hissə ödəyəcəkdir. Məhkəmə iclasında dindirilmiş şahid qismində dindirilmiş tələbkar Zərərçəkmiş şəxs izahatında Şəxs Arif qızı tərəfindən ona borclu olduğu 33104 manat pul vəsaitinin ona ödənilməsini, protokol üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi və tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Belə ki, iş materiallarında olan14.03.2022-ci il tarixli, FT22073K21J5 nömrəli ödəniş tapşırığından görünür ki, Şəxs tələbkar Zərərçəkmiş şəxs 200 manat məbləğdə ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati qaydada tənbeh nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır (maddə 528.1). İnzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir (maddə 53.0.2). İnzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir (maddə 75). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (maddə 76.1). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (maddə 84.1). Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 84.2). Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir” (maddə 105.1). Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi yaradır. Lakin işin hallarından göründüyü kimi, borclu heç bir yerdə işləmir, əmək haqqı almır və sosial müavinət alır. Qeyd edilən icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borcun tutulması borclunun aldığı sosial müayinətə yönəldilməlidir. Həmin icra tədbirinin həyata keçirilməsi isə aidiyyəti üzrə icra qurumu tərəfindən həyata keçirilməlidir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından, yəni inzibati xəta tərkibi olmadığından Şəxs Arif qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.2.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Əməlində inzibati xətanın tərkibi olmadığına görə Şəxs Arif qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar