Məhkəmə qərarları › İş №3(010)-4109/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4109/2025

03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4109/2025 03.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair DİN BDYPİ tərəfindən qəbul edilmiş 30 iyun 2025-ci il tarixli EQ seriyalı 28934497 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 13 oktyabr 2025-ci il tarixdə X1 DİN BDYPİ tərəfindən qəbul edilmiş 30 iyun 2025-ci il tarixli EQ seriyalı 28934497 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayəti Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. X1 barəsində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında DİN BDYPİ tərəfindən 30 iyun 2025-ci il tarixli EQ seriyalı 28934497 nömrəli qərar qəbul olunmuşdur. Həmin inzibati xəta haqqında qərar əsasında DİN BDYPİ-nin 30 iyun 2025-ci il tarixli EQ seriyalı 28934497 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 manat məbləğində inzibati cərimə olunmuşdur. X2 şikayətini onunla əsaslandırmışdır ki, 29 iyun 2025-ci il tarixində saat 22:38-də 77FG021 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barəsində EQ seriyalı 28934497 nömrəli inzibati protokol tərtib edilmişdir. Protokola əsasən o, İXM-nin 332.3-cü maddəsinə uyğun olaraq “nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi” xətasına görə 400 manat cərimə ilə cəzalandırılmışdır. Lakin qərar əsassız və qanunsuzdur. Həmin vaxt nəqliyyat vasitəsini o, idarə etməmişdir. Avtomobil onun adında etibarnamə ilə qeydiyyatda olub, lakin hadisə zamanı başqa şəxs idarə edib. Sadəcə etibarnamə onun adında olduğuna görə sistem cəriməni avtomatik olaraq onun adında tərtib edib. Bu isə qanunla düzgün hesab edilə bilməz, çünki inzibati məsuliyyət yalnız xətanı faktiki törədən şəxsə tətbiq oluna bilər. Odur ki, EQ seriyalı 28934497 nömrəli inzibati qərarın ləğv edilməsini, 400 manat məbləğində əsasız tətbiq edilmiş cərimənin silinməsini, qərarla birlikdə hesablanmış dəbbə pulunun da ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş X2 gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. DİN BDYPİ-nə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, məhkəmədə tədqiq olunması üçün zəruri sübutları təqdim edilməmiş, işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, X1 və DİN BDYPİ-nin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını, təqdim olunmuş sübutları tədqiq edərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət təmin olunmamalı və inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2– 346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. İXM-nin 327-ci maddəsinin Qeydinə əsasən bu Məcəllənin 327.1-1, 327.1-2, 328.2, 346.2 və 346.4–346.9-cu maddələrində nəzərdə tutulmuş xətalar 2 balla, 327.2, 328.3 və 331-ci maddələrində nəzərdə tutulmuş xətalar 3 balla, 327.3 - 327.6, 328.4, 342.7 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar 4 balla qiymətləndirilir. İXM-nin 346-cı maddəsinin Qeydinə əsasən şəxs bu Məcəllənin 346.1, 346.2, 346.4–346.9 və ya 346-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməyə fasiləsiz davam edirsə, həmin inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz. Beləliklə, işdə olan sübutlarla və məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən olunur ki, X2 29 iyun 2025-ci il tarixdə saat 22:38 radələrində Mercedes Benz E350 minik markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Səbail rayonu, Ü.Hacıbəyli küçəsi istiqamətində nəqliyyat vasitəsini idarə edərkən dayanma və ya durma qaydalarını pozduğuna görə DİN BDYPİ-nin 30 iyun 2025-ci il tarixli EQ seriyalı 28934497 nömrəli elektron qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2017-ci il tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” Siyahısının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.8, 323, 326-1, 327.1 – 327.5, 329 – 331, 332.1 – 332.3, 338.1 – 338.6, 339.1 (fiziki şəxslər barədə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adından dövlət yol polisinin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin, dövlət yol polisi idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının dövlət yol polisi şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları baxır. İnzibati xəta haqqında işin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında qərar qanun əsasında və DİN BDYPİ tərəfindən qəbul edilmiş, X1 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə X2 qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirkardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, DİN BDYPİ tərəfindən qəbul edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan, mahiyyəti üzrə düzgün tərtib edilmiş 30 iyun 2025-ci il tarixli EQ seriyalı 28934497 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, DİN BDYPİ tərəfindən qəbul edilmiş 30 iyun 2025-ci il tarixli EQ seriyalı 28934497 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə əsaslar müəyyən edilmədiyinə görə X1 şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. DİN BDYPİ tərəfindən qəbul edilmiş 30 iyun 2025-ci il tarixli EQ seriyalı 28934497 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar