Məhkəmə qərarları › İş №3(010)-4114/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-4114/2022

30.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-4114/2022 30.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu X1 şikayətini baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: X2 şikayətlə məhkəməyə müraciət edərək BNA 2271074, BNA 2267611, BNA 2267610, BNA 1967808, BNA 1967807, BNA 1967806, BNA 1967804, BNA 1967802, BNA 1967001, BNA 1965503, BNA 1965502, BNA 1965501, BNA 1965500, BNA 1965498, BNA 1965497, BNA 1965494, BNA 1829346, BNA ******* və BNA ******* nömrəli «inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını» xahiş etmişdir. Müvafiq protokollar 02 avqust 2021-ci il tarixindən 12 may 2022-ci il tarixinədək olan dövrdə Bakı şəhərinin Nəsimi, Səbail və Yasamal rayonlarının ərazilərində törədilmiş inzibati xətalarla əlaqədar tərtib edilib. Şikayət isə məhkəməyə 29 sentyabr 2022-ci ildə daxil olub. X1 şikayəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Qüvvədə olan inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və protest verilməsi müddətləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər». Eyni Məcəllənin 126.1-ci maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər». Azərbaycan Respublikası İXM-nin 57.6 və 57.7-ci maddələri aşağıdakı məzmundadır: «57.6. Bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.6.2. nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.4. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 57.7. Bu Məcəllənin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.7.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 127-5.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.7.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 127-5.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda)». Yuxarıda qeyd olunduğu kimi, X1 mübahisələndirdiyi qərarlar 02 avqust 2021-ci il tarixindən 12 may 2022-ci il tarixinədək olan dövrdə qəbul edilmiş, eyni dövrdə (hər bir qərarın qəbul edilməsi tarixinə uyğun olaraq) elektron kabinetə yerləşdirilmiş və avtomobilin sahibinə SMS-lər göndərilmişdir. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, X2 mübahisələndirdiyi qərarlarla bağlı şikayət verilməsi müddətini buraxıb. Bundan başqa işin faktik hallarından görünür ki, mübahisələndirilən qərarlarla bağlı hadisələr Bakı şəhərinin Nəsimi, Səbail və Yasamal rayonları ərazisində baş verib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən «İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər». Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən «səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə» verilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə – yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair» 4 noyabr 2020-ci il tarixli Qərarının nəticəvi hissəsinin 2-ci və 3-cü bəndlərinin məzmunu aşağıdakı kimidir: «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan Qərarından göründüyü kimi səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsi ilə müəyyən edilmiş qayda üzrə deyil, həmin Məcəllənin 110.1-ci maddəsi ilə müəyyən edilmiş qayda üzrə verilməlidir. Yəni səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət inzibati xətanın törədildiyi yer və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilir. Qeyd olunur ki, şikayətə ona şikayətçinin qeydiyyatda olduğu yerdə baxılmasına dair vəsatət əlavə edilməyib. Belə olan halda şikayətə Suraxanı Rayon Məhkəməsində baxılması da mümkün deyil. Eyni zamanda qeyd olunur ki, X2 bir şikayətlə inzibati xəta haqqında 19 qərarı mübahisələndirir. Qüvvədə olan inzibati xətalar qanunvericiliyində isə fərqli qərarların bir şikayətdə mübahisələndirilməsi nəzərdə tutulmayıb. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, yuxarıda göstərilənlər şikayət üzrə icraatı rədd edən hallar kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: X1 şikayəti geri qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar