Məhkəmə qərarları › İş №3(010)-4149/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4149/2023

11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4149/2023 11.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Hüquqi ünvanı ünvan 11 olan Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 14 avqust 2023-cü il tarixli EP seriyalı № ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs 94000.00 ABŞ dolları məbləğində vəsaiti 02 avqust 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də,94000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 03 avqust 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. “Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs etibarnamə üzrə nümayəndəsi X2 izahatında bildirdi ki, müəyyən edilmiş müddət ötmədən ölkəyə gətirilmiş və təhvil alınmışdır. Bunu müvaviq gömrük bəyannaməsi də təsdiq edir. Qeyd edilənləri nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, protokol tərtib etmiş şəxsin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə işə protokol tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin 02 avqust 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, həmin tarixdə Şəxs MMC-nin bank hesabından “NANJİNG TİCA CLİMATE SOLTİONS CO LTD” şirkətinin hesabına 94000.00 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri- rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərllmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi qanunverici əməlin inzibati xəta hesab edilməsi üçün digər əlamətlərlə yanaşı təqsirin mövcud olmasını zəruri şərt olaraq nəzərdə tutmuşdur. Halbuki, məhkəmə araşdırmaları zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin qanunla müəyyən edilmiş müddətdə malların ölkəyə idxal edilməsi ilə bağlı gömrük bəyannaməsini təqdim etdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması müəyyən edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli yük gömrük bəyannaməsindən görünür ki, 85700.00 ABŞ dolları məbləğində mallar əvvəlcədən ödənilmiş olan məbləğin qarşılığında ölkəyə gətirilmiş və təhvil alınmışdır. İş materiallarında olan Şəxs tərəfindən verilmiş məktubdan görünür ki, “xx.xx.2020 ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətlərinin Bakı şəhər Lokal Gəıirlər Baş İdarəsi, müəssisənin 2017-2019 cu il dövrləri aralığında maliyyə dövriyyəsinin araşdırılması ilə bağlı "xxxx"GROUP MMC də yoxlamalara başlamışdır.Yoxlama xx.xx.2021 tarixdə başa çataraq AKT tərtib edilmiş və xx.xx.2021 tarixdə cəmiyyətə maliyyə sanksiyası tətbiq edilərək bank hesabları aktiv əməliyyatlar üçün dondurulmuşdur. Bu qərar cəmiyyət tərəfindən gözlənilməz olmaqla yanaşı Dövlət sifarişli layihələrin davam etdirilməsi və zaman öhdəliyin pozulması risklərini artırırdı. Belə ki, Gəncə və Sumqayıt şəhərlərində inşa olunan ASAN xidmət mərkəzləri üçün İsitməsoyutma avadanlıqlarının alınması ilə bağlı Çin Respublikasına xx.xx.2021 tarixdə 94000 ABŞ dollar və xx.xx.2021 tarixdə 25000 ABŞ dollar ödəniş olunmuşdur. Avadanlıqlar sifarişlə hazırlandığı üçün qarşı tərəf yəni "NANJİNG TİCA CLİMATE SOLUTİONS CO LTD" şirkəti vəsaiti geri qaytarmaqdan imtina etmişdir. Cox böyük çətinlikə sifariş olunan avadanlıqları əməkdaşlıq etdikləri "xxxx" MMC üzərindən idxal olunmasına nail olunmuş və dövlət sifarişli layihələri uğurla təhvil verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətlərinin Bakı şəhər Lokal Gəıirlər Baş İdarəsi yoxlamanın nəticələrinə görə tərtib etdiyi Akt tərəflərindən mübahisələndirildiyi üçün Bakı inzibatı Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Əlavə olaraq qeyd edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətlərinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin yoxlamalarınin nəticəsi 1471939.65 man təşkil etsə də, məhkəmə ərəfəsində 539361.46 manat vəsait azaldılmışdır. Bakı İnzibatı Məhkəməsnin xx.xx.2023 tarixli qərarı ilə iddia təmin olunsada qarşı tərəf qərardan Apellyasiya şikayəti vermişdir. Təsvir edilənlər belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxs Şəxs MMC ilə xarici şirkəti arasında müqavilə münasibətləri mövcud olmuş, onlar müqaviləni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə real olaraq bağlamış, Şəxs MMC-nin mal almaq niyyəti olmuş və malları almış, həmin şirkət isə ödənilən pulun müqabilində malları idxal etmək niyyətində olmuş və malları idxal etmişdir. İşin müəyyən edilmiş qeyd edilən mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta hadisəsi olmadığından hüquqi şəxs ŞəxsMMC-in barəsində tərtib edilmiş 14 avqust 2023-cü il tarixli EP seriyalı № ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar