Məhkəmə qərarları › İş №3(010)-4164/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4164/2023

04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4164/2023 04.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiala əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 34BBZ618/34DEE202 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixli **********2093 sorğu nömrəli Gömrük Bəyannaməsilə Bakı Baş Gömrük idarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük organlarına elektron formada gısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixində vermiş olduğu sübutlarla iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan EP ******* saylı 17 avqust 2023-cü il tarixli protokola əsasən, BBGİ-nin “Rəsmiləşdirmə” mərkəzindən daxil olmuş 3-33-/3-1-022154/2023 nömrəli , 14,08.2023-cü il tarixli raporta əsasən Şəxs MMC-nin ünvanına 34BBZ618/34DEE202 nömrəli nəgliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yüklər üçün " Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması”-na dair çıxarışdan görünür ki, 34BBZ618/34DEE202 nömrəli nəqliyyat vasitəsi ilə "CASPİ CUİSİNE” MMC-nin ünvanına göndərilən mallar xx.xx.2023-cü il tarixdə saat 08:42 radələrində “Mazımqara” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi" informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli **********2093 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar “X5. Prom ve End.Mutfak. Mİz.San.Tıc.Ltd” şirkətindən 34BBZ618/34DEE202 nömrəli nəqliyyat vasitəsi ilə 05 avqust 2023-cü il tarixdə saat 08:42 radələrində “Mazımqara” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir, lakin xx.xx.2023-cü il tarixli **********2093 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair tərtib edilmiş **********2256 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə daxil olduqdan sonra xx.xx.2023-cü il tarixdə saat 13:26 radələrində gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. - xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzin surətindən görünür ki, Şəxs MMC tərəfindən 35,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1 -ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən mallar Azərbaycan Respublikası gömrük ərazisinə daxil olmamışdan əvvəl xx.xx.2023-cü il tarixdə saat 12:31-də mal qeydiyyata alınmış və həmin gün saat 13:23-də 35,40 manat dövlət rüsumu ödənilmişdir. Mallar xx.xx.2023-cü il tarixdə saat 08:42-də gömrük ərazisinə daxil olduqdan sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 13:26-da qısa idxal bəyannaməsi elektron qaydada verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qısa idxal bəyannaməsinin elektron qaydada vaxtında verilməməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin təqsiri üzündən baş vermədiyi üçün Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur və bu səbəbdən də onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar