Məhkəmə qərarları › İş №3(010)-420/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-420/2021

06.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-420/2021 06.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin 30-cu Polis şöbəsinin polis sahə inspektoru X4, Zərər çəkmiş şəxs Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin Dövlət yol Polis şöbəsi yol-patrul xidmətinin baş inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Ağcabədi rayonu, İmamqulubəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu, İmamqulubəyli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Məhkəmənin icraatına xx.xx.2021-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 30cu Polis şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2021-ci ildə, saat 09:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan yolundan polisin qanuni tələbinə tabe olmayaraq müqavimət göstərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs, Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin 30-cu Polis şöbəsinin polis sahə inspektoru X8 göstərdi ki, xx.xx.2021-ci il tarixdə, saat 09:00 radələrində Şəxs Bakı şəhəri, Suraxanı rayonu Zığ- Hövsan yolunda Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin Dövlət yol Polis şöbəsi yolpatrul xidmətinin baş inspektoru X1 vəsiqəsi tələb etməsinə baxmayaraq, bundan imtina etmiş, müqavimət göstərmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin Dövlət yol Polis şöbəsi yol-patrul xidmətinin baş inspektoru X7 izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 09:00 radələrində xidmətdə olarkən Şəxs saxlatmış, sonuncudan sürücülük vəsiqəsini istədikdə Şəxs sürücülük vəsiqəsini verməkdən imtina etmiş, daha sonra avtomobilini idarə edərək qaçmağa çalışmış, bir müddət sonra onu yenidən saxladıqda isə onu təhqir etmiş və və onun qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta törətməkdə təqsirləndirilən şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə qismən təqsirli bilərək göstərdi ki, yol-patrul xidməti əməkdaşı onu saxlamış və avtomobili idarə edərkən telefondan istifadə etdiyini bildirmiş, bununla bağlı ona protokol tərtib etmək üçün sürücülük vəsiqəsini tələb etmiş, o isə telefondan istifadə etmədiyini bildirmiş, polis əməkdaşından bunu sübut etməsini tələb etmişdir. Daha sonra aralarında mübahisə yaranmış və o, əsəbləşdiyindən avtomobilini idarə edərək getmişdir. Təxminən 1 km sonra yol-patrul xidmətinin baş inspektoru X7 onu yenidən saxlamış və bu zaman aralarında sözlü mübahisə baş vermiş, sonuncu onu təhqir etdiyi üçün o, polis əməkdaşını təhqir etmişdir. Hazırda əməlindən səmimi peşimandır, bir daha belə hallara yol verməyəcəkdir. Odur ki, məhkəmədən ədalətli və qanuni qərar verilməsini xahiş edir. Məhkəmə çıxış edənləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs ona istinad edilən inzibati xətanı törətməsi, özünün etirafı, tərəflərin izahatları və iş materialları ilə sübut olunur. Protokola əlavə edilmiş yol-patrul xidməti avtomobilinə məxsus kamera görüntülərindən görünür ki, yol-patrul xidmətinin baş inspektoru X2 Zaməddin Xanoğlan oğlu saxlatmış, özünü təqdim etmiş və sonuncudan sürücülük vəsiqəsini tələb etmişdir. Lakin Şəxs polisin qanuni tələbinə əhəmiyyət verməyərək sürücülük vəsiqəsini təqdim etməmiş, avtomobilini idarə edərək çıxıb getmişdir. Daha sonra Şəxs yenidən saxlanılmış və həmin vaxt o, yol-patrul xidmətinin baş inspektoru X5 təhqir etmişdir. Belə ki, inzibati xətanın törədilməsi inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin izahatı, bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər halları ilə tam təsdiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan o, həmin maddə ilə təqsirli bilinib, inzibati tənbeh edilməlidirdir. Məhkəmə Şəxs əməlinindən səmimi peşiman olmasını onun məsuliyyətini yüngüllləşdirən hal kimi nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Ona görə də, məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. Qərarın icrası Bakı şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Məmmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar