Məhkəmə qərarları › İş №3(010)-421/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-421/2021

21.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-421/2021 21.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati qərar çıxarılmış şəxs X2 iştirakı ilə, X2, 25 dekabr 1990-cı ildə Lənkəran rayonunun Boladi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 4WZ39CZ, evli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, 21F nömrəli evin, 55 nömrəli mənzilində yaşayan, barəsində tərtib edilmiş 26 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokolun və onun əsasında Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi X4 tərəfindən qəbul edilmiş eyni tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 26 yanvar 2021-ci il tarixdə X2 barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi X4 tərəfindən qəbul edilmiş eyni tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla R.B.Axundov Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. X3 barəsində tərtib edilmiş 26 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokolun və onun əsasında Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi X4 tərəfindən qəbul edilmiş eyni tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 göstərdi ki, barəsində hələ də ona məlum olmayan səbəbdən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Həsənzadə Kənan tərəfindən inzibati xəta haqqında ******* saylı protokol tərtib olunmuşdur. Belə ki, 26 yanvar 2021-ci il tarixdə, saat 19:40 radələrində Nəsimi rayonu ərazisində gedərkən, bir polis nəfəri ona yaxınlaşaraq, niyə tibbi maskadan istifadə etmədiyini, bunun inzibati xəta sayıldığını, ona məsuliyyətsiz vətəndaş olduğunu bildirdi. Sübut olaraq şəxsi mobil telefonu ilə çəkilmiş foto şəkli göstərmişdir. Ancaq həmin fotoşəkilə sonradan diqqətlə baxıldıqda onun ağzında “N95” tipli maskanın olduğu və fotoşəkil arxa tərəfdən çəkildiyinə görə üzünün görünmədiyi müəyyən edilsə də, barəsində inzibati protokol tərtib edilmişdir. Dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək bu barədə şikayətini bildirmiş və protokoldan şikayətçi olduğuna görə onu imzalamaqdan imtina etmişdir. 27 yanvar 2021-ci il tarixdə, saat 12:44-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə mailto:info@bakupolice.gov.azElektron ünvan və asanpay.az portalında “protokoldan şikayət et” bölməsindən qeyd olunan məsələ ilə bağlı ətraflı şikayət yazmışdır. 26 fevral 2021-ci il tarixində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən şikayəti ilə bağlı müvafiq cavab verilərək, Daxili işlər Nazirliyi “102 ” xidməti-zəng mərkəzi sistemindən Nəsimi rayon Polis İdarəsinə daxil olmuş müraciətinə baxıldığı, 26 yanvar 2021-ci il tarixdə Nəsimi rayonu ərazisində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ilə bağlı barəsində Azərbaycan Respublikası İzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə MN0934430 seriya nömrəli inzibati xəta haqqında protokolun tərtib edildiyi, Azərbaycan Respublikası Nazirlər kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısını alınması məqsədilə Azərbaycan Respublikasında 24 mart 2020-ci il tarixdən xüsusi karantin rejimi elan edildiyi, “Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması və monitorinqi sistemi”nin tələblərinə əsasən vətəndaşlar evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərməli və ya elektron icazə ilə bağlı müvafiq qaydada qeydiyyatdan keçməli olduğu qeyd edilmişdir. Barəsində protokol və qərar tibbi maskadan istifadə edilibedilməməsi ilə bağlı yaranmış olan mübahisəyə görə tərtib edildiyi halda, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin cavab məktubunda SMS icazə sistemindən istifadə ilə bağlı məsələ ona xatırladılmışdır. Yəni ona, mövzuya aiddiyəti olmayan məsələ ilə bağlı bir cavab verilmişdir. Barəsində tərtib edilmiş protokolun birinci nüsxəsində inzibati xətanı 26 yanvar 2021-ci il tarixində törətdiyi, buna görə Azərbaycan Respublikası İnzibazti Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələblərin pozduğu bildirilir. Protokolun 1-ci nüsxəsində protokoldan narazı olduğuna görə onu imzalamamağına baxmayaraq elə həmin gün (26 yanvar 8:50 PM) tarixində qərarı ilə birlikdə AsanPay sistemindən icra qərarının qüvvəyə minməsi barədə bildiriş almışdır. Barəsində qəbul edilmiş qərarın surətini isə rəsmi olaraq 13 fevral 2021-ci il tarixində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsindən əldə etmişdir. İnzibati xəta törədilən zaman həmin xətanı törədən fiziki şəxsin, vəzifəli şəxsin və ya hüquqi şəxsin həmin xətaya münasibətdə subyektiv cəhəti fomalaşmış olmalıdır. Yəni fiziki şəxs, vəzifəli şəxs və ya hüquqi şəxs həmin xətanı qəsdən və ya ehtiyatsızlıqla törətmiş olmalıdır. İnzibati xəta hüquqa zidd, təqsirli və inzibati məsuliyyətə səbəb olan əməllər hesab olunmaqdadır. Onun tərəfindən törədilmiş hər hansı bir hərəkətin inzibati xəta olaraq tövsif edilə bilməsi üçün bu hərəkətin qəsdən və ehtiyatsızlıqla törədilməsi, bunun üçün həmin hərəkəti hüquqa zidd qaydada törətməyi lazımdır. Ancaq o, hər hansı bir inzibati xəta törətmədiyi halda barəsində qanunsuz protokol tərtib edilmişdir. Halbuki, inzibati məsuliyyətə cəlb edilməyinə və inzibati protokolun tərtib edilməsinə heç bir hüquqi əsas olmamışdır. Bu isə qəbul edilmiş inzibati xəta haqqında qərarın ləğvi üçün əsasdır. Sonda R.B.Axundov barəsində tərtib edilmiş 26 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokolun və onun əsasında Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi X4 tərəfindən qəbul edilmiş eyni tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş 26 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokolun və eyni tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, 26 yanvar 2021-ci il tarixdə X2 barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, həmin protokol əsasında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi X4 tərəfindən qəbul edilmiş qərarla R.B.Axundov qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Bundan başqa, 26 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokolda edilmiş qeydlərdən görünür ki, X3 izahatında tibbi maskadan istifadə etdiyini, barəsində tərtib edilmiş protokolla qəti razı olmadığını bildirmişdir. Şikayətə əlavə edilmiş X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə etmiş müraciətinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 02 fevral 2021-ci il tarixli, 082-4388-1221 nömrəli cavab məktubundan görünür ki, həmin məktubda X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətindən daxil olmuş müraciətinə baxıldığı, 26 yanvar 2021-ci il tarixdə Nəsimi rayonu ərazisində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ilə bağlı X2 barəsində Azərbaycan Respublikası İzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə MN0934430 seriya nömrəli inzibati xəta haqqında protokolun tərtib edildiyi, Azərbaycan Respublikası Nazirlər kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısını alınması məqsədilə Azərbaycan Respublikasında 24 mart 2020-ci il tarixdən xüsusi karantin rejimi elan edildiyi, “Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması və monitorinqi sistemi”nin tələblərinə əsasən vətəndaşlar evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərməli və ya elektron icazə ilə bağlı müvafiq qaydada qeydiyyatdan keçməli olduğu qeyd edilmişdir. Şikayətə əlavə edilmiş X2 mailto:info@bakupolice.gov.azElektron ünvan elektron poçt vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə ünvanladığı şikayətindən görünür ki, X3 “N95” tipli tibbi maskadan istifadə etdiyi halda Bakı şəhəri Nəsimi rayon Polis Şöbəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru Kənan Həsənzadə tərəfindən barəsində protokol tərtib edilərək cərimə olunduğunu, polis əməkdaşının özü tərfindən çəkilmiş fotoşəkildən belə onun tibbi maskadan istifadə etdiyinin müəyyən edildiyi, həmin vaxt digər polis əməkdaşının K.Həsənzadəyə irad bildirərək R.B.Axundovun tibbi maskadan istifadə etdiyini bildiriyini qeyd etmişdir. Beləliklə şikayətə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, 26 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru Həsənzadə Kənan tərəfindən X2 barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin vaxt X3 tibbi maskadan istifadə etdiyini, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmədiyini bildirərək bu barədə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda müvafiq qeydlərini aparmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1 və 99.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.4 və 99.4.2-ci maddələrinə əsasən inzibati xata haqqında iş üzrə icraat inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildiyi vaxtdan başlanılmış hesab edilir. Şikayətə məhkəmədə baxıldığı zaman isə X2 26 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru Kənan Həsənzadənin ona, tibib maskadan istifadə etməməklə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyini bildirdikdə sonuncunun “N95” tipli tibbi maskadan istifadə etdiyini bildirdiyi, barəsində tərtib edilmiş protokolda bu barədə müvafiq qeydlər apardığı, habelə mailto:info@bakupolice.gov.azElektron ünvan elektron poçt vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə ünvanladığı şikayətində yuxarıda qeyd edilənlərlə yanaşı, Bakı şəhəri Nəsimi rayon Polis Şöbəsinin 22-ci Polis Şöbəsinin əməkdaşı Həsənzadə Kənan tərfindən çəkilmiş fotoşəkildən belə onun tibbi maskadan istifadə etdiyinin sübuta yetirildiyini bildirdiyi müəyyyən edilir. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2, 114.2.1-114.2.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi X4, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslana bildiyi hər cür faktik məlumatları, yəni iş üzrə sübutları, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirməli olduğu halda, hadisənin törədildiyi güman edilən 26 yanvar 2021-ci il tarixdə inzibati xəta hadisəsinin mövcudluğunu aşkar etmiş səlahiyyətli vəzifəli şəxs tərəfindən həqiqətən də fotoşəkilin çəkilib-çəkilmədiyini müəyyən etmədən, çəkildiyi təqdirdə iş üzrə qərar qəbul edilərkən həmin sübuta istinad etmədən, iş üzrə şahid ifadələrini almadan, habelə hadisənin törədildiyi güman edilən ərazini əks etdirən kameraların olub-olmadığını müəyyən etmədən, olduğu təqdirdə həmin video görüntüləri əldə etmədən, bununla da işin düzgün həlli üçün əhəmiyyətli olan bütün halları müəyyən etmədən R.B.Axundov Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. R.B.Axundovun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın olmasına kifayət qədər əsaslı şübhələrin mövcud olmasına baxmayaraq, 26 yanvar 2021-ci il tarixdə inzibati xəta haqqında işə baxılarkən onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı sonrakı şikayətindən və həmin şikayətinə cavab məktubundan da müəyyən olunur ki, X3 26 yanvar 2021-ci il tarixdə tibbi maskadan istifadə etdiyini, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmədiyini, barəsində əsassız olaraq inzibati protokol tərtib edilməklə inzibati məsuliyyətə cəlb edildiyini bildirərək məsələ ilə əlaqədar müvafiq araşdırma aparılmasını xahiş etmiş, lakin cavab məktubunda R.B.Axundova “Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması və monitorinqi sistemi”nin tələblərinə əsasən vətəndaşlar evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərməli və ya elektron icazə ilə bağlı müvafiq qaydada qeydiyyatdan keçməli olduğu, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərinə riayət etməli olduğu izah edilmişdir. Bu isə X2 şikayətinə ümmiyyətlə mahiyyəti üzrə baxılmadığına dəlalət edir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi X4 tərəfindən qəbul edilmiş 26 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə göndərilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə qanunvericiliyin tələbindən də göründüyü kimi inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayət verilə bilər. Bununla əlaqədar məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokoldan şikayət verilməsinin nəzərdə tutulmadığını nəzərə alaraq hesab edir ki, 26 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokolun ləğv edilməsi edilməsi hissəsində R.B.Axundovun şikayəti təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi X4 tərəfindən qəbul edilmiş 26 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar