Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4222/2025 23.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Sabirabad rayonu, Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, işləməyən, əlilliyi olmayan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən daxil olmuş İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə tiktok sosial şəbəkəsində polisin ünvanına nalayiq söyüşlər söyərək təhqir etməklə paylaşım etmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 388-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 23 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün həmin tarixdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X2 izahatında göstərdi ki, Şəxs sosial şəbəkədə polisin ünvanına nalayiq söyüşlər söyərək təhqir etmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxs Yeni Günəşli qəsəbəsi AB y/s 139 saylı binanın qarşısında 22 oktyabr 2025-ci il tarixdə saat 22 radələrində saxlanılaraq polis əməkdaşları tərəfindən Suraxanı RPİ-nin 33-cü PB-nə gətirilmişdir. Şəxs barəsində 23 oktyabr 2025-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokolu müdafiə etdi və təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, sosial şəbəkədə polisin ünvanına nalayiq söyüşlər söyərək təhqir etmişdir. Bildirmişdir ki, sosial şəbəkədə polisin ünvanına söyüş yazan zaman sərxoş olmuş, ayıldıqdan sonra dərhal yazdığı söyüşü sosial şəbəkədən silmişdir. Etdiyi hərəkətlərinə görə polis əməkdaşlarında üzr istəmişdir. ebu.abas profil hesabı ona məxsusdur. Həmin paylaşımı içkili vəziyyətdə etdiyini, dostlarının təsiri nəticəsində etdiyini bildirmişdir. Sonda Şəxs əməlindən peşman olmasını, polis əməkdaşlarından üzr istəməsini, yaşlı ana və atasına baxmasını, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül həddə tənbeh verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 388- 1.1-ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 388-1.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni: 388-1.1.1. informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə, 388-1.1.2. internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 21:30-da Yeni Günəşli qəsəbəsi AB massivi 139-da yaşayan xx.xx.1994-cü il təvəllüdlü Şəxs tiktok sosial şəbəkəsində polisin ünvanına nalayiq söyüşlər söyərək təhqir etmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxs 22 oktyabr 2025-ci il tarixdə Yeni Günəşli qəsəbəsi AB y/s 139 saylı binanın qarşısında saxlanılaraq polis əməkdaşları tərəfindən Suraxanı RPİ-nin 33-cü PB-nə gətirilmişdir. İnzibati xəta haqqında işin materiallarını ətraflı tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri kifayət qədər sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunun” 2-ci maddəsinə əsasən informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır. İnternet informasiya ehtiyatı - internet şəbəkəsində yaradılan, informasiyanın yayılması üçün istifadə olunan, müraciət edilməsi üçün domen adına və sahibi tərəfindən müəyyənləşdirilmiş digər işarələnməyə malik olan informasiya ehtiyatı. İnformasiyanın istifadəçisi — özü üçün zəruri informasiyanın alınması məqsədilə bilavasitə informasiya sisteminə və ya vasitəçiyə müraciət edən və ondan ancaq istifadə hüququna malik subyekt. Həmin Qanunun 13-cü maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir: 13-2.3.1. terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar; 13-2.3.2. zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar; 13-2.3.3. dövlət sirri təşkil edən məlumatlar; 13-2.3.3-1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatlar (dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatlar istisna olmaqla); 13-2.3.4. odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və ya üsulları barədə məlumatlar; 13-2.3.5. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar; 13-2.3.6. pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar; 13-2.3.7. qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar (“Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalar, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilən və keçirilən kazino oyunları barədə məlumatlar istisna olmaqla); 13-2.3.8. intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar; 13-2.3.8-1. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq yaş kateqoriyasına uyğun işarələnməmiş kino, televiziya və videofilmlər, o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar (“Universal” yaş kateqoriyasına aid olanlar istisna olmaqla); 13-2.3.9. təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar; 13-2.3.10. əqli mülkiyyət hüquqlarını pozan məlumatlar; 13-2.3.10-1. insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar; 13-2.3.11. Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya. Qanunun normasından göründüyü kimi 13-2.3.9 maddədə informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçisinin həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) yayılması qadağan edilən (təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan) informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Həmin Qanunun 13-4-cü maddəsinə əsasən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ilə əlaqədar internet informasiya ehtiyatının sahibi, domen adının sahibi, host və internet provayderlər, həmçinin informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçiləri qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Polis haqqında Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən İ. Polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. İİ. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. İİİ. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmin Qanunun 8-ci maddəsinə əsasən Qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hazırki iş üzrə inzibati xəta törətmiş şəxsin etirafedici izahatı, inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı, paylaşımın əks olunduğu sənəd, iş materialında olan digər sənədlərlə qeyd olunan inzibati xətaların törədilməsi kifayət qədər sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məhkəmə tərəfindən İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunan istisna hallardan heç biri Şəxs aid edilmir. Məhkəmə işin hallarını və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir, belə ki, o, sosial şəbəkədə polis əməkdaşlarının ünvanına söyüşlər yazaraq təhqir etmiş, qeyd olunanlara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 22 oktyabr 2025-ci il tarixdən, saat 22:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Odur ki, Şəxs törətdiyi inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun barəsində inzibati həbs tənbeh növünün təbiq edilməsi daha ədalətli olar və inzibati xətalar qanunvericiliyinin prinsip və normalarına uyğun olar. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu - 22 oktyabr 2025-ci il tarixdən, saat 22:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu - 22 oktyabr 2025-ci il tarixdən, saat 22:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-4222/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4222/2025
23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver