Məhkəmə qərarları › İş №3(010)-4258/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4258/2024

01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4258/2024 01.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X6 qızının katibliyi, X1nun iştirakı ilə, X2 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ilə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə 5000 manat inzibati cərimə edilməyinə dair inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən 5000 manat cərimə edilmişdir. Həmin qərar əsassız olduğundan ləğv edilməli və barəsindəki iş üzrə icraata xitam verilməlidir. Belə ki, protokol, qərarın verilməsinə əsas maddənin də məzmunundan göründüyü kimi guya onun lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olmağı olmuşdur. Faktiki olaraq isə əlavə etdiyi sənədlərdən də göründüyü kimi, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə 088482 nömrəli, 17 fevral 2016-cı il tarixli müddətsiz lisenziya verilmişdir. Hansıki o, hazırda "xxxx" MMC-nin direktoru vəzifəsindədir. Yəni faktiki olaraq çalışdığı müəssisənin 2016-cı ildən lisenziyası mövcud olmuşdur. Buna baxmayaraq müvafiq protokol tərtib edilərək hazırki qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən X1 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-də lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olduğuna görə - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və 5000 manat məbləğində cərimə edilmişdir; 088482 nömrəli lisenziyanın məhkəmə iclasında təqdim edilən əslindən görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə özəl tibb fəaliyyəti həyata keçirmək üçün 17 fevral 2016-cı il tarixdə müddətsiz lisenziya verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarla X3 ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-də lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olduğuna görə - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və 5000 manat məbləğində cərimə edilmişdir. X1 inzibati cərimənin qanunsuz yazıldığını, ünvan 1 ünvanında yerləşən "xxxx" MMCyə 088482 nömrəli, 17 fevral 2016-cı il tarixli müddətsiz lisenziya verildiyini bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən şikayət qismən əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh haqqında qərarla X2 İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar