Məhkəmə qərarları › İş №3(010)-4265/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4265/2024

19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4265/2024 19.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 iştirakı ilə, 03 iyun 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 235YCJY, ünvan 1 ünvanda yaşayan, X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən 01 iyul 2024-cü il tarixli, EQ/22875065 nömrəli protokola əsasən qəbul edilmiş 09 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası İXM-nin 339.1-1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş, 01 iyun 2024-cü il tarixli, EQ/22875065 nömrəli protokola əsasən 09 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti Bakı şəhəri Xətai rayon Məhkəməsindən ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmiş və 10 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında 01 iyul 2024-cü il tarixli, EQ/22875065 nömrəli protokola əsasən 09 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin 01 iyul 2024-cü il tarixli, EQ/22875065 nömrəli protokola əsasən qəbul edilmiş 09 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə və nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən idarə edilməsinə görə inzibati xətaların törədilməsində təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. X6 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 01 iyul 2024-cü il tarixli, EQ/22875065 nömrəli protokola əsasən qəbul edilmiş 09 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətini yaşayış yeri üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə vermiş, lakin yaşayış yeri üzrə baxılması üçün məhkəməyə vəsatət verməmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 3(011)-3790/2024 nömrəli qərardadına əsasən X3 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 01 iyul 2024-cü il tarixli, EQ/22875065 nömrəli protokola əsasən qəbul edilmiş 09 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti, ona əlavə edilmiş materiallarla birlikdə inzibati xətanın törədildiyi yer üzrə baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X6 izahatında göstərdi ki, 19 mart 2024-cü il tarixdə inzibati xətalarla bağlı cərimələri ödəməsinə baxmayaraq sürücülük hüququ məhdudlaşdırılmışdır. Lakin sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumatı olmamışdır. Ödənişlə bağlı qəbzlərin surətini isə şikayət ərizəsinə əlavə etmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 01 iyul 2024-cü il tarixli, EQ/22875065 nömrəli protokola əsasən qəbul edilmiş 09 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə yanaşı barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında 3 qərar daha vardır, həmin qərarlardan Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət vermiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin qərarlarına əsasən şikayəti qismən təmin edilmiş, inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilmişdir. Sonda Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 01 iyul 2024-cü il tarixli, EQ/22875065 nömrəli protokola əsasən qəbul edilmiş 09 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Məhkəmə, Baş X9 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 01 iyul 2024-cü il tarixli, EQ/22875065 nömrəli protokola əsasən qəbul edilmiş 09 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinin polis polkovnik-leytenantı, X1 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında 01 iyul 2024-cü il tarixli EQ/22875065 nömrəli protokola əsasən qəbul edilmiş 09 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 01 iyul 2024-cü il tarixdə saat 00:43-də Zığ yolu, 8km, Akkordun qarşısı, Airport ist. ünvanında “HYUNDAİ İ30” minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini "Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə və nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən idarə edilməsi nəticəsində Azərbaycan Respublikası İXM-nın 332.3 və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi göstərilmiş və barəsində 400 (dörd yüz) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 01 iyul 2024-cü il tarixli, EQ/22875065 nömrəli protokola əsasən qəbul edilmiş 09 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarını, iş materiallarında olan cərimələrin ödənilməsi ilə bağlı qəbzlərin surətini nəzərdən keçirib sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, X6 tərəfindən Azərbaycan Respublikası İXM-nın 332.3 və 339.1- 1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törətməsi öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sübutlarla kifayət qədər öz təsdiqini tapmalıdır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh İXM-nə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu cür sübutlar əldə edilmədən şəxs inzibati xətanın törədilməsində təqsirli bilinə bilməz və tənbeh edilə bilməz. Belə sübutlar qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən toplanılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 09 avqust 2024-cü il tarixli qərarda göstərilən inzibati xətanın X6 tərəfindən törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. X6 iddia edir ki, 01 iyul 2024-cü il tarixdə İXM-nin 339.1-1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törədən zaman sürücülük hüququ məhdudlaşdırılmış şəxs olmamışdır. Belə ki, 2024-cü ilin mart ayında o barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarlar üzrə cərimələri ödəmişdir. Ona görə də məhdudlaşma ilə bağlı qərarlar məhkəmə tərəfindən ləğv edilmişdir. Lakin DYPİ-nin əməkdaşı tərəfindən ona protokol tərtib olunarkən qeyd olunan hallar nəzərə alınmamış, araşdırmada onun iştirakı təmin edilmədiyindən zəruri sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində 09 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 332.3 və 339.1-1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq çıxarılan qərarlardan biri də 134.1.4-cü maddədə qeyd olunmuş bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərardır. İXM-nin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardan biridir. İXM-nin 137.3-cü maddəsinə əsasən bu Məcəllənin 134.1.4-cü və 134.1.5-ci maddələrinə əsasən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edildikdə, inzibati xəta haqqında işə bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. Buna görə də məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin olunmalı, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 01 iyul 2024-cü il tarixli, EQ/22875065 nömrəli protokola əsasən qəbul edilmiş 09 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 01 iyul 2024-cü il tarixli, EQ/22875065 nömrəli protokola əsasən qəbul edilmiş 09 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqan olan qərar qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar