Məhkəmə qərarları › İş №3(010)-4269/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-4269/2024

19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-4269/2024 19.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində qəbul olunmuş xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 29 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, vəzifəli şəxs olaraq 5000 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 qəbul etdiyi 29 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 şikayəti 28 avqust 2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin qərardadı ilə ərazi aidiyyəti üzrə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmiş və 10 sentyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 məhkəməyə vəsatət təqdim edərək bildirdi ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X5 barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə əsasən 5000 (beş min) manat məbləğində cərimə edilməsi barədə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarı X3 xx.xx.2023-cü il tarixli G-BM/2623-929 saylı məktubla poçt xidməti vasitəsilə göndərilmiş və xx.xx.2023-ci il tarixdə poçt xidməti tərəfindən xəbərnaməyə şəxsən imza etdirməklə X3 verilmişdir. Həmin şəxs qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qərardan şikayət verməmiş, uzun müddət keçdikdən (qərar qanuni qüvvəyə mindikdən) sonra Suraxanı Rayon Məhkəməsinə qanunsuz şikayət ünvanlamışdır. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərazində könüllü olaraq inzibati məsuliyyətə cəlb edilmiş şəxs tərəfindən cərimə ödənilmədiyi üçün məcburi icra olunması üçün Ağcabədi rayon İcra şöbəsinə göndərilmiş və məcburi icrasının təmin olunması üçün şöbə tərəfindən qanunvericiliyə uyğun olaraq zəruri icra tədbirləri həyata keçirilmişdir. Həmin şəxs qərarın icra olunmasından (cərimə ödənişindən) qəsdən yayınmaq və süni surətdə vaxtın uzadılmasına nail olmaq məqsədilə qərar qanuni qüvvəyə mindikdən 8 ay sonra məhkəməyə əsassız şikayət ünvanlanmışdır. Səlahiyyətli dövlət orqanı olaraq hesab etmişlər ki, hazırda məhkəmə icraatında olan bu işin icraata qəbul edilərək baxılması mümkünsüzdür və qanunvericiliyin tələblərinə əsasən rədd edilməlidir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X5 barəsində İXM-nin 253.3.1-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı qanuni qüvvəyə minmiş qərarından inzibati məsuliyyətə cəlb edilmiş şəxs tərəfindən verilmiş şikayətin icraata qəbulu mümkünsüz, həmçinin qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Buna görə də X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində qəbul olunmuş xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli qərarından verdiyi şikayətin rədd olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. X3 məhkəmə iclasının vaxtı və yeri haqqında şikayət ərizəsində qeyd etdiyi ünvana bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Məhkəmə, X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İXM-nin 106.0.3, 106.0.4, 106.0.5 və 106.0.6-cı maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olubolmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərar 29 noyabr 2023-cü il tarixdə tərtib edilmişdir. İş materiallarından müəyyən olunur ki, barəsində inzibati qərar çıxarılmış şəxs X5, Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 qəbul etdiyi 29 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə 28 avqust 2024-cü il tarixdə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon məhkəməsi tərəfindən aidiyyət müəyyən olunaraq həmin şikayət 10 sentyabr 2024-cü il tarixdə inzibati xətanın törədildiyi yerə görə aidiyyəti üzrə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bununla da X5, barəsində qəbul edilmiş 29 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddəti bitdikdən sonra şikayət vermişdir. X5 şikayətində mübahisələndirilən qərarın surətinin rəsmi olaraq ona nə vaxt təqdim edilməsinə, bununla da qanunvericilikdə müəyyən edilmiş 10 gün ərzində şikayət verdiyinə dair hər hansı bir mötəbər sübut əlavə etməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən təqdim olunmuş xəbərnamədən görünür ki, X5 29 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı 08 dekabr 2023-cü il tarixdə öz imzası ilə qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, № Ç-BM/2623-929 nömrəli X3 göndərdiyi məktubda göstərilmişdir ki, barəsində inzibati xəta faktı əsasında aparılmış inzibati araşdırmanın nəticəsi kimi xx.xx.2023-ci il tarixli MN ******* saylı protokol tərtib olunmuş və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərar ilə İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi əsasında inzibati qaydada 5000 (beş min) manat məbləğində cərimə tətbiq edilmişdir. Qəbul edilmiş həmin qərarın təsdiq olunmuş surəti icra üçün ona göndərilmişdir. Cərimə qərarı qüvvəyə mindikdən sonra cərimə məbləği 30 (otuz) gün müddətinə hesaba köçürülməlidir. Həmin məbləğ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.14-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində, yəni dərhal və yaxud cərimə qərarı qüvvəyə mindiyi gündən 5 iş günü ərzində ödənərsə tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad olunur. Eyni zamanda bildirmişlər ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.13-cü maddəsinə əsasən cərimə qərarı qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin məbləğ ödənilmədikdə gecikdiriimiş hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanaraq qanunvericliklə müəyyən olunmuş qaydada tərtib olunmuş materiallar məcburi icra olunması üçün müvafiq icra və probasiya şöbələrinə təqdim ediləcəkdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Hazırki iş üzrə itirilmiş müddətin bərpa olunması ilə bağlı Sərdar Abbasov tərəfindən müraciət olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 129.1 və 129.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən «İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər». X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 qəbul etdiyi 29 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddətini ötürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində qəbul olunmuş xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddətini ötürdüyünə görə onun şikayətinə baxılması qeyri-mümkündür. Qeyd olunanlara əsasən X2 şikayəti geri qaytarılmalıdır. X3 inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış müddətin üzürlü hesab edilməsini təsdiq edəcək zəruri sübutları əlavə etdikdən sonra yenidən birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixil Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109, 118, 122, 126, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsi ilə qəbul olunmuş xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti X3 geri qaytarılsın. X3 inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış müddətin üzürlü hesab edilməsini təsdiq edəcək zəruri sübutları əlavə etdikdən sonra yenidən birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar