Məhkəmə qərarları › İş №3(010)-4279/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4279/2024

13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4279/2024 13.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müqavilə üzrə müdafiəçisi Vəkil və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin böyük icra məmuru Nümayəndə iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, tikintidə usta işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1767/2009 saylı, xx.xx.2009-cu il tarixli qiyabi qətnaməsinə və icra sənədinə əsasən cavabdehlər X1 və Şəxs ödənilmiş sığorta haqqı olan 7468,05 (yeddi min dörd yüz altmış səkkiz manat 05 qəpik) manat, nümayəndəyə çəkilməli xərc kimi 1867 (bir min səkkiz yüz altmış yeddi) manat və iddia ərizəsinin verilməsi ilə bağlı 20 manat dövlət rüsumu, cəmi 9355,05 (doqquz min üç yüz əlli beş manat 05 qəpik) manat alınaraq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-yə ("xxxx" ASC-nin hüquqi varisinə) verilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1767/2009 saylı, xx.xx.2009-cu il tarixli qiyabi qətnaməsinə dair icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin könüllü olaraq icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini hazırki günədək tam icra etməmişdir. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru Nümayəndə məhkəmədə izahatında bildirdi ki, icra sənədi üzrə 06 oktyabr 2009-cu il tarixdə Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmışdır. İcra sənədi Suraxanı rayon şöbəsinə daxil olduqdan sonra müvafiq qaydada icra tədbirləri görülmüş, bu barədə qərar və tələbin icrasına dair bildiriş borcluya göndərilmişdir. İcra sənədi üzrə borcun ödənilməsinin məcburi qaydada təmin edilməsi istiqamətində Şəxs məxsus əmlaka yönəldilməsi məqsədi ilə müvafiq əmlak sorğuları verilmiş və tədbirlər görülmüş, adına əmlak aşkar olunmamışdır. Borclu hazırki vaxtadək borcundan heç bir ödəniş etməmiş və ölkəni tərk edərək Rusiyada yaşamışdır. Borclunun barəsində xx.xx.2013-cü il tarixdə axtarış verilmiş və o, Azərbaycan Respublikasına gələrkən saxlanılaraq Suraxanı Rayon İcra Şöbəsinə gətirilmişdir. Bu hal icra sənədi üzrə tələbkarın narazılığına səbəb olur. Tələbkar borcun tam bağlanmasını tələb edir. Göründüyü kimi borclu onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən tam icra etməmişdir. Bu səbəbdən də icra sənədi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, məhkəmənin qərarına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1767/2009 saylı, xx.xx.2009-cu il tarixli qiyabi qətnaməsindən məlumatı olmamış, qətnamə ona təqdim olunmamışdır. Bununla da həmin qiyabi qətnamədən şikayət etmək hüququ məhdudlaşmışdır. 2021-ci ildə qətnamədən xəbər tutmuşdur. Rusiya Federasiyasında olmuş, bu işə görə Azərbaycana gəlmək istəmiş, lakin pandemiya ilə bağlı gələ bilməmişdir. İcra məmurunun çağırışlarına vaxtında gələcəyini bildirmiş və borcu ödəməkdən qərəzli olaraq yayınmamışdır. O vəkili vasitəsilə həmin qiyabi qətnamədən şikayət vermək istəmiş, lakin həmin məhkəmə işi köhnə olduğundan arxivdə olmamış, məhd olunduğu barədə məlumat almışdır. Həmçinin o vaxt sığorta şirkətində olan zaman ona heç bir günahı olmadığı bildirildiyindən günahsız olması qənaətinə gəlmişdir. Ona hüquq və vəzifələrinə dair bildiriş təqdim olunmamış, könüllü icra müddəti verilməmiş, ümumiyyətlə icra işinin nədən ibarət olmasından məlumatsız olmuşdur. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tələbkar "xxxx" Sığorta Şirkəti ASC-yə məhkəmə iclasına gəlməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə tələbkar "xxxx" Sığorta Şirkəti ASC-nin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 2(010)-1767/2009 saylı, xx.xx.2009-cu il tarixli qiyabi qətnaməsinə dair icra sənədi üzrə cavabdehlər X2 və Şəxs ödənilmiş sığorta haqqı olan 7468,05 (yeddi min dörd yüz altmış səkkiz manat 05 qəpik) manat, nümayəndəyə çəkilməli xərc kimi 1867 (bir min səkkiz yüz altmış yeddi) manat və iddia ərizəsinin verilməsi ilə bağlı 20 manat dövlət rüsumu, cəmi 9355,05 (doqquz min üç yüz əlli beş manat 05 qəpik) manat alınaraq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-yə ("xxxx" ASC-nin hüquqi varisinə) verilməlidir. İş materiallarında olan Suraxanı Rayon məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2(010)-1767/2009 saylı qərardadından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1767/2009 saylı, xx.xx.2009-cu il tarixli qiyabi qətnaməsinin ləğv edilməsinə dair Narbekov Xankişi oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil ərizəsinə baxılmış, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1767/2009 saylı mülki iş “Saxlanılmalı olmayan məhkəmə sənədlərinin məhv edilməsi haqqında” 15 fevral 2022-ci il tarixli akta əsasən məhv edildiyindən və qeyd edilən mülki iş olmadığından hazırki ərizəyə baxılması qeyrimümkündür. 06 oktyabr 2009-cu il tarixdə Suraxanı rayon icra şöbəsində icraata başlamaq haqqında qərar qəbul edilmiş, lakin borcu şəxsə bildirişin hansı formada verilməsi və ya göndərilməsi qeyd olunmamış, buna dair zəruri sənəd iş materialına əlavə edilməmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. "xxxx" ASC xx.xx.2018-ci il tarixdə Suraxanı Rayon İcra Şöbəsinə məktub göndərmiş və məktubda göstərilmişdir ki, Suraxanı rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(010)-1767/09 saylı icra sənədi ilə borclular X2 və Şəxs cəmi 7468.05 AZN məbləğ, nümayəndəyə çəkilməli xərc kimi 1867 AZN və 20 AZN dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd edək ki, icra sənədi üzrə artıq 4 ildən çox vaxt keçməsinə baxmayaraq heç bir tədbir görülməmiş və icra sənədində göstərilən borc məbləği olduğu kimi qalmaqda davam edir. İcra sənədi ilə əlaqədar tələbkar "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi "xxxx" MMC Sığorta Şirkəti tərəfindən 11 yanvar 2012-ci il tarixli 18 saylı məktubla Suraxanı Rayon İcra Şöbəsinə müraciət edilmişdir. Lakin qeyd olunan icra sənədi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan qaydada heç bir tədbir görülməmişdir. Hesab edirlər ki, borclular X3 və Şəxs barəsində, inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində heç bir tədbir görülmədiyindən borclu şəxsdə artıq cəzasızlıq hissi yaranmışdır. Yuxarıdakıları nəzərə alaraq, Suraxanı rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(010)-1767/09 saylı icra sənədinin icra olunması üçün borclu barəsində inzibati məsuliyyət də daxil olmaqla, ölkədən getmək hüququnun məhdudlaşdırılması və digər zəruri icra tədbirlərin görülməsi xahiş olunmuşdur. "xxxx" ASC xx.xx.2020-ci il tarixdə Suraxanı Rayon İcra Şöbəsinə məktub göndərmiş və məktubda göstərilmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1767/09 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə borclular X1 və Şəxs 9355.05 AZN tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi qət edilmiş və icra olunması üçün Suraxanı rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Qeyd olunmuşdur ki, icra sənədi üzrə artıq 10 ildən çox vaxt keçməsinə baxmayaraq icra sənədində göstərilən borc məbləği borclular X3 və Şəxs tərəfindən ödənilməmiş və borclarını ödəməyəcəklərini bildirmişdilər. Bu onu göstərir ki, borclular X3 və Şəxs borclarını ödəməkdən qərəzli şəkildə yayınırlar. Hesab edirlər ki, borclular X3 və Şəxs barələrində, onların inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində heç bir tədbir görülmədiyindən borclu şəxslərdə artıq cəzasızlıq hissi yaranmışdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 27ci maddəsinə əsasən icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Yuxarıdakıları nəzərə alaraq, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1767/09 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinin icra olunması üçün borclular X3 və Şəxs barələrində axtarış verilməsi və görülmüş icra tədbirləri barədə "xxxx" Sığorta Şirkəti ASC-yə məlumat verilməsi xahiş olunmuşdur. "xxxx" ASC xx.xx.2024-cü il tarixdə Suraxanı Rayon İcra Şöbəsinə məktub göndərmiş və məktubda göstərilmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1767/09 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə borclular X1 və Şəxs 9355.05 AZN tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi qət edilmiş və icra olunması üçün Suraxanı rayon icra şöbəsinə göndərilmişdir. Görülmüş icra tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, borclu Şəxs hal-hazırda ”ARKA" MMC-də işləyir. Ünvan: Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Kağız-Karton Fabriki. ***-***-**-** Kadrlar şöbəsi Fazilə xanım, Mühafizə ***-***-**-**. Həmin faktın araşdırılması və əmək haqqı hesabından pul vəsaitinin tutulması istiqamətində tədbirlər görülməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1767/09 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinin icrasını təmin etmək üçün borclu Şəxs tələb olunan borcun ödənilməsi istiqamətində zəruri icra tədbirlərin görülməsini və icra tədbiriəri nəticəsində ödəniləcək pul vəsaitinin ərizədə göstərilən hesab nömrəsinə köçürülməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 528ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd edir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: 1) məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi, 2) borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi, 3) borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi, 4) borclu tərəfindən məhkəmə qərarının icra edilməsi üçün yetərli tədbirlərin görülməməsi. Məhkəmə borclu Şəxs Suraxanı Rayon Məhkəməsinin 2(010)-1767/2009 saylı, xx.xx.2009-cu il tarixli qiyabi qətnaməsinə və icra sənədinə əsasən yaranmış borcunu nəzərə alaraq hesab edir ki, borclunun Suraxanı Rayon Məhkəməsinin 2(010)-1767/2009 saylı, xx.xx.2009-cu il tarixli qiyabi qətnaməsindən məlumatı olmamış, heç bir bildirişə və sənədə imza etməmiş, qətnamə ona təqdim olunmamış və 2021-ci ildə qətnamədən xəbər tutmuşdur. Həmin dövrdə Rusiya Federasiyasında olmuş, bu işə görə Azərbaycana gəlmək istəmiş, lakin pandemiya ilə bağlı gələ bilməmişdir. Bu səbəbdən məhkəmə qətnaməsini icra edə bilməməsinə görə borclu Şəxs əməlinin sözügedən icra sənədinin icrasını üzrsüz səbəbdən icra etməməsi kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yolverilməzdir. Belə ki, şəxs qiyabi qətnaməni əldə etdikdən sonra razı qalmadığı üçün Suraxanı rayon Məhkəməsinə işə iddia icraatı qaydasında baxılması üçün ərizə vermiş, lakin məhkəmənin arxivində həmin material akt əsasında məhv edildiyindən ərizəyə baxılması mümkünsüz olmuşdur. Bununla da Şəxs Suraxanı Rayon Məhkəməsinin 2(010)-1767/2009 saylı, xx.xx.2009-cu il tarixli qiyabi qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi faktı məhkəməyə təqdim olunmuş dəlillərlə sübuta yetirilmədiyindən və Şəxs əməlində hazırki vəziyyətdə inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar