Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-428/2020 04.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs x1 iştirakı ilə Suraxanı Rayon DYPŞ-nin vəzifəli şəxsinin 10 aprel 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından x2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon DYPŞ-nin vəzifəli şəxsinin 10 aprel 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə x2 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilmişdir. Həmin qərar inzibati xəta haqqında iş üzrə 08 aprel 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında verilib. Qərara əsasən x2 08.04.2020-ci ildə saat 14:08-də «Opel Astra» minik markalı 99KX655 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXMnin 211-ci maddəsində (03 iyun 2020-ci il tarixinədək olan redaksiyada) nəzərdə tutulan inzibati xətanı törətmiş, yəni epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs x2 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək həmçinin bildirmişdir ki, Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsi x3 TP seriyalı ******* nömrəli 10.04.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə 100 manat cərimə tətbiq edilmişdir. Müvafiq inzibati xəta haqqında protokol o, əsasla tərtib edilib ki, onun avtomobilində özündən başqa 3 nəfər olub. Qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi karantin rejimi ilə bağlı qəbul etdiyi qərarlarda vətəndaşlara məxsus avtomaşınlarda hansı sayda sərnişin daşınmasına qadağa qoyulması barədə heç bir imperativ göstəriş yoxdur. Belə olan halda barəsində qəbul olunmuş qərar qanuni sayıla bilməz. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Suraxanı Rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən məhkəmə şikayətə Suraxanı Rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin olunmalıdır. «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarı ilə 05 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri müəyyən edilmişdir («Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2020-ci il tarixli 144 nömrəli Qərarının 5-ci bəndi ilə yuxarıda qeyd olunan müddət 04 may 2020-ci il tarixinədək, «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 163 nömrəli Qərarının 6.1-ci bəndi ilə isə 31 may 2020-ci il tarixinədək uzadılmış, «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2020-ci il tarixli 176 nömrəli Qərarının 1-ci, 1.1.1-ci və 4-cü bəndləri ilə 18 may 2020-ci il saat 00.00-dan etibarən «yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi», həmçinin «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarı ləğv edilmişdir). Beləliklə, Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq «yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi» 05 aprel 2020-ci il saat 00.00dan 18 may 2020-ci il saat 00.00-dək qüvvədə olub. İnzibati xəta haqqında iş üzrə 08 aprel 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokolun alt hissəsində aşağıdakı məzmunda qeyd və imza var: «Avtomaşında sürücüdən başqa 3 sərnişin var». x2 bildirir ki, məhz buna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və müvafiq qərarla cərimə olunmuşdur. Məsələyə münasibət bildirərək, məhkəmə şikayətçinin dəlili ilə razılaşır və qeyd edir ki, Nazirlər Kabinetinin xüsusi karantin rejiminin tətbiqi ilə bağlı qərarlarında nəqliyyat vasitələrində sərnişinlərin sayı ilə bağlı heç bir məhdudiyyət müəyyən edilməyib. İstər inzibati xəta haqqında protokolda, istərsə də qərarda x1 başqa hansı konkret əməllə (məsələn icazə olmadan hərəkət etməsi və s.) Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilməyib. x2 bildirir ki, zəruri icazəsi olub və barəsində inzibati xəta haqqında protokol yalnız yuxarıda göstərilən əsasla, yəni avtomobildə ondan başqa 3 nəfərin olması əsası ilə tərtib edilib. Şikayətçinin bu dəlilləri inzibati xəta haqqında müvafiq qərar qəbul edilərkən araşdırılmayıb. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. x1 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə olunması ilə bağlı Suraxanı Rayon DYPŞ-nin vəzifəli şəxsinin 10 aprel 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün Suraxanı Rayon DYPŞ-nə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-428/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-428/2020
04.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver