Məhkəmə qərarları › İş №3(010)-4281/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-4281/2024

10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-4281/2024 10.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlu Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib olunmuş 10 sentyabr 2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. İş materiallarını nəzərdən keçirib qərara alıram ki, həmin inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə, 24 avqust 2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə ayrı-ayrı ünvanlardan oğurluq etmişdir. Onun barəsində İXM-nin 227-ci maddəsi ilə ayrı-ayrılıqda 3 protokol tərtib olunaraq inzibati xəta haqqında materiallar eyni gündə məhkəməyə daxil olmuşdur. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən İXM-nin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Burada qanunverici eyni və ya müxtəlif vaxtlarda törədilən bir neçə inzibati xətaya dair işlərin məcmusunun yaranmasının ümumi şərtini müəyyən edərək onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni vaxtda baxılmasını nəzərdə tutmuşdur. Eyni və ya müxtəlif vaxtlarda törədilən bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını isə qanunverici eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi lazım bilir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xəta haqqında protokolun tərtib edilməsi eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu müəyyən edildikdə, inzibati xəta haqqında iş üzrə icraatı başlamış və protokol tərtib etmiş müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) prosessual qənaət prinsipinin qorunması və işlərə qanunvericiliklə nəzərdə tutulmuş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi ilə bir neçə inzibati xəta haqqında işi (protokolu) bir icraatda birləşdirərək məhkəməyə göndərməkdə haqlıdır. Məhz buna görə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi bir neçə inzibati xətaya dair işlərin məcmusunun hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni vaxtda baxılmasını nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi şəxsin məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir. Belə ki, həmin maddəyə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsindən göründüyü kimi, qanunverici müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə həmin Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq eyni vaxtda baxılmasının eyni orqan tərəfindən tərtib edilmiş protokollar və həmin xətalara baxılmasının eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni şəxs tərəfindən müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətindədirsə, bu xətaların heç birinə görə ona inzibati tənbeh tətbiq edilməmişdirsə və törədilən inzibati xətaların heç birinə görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdirsə məhkəmə və ya müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) bu inzibati xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Bu tələb birbaşa İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.4-cü maddələrinin müddəalarından irəli gəlir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 227-ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Göründüyü kimi Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə ayrı-ayrılıqda protokol tərtib olunaraq inzibati xəta haqqında materiallar eyni gündə məhkəməyə daxil olsa da lakin bir icraatda birləşdirilməmiş və 3 material formasında təqdim olunmuşdur. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 10 sentyabr 2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə qaytarılsın. Hakim : Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar