Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4287/2022 04.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 iştirakı ilə, Şəxs, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X3 qeydiyyatda olan, barəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 27 sentyabr 2022-ci il tarixli məktubu ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tərtib edilmiş 26 sentyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərmişdir. 05 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuş 26 sentyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auditi aparılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X4 izahatında göstərdi ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş protokol düzgün tərtib olunmamışdır. Belə ki, Cəmiyyət tərəfindən məcburi auditdən yayınma halına yol verilməmiş, 2020-ci il üzrə illik maliyyə hesabatlarının auditi aparılmış və bununla bağlı müvafiq sənədlər tərəflərindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilmişdir. Buna görə də, X4 qeyd olunanları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Maliyyə Nazirliyina məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri X1 tərəfindən tərtib edilmiş 26 sentyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auditinin aparılmamasına görə inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs tərəfindən 2020-ci il üzrə maliyyə hesabatlarının auditi 2021-ci ildə aparılmışdır. Şəxs nümayəndəsinin məhkəmə iclasında təqdim etdiyi Şəxs 31 dekabr 2020-ci il tarixinə maliyyə hesabatlarının audit materiallarından görünür ki, Şəxs tərəfindən 2020-ci il üzrə maliyyə hesabatlarının auditi 2021-ci ildə aparılmışdır. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə -vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən Audit-əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Həmin qanunun 3-cü maddəsinə əsasən təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir. Auditor xidməti dövlət orqanlarının öz səlahiyyətləri daxilində təsərrüfat subyektlərinin fəaliyyətini yoxlamasını istisna etmir. Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir. Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. O, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur. Bununla yanaşı təsərrüfat subyektləri auditor seçməkdə sərbəstdirlər. Təsərrüfat subyektləri maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edilir “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.7-ci maddəsinə əsasən maliyyə hesabatları - mühasibat uçotu subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir: - il ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; - oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla; - digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla. Beləliklə, yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Hazırki halda Şəxs tərəfindən auditdən yayınma halı təsdiq edilmir. Qanunvericiliyin tələbinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Açıq və qapalı səhmdar cəmiyyətləri (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarını hamının tanış olması üçün hər il dərc etməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-4287/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4287/2022
04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver