Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4295/2024 13.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun dövlət hesabına təyin edilmiş 9 saylı Vəkil Bürosundan müdafiəçisi X3 və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X2 iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 004YKF, subay, orta təhsilli, işləməyən, əlilliyi olmayan, əvvəllər məhkum olunmuş, Lerik rayonu, Kələxan ərazi dairəsi, Kələxan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük sovxozu, nömrəsiz evdə yaşayan, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 12 sentyabr 2024-cü il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində Suraxanı RPİ-nin PPXB-nün polis nəfərlərinin qanuni tələblərinə tabe olmayaraq, ucadan nəlayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında 13 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X4 izahatında göstərdi ki, Suraxanı RPİ-nin PPXB-nün əməkdaşları xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu, Binə qəsəbəsində qazonluq deyilən ərazidə fermada bir nəfər şəxsin laqonda ilə durbaları kəsdiyini görmüşlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib nə işlə məşğul olduğunu və durbaları niyə kəsdiyini bildirmişlər. Həmin şəxs polis əməkdaşlarından qaçmaq istəyən zaman polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, ucadan nəlayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmiş və onlara tabesizlik göstərmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu, Binə qəsəbəsində qazonluq deyilən ərazidə fermada laqonda ilə paslı durbaları kəsən zaman Suraxanı RPİ-nin PPXB-nün əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib nə işlə məşğul olduğunu və durbaları niyə kəsdiyini bildirmişlər və onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparmışlar. Bildirmişdir ki, çörək pulu qazanmaq üçün paslı dəmir yığıb sataraq özünü dolandırmaq istəmişdir. Oğurluq etmək istədiyi ərazi sahibsiz yerdir və orada heç kim olmamışdır. Zənn etmişdir ki, kəsmək istədiyi dəmir borular heç kəsə məxsus deyildir. Oğurluq əməlini başa çatdıra bilməmiş, çünki hadisə yerinə post patrul xidməti əməkşdaları gələrək onu saxlamışlar. Sonda məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri kifayət qədər sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 510 və 535.1-ci maddələri ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Suraxanı RPİ-nin PPXB-nün əməkdaşları xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu, Binə qəsəbəsində qazonluq deyilən ərazidə fermada bir şəxsin laqonda ilə dəmir durbaları kəsdiyini görmüşlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib nə işlə məşğul olduğunu və durbaları niyə kəsdiyini bildirmişlər. Həmin şəxs polis əməkdaşlarından qaçmaq istəyən zaman polis əməkdaşları onu saxlayaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparmışlar və raportla növbətçi hissəyə təhvil vermişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:05 radəsində inzibati ərazidə baş vermiş oğurluq faktlarında şübhəli xx.xx.1978-ci il təvəllüdlü Şəxs izahatının alınması və dindirilməsi məqsədilə inzibati otağa dəvət olunan zaman 30-cu PŞ-in dəhlizində özünü qeyri-adekvat apararaq səs küy salmış, uca səslə təhqiramiz ifadələr işlədərək PŞ-nin iş rejimini pozmuşdur. Dəfələrlə sakitləşdirilməsinə, qanunun tələblərinə əməl etməsinə və irad bildirilməsinə baxmayaraq hərəkətlərinə davam edərək polis əməkdaşlarına təhqiramiz və hədələyici ifadələr işlətmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını İXM-nin 32-ci maddəsinə əsasən məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXm-nin 31-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunan istisna hallardan heç biri Şəxs aid edilmir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir, belə ki o, Azərbaycan Respublikası İXM-nin 221.3-cü maddəsi ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, heç bir faydalı işlə məşğul olmur, xırda talama əməli törədən zaman polis əməkdaşları tərəfindən qarşısı alınmış, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, hüquqazidd hərəkətlərini davam etdirmiş və qeyd olunanlara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 12 sentyabr 2024-cü il tarixdə, saat 15:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi xətaların xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla onun barəsində inzibati həbs tənbeh növünün təbiq edilməsi daha ədalətli olar və inzibati xətalar qanunvericiliyinin prinsip və normalarına uyğun olar. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu - 12 sentyabr 2024-cü il tarixdən, saat 15:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu - 12 sentyabr 2024-cü il tarixdən, saat 15:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. X1 inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 02 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 12 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h **********9212327214, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-4295/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4295/2024
13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver