Məhkəmə qərarları › İş №3(010)-434/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-434/2021

12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-434/2021 12.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsində hüquqşünas-məsləhətçi işləyən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 37 nömrəli evin 95 nömrəli mənzilində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, MİDA, X2, İnşaatçılar küçəsi, bina 4, giriş 129, mərtəbə 2, mənzil 2 ünvanında yaşayan, barəsində Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 11 mart 2021-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 18 fevral 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. 18 fevral 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs, 18 fevral 2021-ci il tarixdə, saat 07:21-də “Ford Escape” markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesində idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, həmin vaxt spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən sərxoşluq vəziyyəti ACE-Z markalı, İN-642074 nömrəli alkotesterlə yoxlanıldıqda qanında alkoqolun konsentrasiyasının 0.310 promilli olduğu, bununla da Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi müəyyən edilmişdir. Buna görə də Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin yol patrul xidməti inspektoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında 18 fevral 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xətaların törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq etməyərək və inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, 18 fevral 2021-ci il tarixdə, təxminən saat 07:20 radələrində “Ford Eskape” markalı, ** VX *** dövlət nömrə nişanlı avtomobili idarə edərək işə gedərkən yaşadığı ünvanın yaxınlığında, yolun Zığ şossesinə birləşən hissəsində həmin vaxt səbəbi məlum olunmayan reyd keçirən X8 əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt X8 əməkdaşı geyimində olan bir nəfər şəxs yaxınlaşaraq özünü, vəzifəsini və saxlanılma səbəbini izah etmədən maşının pəncərəsindən ona tərəf bir vasitə (cihaz) uzadaraq, ondan ora üfürməyi tələb etmişdir. O, yol patrul xidməti əməkdaşından ilk öncə özünü təqdim etməyi və saxlanılmasının səbəbi barədə məlumat verməsini xahiş etmiş, lakin sonuncu uca səslə ondan cihaza üfürməyi təkidlə tələb etmişdir. Həmin şəxsin aqressiv davranışından ehtiyat edərək, onun əmrlə dediyi göstərişini yerinə yetirərək cihaza üfürmüşdür. Həmin şəxs test göstəricini göstərmədən ondan maşından düşməyi və nəqliyyat vasitəsinin dərhal dayanacağa aparılacağını, əks halda əməlinin içkili vəziyyətdə polisə müqavimət göstərməsi kimi qiymətləndiriləcəyini və barəsində həbslə bağlı tədbir görüləcəyini bildirmişdir. O, Müdafiə Nazirliyində işlədiyini, işə getdiyini və heç bir spirtli içki qəbul etmədiyini bildirməsinə baxmayaraq, yol patrul xidməti əməkdaşı ondan 90 YP-393 dövlət nişanlı avtomobilə əyləşməsini tələb etmişdir. Bu tələbə də yabe olaraq, avtomobilini yol kənarında saxlayıb qeyd etdiyi yol patrul xidməti avtomobilinə əyləşmişdir. Həmin şəxs orada bir daha ondan spirtli içki qəbul edib-etməməyini soruşmuş, o spirtli içki qəbul etmədiyini qətiyyətlə israr etmişdir. Belə olan halda yol patrul xidməti əməkdaşı başqa bir cihaz təqdim edərək, həmin cihaza da üfürməsini tələb etmişdir. Bundan sonra yol patrul xidməti əməkdaşı test göstəricilərinə baxaraq ona sprtli içki qəbul etdiyini təkidlə bildirmiş, o isə içkili olmadığını demişdir. Yol patrul xidməti əməkdaşı aparatın nəticəsini təqdim etmədən ona “bu aparatın qiyməti 26.000 avrodu yalan demiyəcək ki” demişdir. Dəfələrlə spirtli içki qəbul etmədiyini bildirsə də, yol patrul xidməti əməkdaşı onun sözlərinə məhəl qoymadan “bu işin iki həlli var” demişdir. Sözlərinə məhəl qoyilmadığını görüb bu iki həllin nədən ibarət olduğunu soruşmuşdur. Bu zaman X8 əməkdaşı ona bildirmişdir ki, birinci həllin - dərhal avtomobilin bort kompüteri vasitəsi ilə elektron protokolun yazılmasından, polis bölməsinə aparılaraq inzibati qaydada məhkəmə vasitəsi ilə həbs ediləcəyindən, daha sonra qanunsuz əməlləri barədə iş yerinə məlumat verilərək ona problemlər yaradılacağından ibarətdir. Bununla da yol patrul xidməti əməkdaşı vəzifə səlahiyyətlərini aşaraq vəzifəsindən sui-istifadə edərək, hədə-qorxu gələrək onu təhdid etmişdir. Həmin şəxsin ona qarşı çox qərəzli bir mövqe tutduğunu görmüşdür. Bundan sonra onun dediyi 2-ci məsələnin nədən ibarət olduğunu və necə həll olunacağını soruşmuşdur. Cavabında yol patrul xidməti inspektoru bildirmişdir ki, “ikinci həll onda ibarətdir ki, sən bir peşmanlıq izahatı yazırsan, orada nə vaxtsa spirtli içki qəbul etdiyini etiraf etməklə və bir daha sprtli içki qəbul edib avtomobil idarə etməyəcəyinə söz verirsən, bundan sonra gedirsən işinə. Sabah axşama qədər Badamdar qəsəbəsində yerləşən Bakı şəhər Baş X8 İdarəsinin 20 nömrəli otağına, polis mayoru Xeyrulla Cəlilova yaxınlaşırsan, ona hörmət edərsən və o bu məsələni həll edir.” Xeyrulla Cəlilova nə qədər hörmət etməli olduğunu və bunun əvəzində barəsində nə kimi tədbir görüləcəyini soruşanda yol patrul xidməti əməkdaşı ona “mənim istədiyim 500 manatı verə billəsən, yox. Hələ məndən protokol istəyib narazılıq edirsən. Ona görədə sənə deyirəm getməlisən Xeyrulla müəllimin yanına. O səni başa salacaq.” deyə cavab vermişdir. Yol patrul xidməti əməkdaşına, işə gecikdiyini, barəsində qanuna müvafiq tədbir görülməsini, inzibati protokolun tərtib edilməsini, barəsində tərtib ediləcək protokolla razılaşmayacağını və yuxarı instansiyalara şikayət edəcəyini demişdir. Eyni zamanda yol patrul xidməti inspektorundan yaxalığında olan səsyazma cihazının qoşulub-qoşulmadığını soruşduqda yol patrul xidməti inspektoru ona “sənə nə lazımdır, tutaq ki qoşmamışam, nə edəcəksən. Qoşmamışam sənə nə” deyə cavab vermişdir. Bir daha etik davranış qaydaları çərçivəsində yol patrul xidməti inspektoruna “mən axı spirtli içki qəbul etməmişəm, Sizin vicdanınız necə qəbul edir ki, mənə nəsə yazdırıb məcbur edirsizniz ki, gedib Xeyrulla Cəlilova rüşvət verim, axı mən maaşa baxan adamam, hərbi təqaüdçüyəm, Müdafiə Nazirliyinin Hüquq İdarəsinin işçisiyəm, mənim 400-500 manatım hardandı. Niyə hansı səbəbdən kiməsə pul verməliyəm. Məni niyə rüşvət verməyə təkid edirsiniz” dedikdə, sonuncu ona “demoqoqluq eləmə, sənə də yaxşılıq yaramır, xahiş-minnət edərsən, bəlkə tanış çıxarsız mayor Cəlilovla bəlkə pulsuz buraxacaq, ya da 500 manat verərəsən həll edər, bal da yazılmaz” demişdir. Bu sözlərə narazılığını bildirəndə həmin şəxs onun dediklərinə qulaq asmayaraq, üstünə qışqıraraq “sən uje başqa cür danışırsan, yazmırsansa onda səni gərək aparaq bölməyə, mənə tabe olmursan” demişdir. Bu davranışla yol patrul xidməti əməkdaşının onu təhdid edərək qorxutduğunu və onu özünə qarşı aktiv etiraz etməyinə vadar etdiyini hiss etmişdir. Bu səbəbdən və DYP əməkdaşlarının ona qarşı edə biləcəyi digər qanunsuz əmələrindən özünü qorumaq məqəsdilə (yəni daha da başqa əməllərlə şərlənməməyə görə) yol patrul xidməti əməkdaşının deiyi kimi izahat yazmağa razılıq vermiş və məcburiyyət qarşısında ona təqdim olunan və üzərində heç bir tarix və nömrə olmayan bir akt kağızında nə vaxtsa spirtli içki qəbul etdiyini və bir daha sprtli içki qəbul edib avtomobil idarə etməyəcəyinə söz verdiyini, başqa heç bir narkoloji və ya psixotrop vasitələr istifadə etmədiyini yazmışdır. Bütün bu yazdıqlarnı yalnız ona görə etmişdir ki, içki içmədiyi halda sərxoşluğu boynuna qoymağa çalışan yol patrul xidməti əməkdaşı onu, daha pis hərəkətlərlə şərləyə bilərBuna görə də tez bir zamanda oradan uzaqlaşmaq üçün nə deyilmişdirsə onu da yazıb imzalamışdır. Bundan sonra, həmin inspektor başqa bir inspektora onun avtomobilini duracağa aparıb duracağa yerləşdirilməsinə dair göstəriş vermişdir. Buna etiraz etsə də, yəni sürücülük vəsiqəsi olan adam çağırıb avtomobilini yaşadığı ünvana aparmaq istədiyini, qanunvericiliyin buna yol verdiyini bildirsə də, dediklərinə heç bir məhəl qoyulmadan, yol patrul xidməti inspektoru “səninlə deyəsən başqa cür danışmalı olacam” sözləri ilə onu təkrar təhdid edərək, ona yenidən hədə-qorxu gəlmişdir. O, məcbur olub başqa bir əməkdaşın yanında oturmuş, onun müşayəti ilə avtomobili Babək prospektində yerləşən avtoduracağa aparılmışdır. bütün qeyd etdikləi ilə yanaşı, onu saxlayan DYP əməkdaşı İnzibati Xətalar Məcəlləsinin 96-cı və 124-cü maddələrində göstərilən prossesual qaydaları kobud şəkildə pozmuşdur. Belə ki, onu saxlayarkən və daha sonra onun sürücülük vəsiqəsi, avtomobilin texniki pasportu və həmin avtomobili idarə etməyinə səlayihətlərinin olması yoxlanılmamış, ondan sənədlər tələb olunmamış və götürülməmişdir. Bundan başqa, onu yoxlayarkən istifadə edilmiş texniki vasitənin müayinə nəticələri ilə razı olmadığı halda, onu tibbi müayinəyə aparmaq əvəzinə vəzifə səlayihətlərini aşaraq və sui-istifadə edərək, onu Xeyrulla Cəlilova yönləndirib rüşvət almaq məqsədi ilə, onu həbs etdirməklə təhdid edərək onu peşmanlıq ərizəsini yazmağa məcbur etmişdir. Bundan başqa, “BMW” markalı, **-YP-*** dövlət nömrə nişanlı yol patrul xidməti avtomobilinin texniki imkanları yol verdiyi halda, yəni avtomobildə quraşdırılmış bort-kompüter vasitəsi ilə barəsində dərhal inzibati protokol tərtib edilməmiş və müvafiq icra hakimiyyəti orqanının (ASAN Xidmət) mərkəzi informasiya sistemində yerləşdirilməmiş, ona bu barədə məlumat verilməmiş və inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti ona təqdim edilməmişdir. Habelə, nəqliyyat vasitəsindən kənar edilməsinə baxmayaraq, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib edilməmiş və həmin sənədin surəti ona təqdim edilməmişdir. Bundan başqa, avtomobili müvəqqəti duracağa yerləşdirilərkən, avtomobilin texniki vəziyyəti və təhvil verilməsi barədə akt tərtib edilməmiş, yalnız həmin gün saat 18:05 radələrində o, avtomobili duracaqdan götürərkən sonradan yazılmış, lakin müvafiq qrafaları doldurulmamış aktda, avtomobilini təhvil almağı barədə imza etmişdir. Bundan sonra o, takisiyə minərək saat 9:30 radələrində iş yerinə getmiş və idarə rəisinə gecikməyinin səbəblərini izah etmiş, bütün baş verənləri olduğu kimi danışmışdır. İdarə rəisi öz növbəsində ondan həqiqətən spirtli içki qəbul edib-etmədiyini soruşmuş, o sonuncuya da spirtli içki qəbul etmədiyini demişdir. Bundan sonra idarə rəisinin şifahi göstərişi əsasında işlədiyi idarənin xidməti avtomobili ilə müayinədən keçmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə getmişdir. Orada tibbi müayinədən keçmiş və həmin müəssisə tərəfindən onun ayıq olması, onda alkoqol qəbulu əlamətlərinin olmamasına dair 18 fevral 2021-ci tarixli, 2/2100 nömrəli protokol tərtib edilmişdir. İş yerinə qayıdaraq Respublika Narkoloji Mərkəzinin 18 fevral 2021-ci tarixli, 2/2100 nömrəli protokolunu idarə rəisinə təqdim etmiş və saat 14:00 radələrində Bakı şəhər Baş X8 İdarəsinin 20 nömrəli otağında, polis mayoru Xeyrulla Cəlilovun yanına getməyinə icazə istəmişdir. İdarə rəisi ona icazə vermiş və tapşırmışdır ki, Respublika Narkoloji Mərkəzinin 18 fevral 2021-ci tarixli, 2/2100 nömrəli protokolunu polis mayoru Xeyrulla Cəlilova təqdim etsin və anlaşmamazlıq olduğunu bildirsin. 18 fevral 2021-ci il tarixdə, saat 14:00 radələrində Bakı şəhər Baş X8 İdarəsinin 20 nömrəli otağında, polis mayoru Xeyrulla Cəlilovun qəbulunda olmuş, yuxarıda qeyd etdiyi məsələləri onun nəzərinə çatdırmış, (həmin vaxt Cəlilovun yanında özünü köməkçisi kimi təqdim edən adını bilmədiyi bir nəfər var idi) Respublika Narkoloji Mərkəzinin 18 fevral 2021-ci tarixli, 2/2100 nömrəli protokolunu təqdim edərək DYP əməkdaşlarının etdikləri qanunsuz əməllər barədə ona məlumat vermiş və hazırda inzibati protokol tərtib edilməməsini nəzərə alaraq avtomobilimin qaytarılmasını və həmin şəxslərin qanunsuz əməllərinin isə özləri tərəfindən araşdırılaraq tədbir görülməsini təklif etmişdir. Lakin, X6 bildirmişdir ki, “mənim xəbərim var sənə deyilən normal sözü eştmirsən, qanunla istəyirsənsə hazırda inzibati xəta törətdiyinə dair ona sənədlər daxil olmayıb, bu məsələlər mənlik deyil, səni saxlayan inspektorluqdu, məhkəmədə tibbi müayinə aktınızı təqdim edərsiz və orada qiymət verilər.” Onun bu münasibətini gördükdə sual vermişdir ki, “birinci bu məsələ Sizlik deyilsə onda hansı məqsədlə və maraqla DYP inspektoru mənim barəmdə inzibati protokol tərtib etmədən Sizin ünvanınıza yönləndirir? Bundan başqa, əgər saat 14:00-a kimi barəmdə hələ də inzibati protokol tərtib edilməyibsə, inzibati xətanın üzərindən 07 saat keçdikdən və mənim tibbi müayinə keçməyim barədə akt təqdim etməyimdən sonra Siz və ya həmin inspektor hansı əsaslarla mənim barəmdə İXM-nin 333.1-ci maddəsi ilə inzibati protokol tərtib edəcəksiniz?” X6 isə acıqla ona “narahat olma hər şey olacaq, protokolda, sənədlərdə və sairə.” deyə cavab vermişdir. X5 “Siz necə arxa tarixlə bu sənədləri tərtib edə bilərsiz axı, bu tamamilə Qanununsuzluqdur!” dedikdə, sonuncu ona “bu bizim işimizdi necə edəcik” deyib ondan təcili otağını tərk etməsini tələb etmişdir. X1 insanları sərxoşluq adı ilə tələyə saldığını görüb, ondan protokol yazılmayıbsa və hətta avtomobilinin dayanacağa qoyularkən təhvil aktının yazılmadığına görə avtomobilinin özünə qaytarılmasını tələb etmişdir. X6, avtomobilini qaytaracağını bildirsə də, əvəzində heç bir əsas olmadan ondan sürücülük vəsiqəsini tələb etmişdir. Səbəbini soruşduqda, X6 “sənin heç bir sənədin məndə yoxdur, sürücülük vəsiqəni ver, maşını buraxım, əks təqdirdə maşın duracaqda qalacaq, səhər gələrsən vəsiqəni qaytaracam.” demişdir. Onun bu sözlərindən sonra sürücülük vəsiqəsini təqdim etmiş və avtomobilinin duracaqdan götürülməsinə dair 009151 nömrəli arayış almışdır. Həmin arayış əsasında saat 18:05 radələrində avtomobilini özü duracaqdan götürüb, idarə edərək evinə qayıtmışdır. 19 fevral 2021-ci il tarixdə, saat 09:30 radələrində yenidən X3 yanına gedərək sürücülük vəsiqəsinin qaytarmasını tələb etmiş, sonuncu isə vəsiqəsinin sənədlərlə birlikdə məhkəməyə göndəriləcəyini bildirmişdir. X3 yanından iş yerinə qayıtdıqdan sonra, 18 fevral 2021-ci il tarixdə, saat 14:52-də “inzibati xətanın” üzərindən 08 saat keçməsinə və vəzifəli şəxsə ayıq olması barədə akt təqdim etməsinə baxmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə zidd olaraq “AsanPay” xidmətindən onun mobil telefonuna Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələrinə əsasən (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) barəsində 18 fevral 2021-ci il tarixli, ******* nömrəli inzibati protokolun tərtib edilməsi və 400 manat cərimə olunmağı barədə SMS bildiriş daxil olmuşdur. “AsanPay” elektron portalına daxil olub həmin protokola baxdıqda, yenidən inzibati protokolun tərtib edilməsi zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinin kobud şəkildə pozulduğunu müəyyən etmişdir. Belə ki, onun barəsində dərhal inzibati xəta haqqında protokol tərtib edilməməsinə və bununla bağlı heç bir prossesual qaydalara riayət olunmamasına baxmayaraq və inzibati xəta haqqında protokolda, protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər göstərilməli olduğu halda “AsanPay” vasitəsi ilə şəxsi elektron kabinetində yerləşdirilən 18 fevral 2021-ci il tarixli, ******* nömrəli inzibati protokolda qeyd etdiyi məlumatlar göstərilməmişdir. Bundan başqa, onun iştirakı olmadan, inzibati xətanın baş verməsindən 08 saat sonra inzibati xəta haqqında 18 fevral 2021-ci il tarixli, ******* nömrəli inzibati protokol tərtib edilərkən, ona bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamış, inzibati xəta haqqında protokolun surəti ona verilməmiş, protokol onun tərəfindən imzalanmamışdır. Buna görə də Şəxs qeyd olunanları, Azərbaycan Respublikası Daxili İşlər Nazirinə və Azərbaycan Respublikası Baş Prokuroruna ünvanladığı ərizələrin surətlərini, Respublika Narkoloji Mərkəzinin 18 fevral 2021-ci tarixli, 2/2100 nömrəli protokolununun kserosurətini, inzibati xəta haqqında 18 fevral 2021-ci il tarixli, ******* nömrəli inzibati protokolun “AsanPay” portalında yerləşən şəxsi kabinetinə gələn elektron variantının çap versiyasını, avtomobilin mühafizə olunan duracaqdan götürülməsinə dair 009151 nömrəli arayışın kserosurəti, mobil telefonuna 18 fevral 2021-ci il tarixdə, saat 14:52-də daxil olmuş SMS bildirişin fotokopiyasının əlavə olunmasını, Respublika Narkoloji Mərkəzinin 18 fevral 2021-ci tarixli, 2/2100 nömrəli protokolunu nəzərə alaraq, yəni təqdim edilən sübütlar əsasında inizbati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157-188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206– 208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” siyahısının 2 və 2.4-cü bəndlərinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 211, 322.0.2, 322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə), 322.0.8, 323, 326-1, 327.1 – 327.5, 329 – 331, 332.1 – 332.3, 338.1 – 338.6, 339.1 (fiziki şəxslər barədə), 342.1.1 – 342.1.8, 342.1.11, 342.2, 342.5 – 342.7, 344, 356.1, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə) və 469.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə) maddələrində (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla), habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1, 322.0.7, 322.0.9, 322.0.10-cu, 346-cı və 346-1.2 – 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – X8nin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş X8 İdarəsinin, X8 idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının X8 şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Göründüyü kimi hazırki iş üzrə törədilmiş inzibati xətalardan biri, yəni Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işə baxmaq rayon (şəhər) məhkəmələrinin, digəri isə yəni Azərbaycan Respublikası İXM-in 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işə baxmaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X8nin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş X8 İdarəsinin, X8 idarələrinin, ərazi polis orqanlarının X8 şöbələrinin, bölmələrinin, qruplarının səlahiyyətinə aiddir. Qanunvericiliyin tələbinə əsasən məhkəmənin Azərbaycan Respublikası İXM-in 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olmadığından hazırki iş üzrə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə münasibətdə qiymət verilməlidir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən, habelə əməlində inzibati xətanın tərkibi olmadığından inizbati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraata aprılan şəxs Şəxs məhkəmə iclasında təqdim etdiyi və iş materiallarına əlavə edilmiş 18 fevral 2021-ci il tarixli, 2/2100 saylı “Sərxoşuluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs 18 fevral 2021-ci il tarixdə saat 10:00-da tibbi müayinə olunarkən ayıq olmuşdur. İş materiallarında olan 18 fevral 2021-ci il tarixli, 06776 nömrəli test göstəricisindən görünür ki, Şəxs sərxoşluq vəziyyətinin “ACE-Z” markalı, İN-642074 nömrəli xüsusi texniki vasitə ilə müayinəsi nəticəsində onun qanında alkoqolun konsentrasiyası 0.310 promilli olmuşdur. Bununla da işə məhkəmədə baxıldığı zaman Şəxs oğlunun 18 fevral 2021-ci il tarixdə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsinə dair biri digərinə ziddəytli olan sübutların mövcud olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İXMnin 333.1-ci maddəsi ilə təqsirli olması barəsində yuxarıda qeyd olunan şübhələr Şəxs xeyrinə həll edilməlidir. Bundan başqa, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 83-cü maddəsinin 3-cü bəndinə əsasən müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. (narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir). Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İXM-nin 69.1-ci maddəsinə əsasən işin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.4, 96.4.1 və 96.4.3-cü maddələrinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokolda protokolun tərtib edildiyi yer, tarix və vaxt, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırmanın və sərxoşluq vəziyyətini müəyyən etmənin əsasları göstərilir. İş materiallarına əlavə edilmiş “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldan isə müəyyən olunur ki, Şəxs sərxoşluq vəziyyətinin müayinəsini aparan yol patrul xidməti inspektoru, iki hal şahidinin iştirakı məcburi olduğu halda, Şəxs sərxoşluq vəziyyətini ümumiyyətlə hal şahdilərini cəlb etmədən aparmışdır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 100.1 və 100.1.8-ci maddələrinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. İş materiallarında olan 18 fevral 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs tərəfindən törədildiyi ehtimal edilən inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitə - alkotesterin modeli, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar da göstərilməmişdir. Beləliklə inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, yol patrul xidməti inspektoru tərəfindən Şəxs sərxoşluq vəziyyətinin müayinəsi, bu kimi inzibati xəta haqqında işlər üzrə icraatın aparılmasında iştirakı məcburi olan hal şahidlərinin iştirakı təmin edilmədən, habelə son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatları olmayan xüsusi texniki vasitə - alkotesterlə aparılmışdır. Məhkəmə Şəxs “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldakı qeydlərinə münasibətdə isə qeyd edir ki, təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş həmin sözügedən protokolda Şəxs spirtli içki araq qəbul etməsinə, əməlindən peşman olmasına, həkim müayinəsinə ehtiyac olmamasına, göstərici ilə razı olmasına, bir daha spirtli içkinin təsiri altında nəqliyyat vasitəsi idrə etməyəcəyinə dair qeydləri onun Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olmasına dair sübut növü kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.2-cü maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə işdə olan sübutları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, habelə təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə isə Şəxs əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına və təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyinə görə Şəxs barəsində 18 fevral 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə Şəxs əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinə göndərilsin. AC seriyalı, 319953 saylı sürcülük vəsiqəsi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar