Məhkəmə qərarları › İş №3(010)-436/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-436/2021

11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-436/2021 11.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məsləhətçi Əlizadə Yasin Lətif oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru X1 iştirakı ilə, Şəxs, xx xxxxxx 1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 5xxxxxxx, subay, ali təhsilli, hazırda X8 Universitetiində (X5 University) magistratura üzrə təhsil alan, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri, Məhəllə 12, 42 nömrəli evdə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, N.Gəncəvi küçəsində nömrəsiz evdə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, xx xxxx 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində ictimai qaydanın mühafizə vəzifələrini icra edən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X7 yol patrul xidməti inspektorlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də xx xxxx 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, xx xxxx 2021-ci il tarixdə, saat 23 radələrində sərnişin qismində qardaşının idarə etdiyi “Hyundai” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində hərəkətdə olduqları zaman “Bolmart” marketə gedən yolda yol patrul xidməti inspektorlarının xidməti avtomobillə yolun hərəkət hissəsində dayanmaqla nəqliyyat vasitələrinin hərəkətlərinə məhdudiyyət yaratdıqlarını, sonuncuları yalnız yol hərəkəti qaydalarını pozmaq şərti ilə, yəni əks hərəkət zolğına çıxmaq şərti ilə ötüb keçməyin mümkün olduğunu gördükdə qardaşı idarə etdiyi nəqliyyat vasitəsini dövlət yol polisi avtomobilinin arxasında saxlayıb içıq cihazları vasitəsilə yol patrul xidməti inspektorlarından onlara yol vermələrini işarə etmişdir. Lakin yol patrul xidməti inspektorlarının onlara məhəl qoymadıqlarını görüb dövlət yol polisi avtomobilini soldan, yəni əks istiqamətli hərəkət zolağına çıxmaqla ötüb küçmək məcburiyyətində qalmışlar. Həmin vaxt yol patrul xidməti inspektorlarından birinin, konkret olaraq sükan arxasında əyləşmiş şəxsin kobud formada onlara “keçin gedin” deməsi onu qəzəbləndirdiyindən qardaşından idarə etdiyi nəqliyyat vasitəsini qarşıda saxlamasını tələb etmişdir. Qardaşı nəqliyyat vasitəsini saxladıqdan sonra o, patrul xidməti inspektorlarının əyləşdikləri xidməti avtomobilə yaxınlaşıb onlara öz iradını bildirmişdir. Bu zaman patrul xidməti inspektorları xidməti avtomobildən düşmüş və sonuncularla aralarında sözlə mübahisələri olmuşdur. Həmin vaxt o, yol patrul xidməti inspektorlarının ünvanına hər hansı bir təhqiramiz və ya nalayiq ifadə işlətməmiş, onları təhdid etməmiş, sadəcə əsəblərini cilovlaya bilmədiyinə görə sərt şəkildə, bəzən alçaldıcı ifadələr işlətməklə onlara öz iradını bildirmişdir. Bundan sonra hadisə yerinə çağırılmış çevik polis alayının əməkdaşları onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə aparmışlar. Orada izahatı alınarkən əməlindən səmimi peşman olduğunu, gələcəkdə bu kimi hallara yol verməyəcəyini qeyd etmiş, eyni zamanda həm polis bölməsində, həm də hazırda işə məhkəmədə baxılanadək etdiyi əmələ görə həmin yol patrul xidməti əməkdaşı ilə üzrxahlıq etmişdir. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru X3 məhkəmədə göstərdi ki, Şəxs xx xxxx 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində ictimai qaydanın mühafizə vəzifələrini icra edən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X7 yol patrul xidməti inspektorlarının qanuni tələblərinə tabe olmadığına görə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə gətirilmiş, orada onun izahatı alınarkən o, inzibati xətanı törətdiyini etiraf etmiş və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Buna görə də Şəxs izahatı alındıqdan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X7 yol patrul xidməti inspektoru X2 göstərdi ki, ona və iş yoldaşı Mirzəyev Samir təhkim olunmuş “BMW” markalı, ** YP *** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə xx xxxx 2021-ci il tarixdə inzibati ərazidə, yəni Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yolda dayanıb xidmət apardıqları zaman “Hyundai” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, onların xidməti avtomobilinin arxasında saxlayıb içıq cihazları vasitəsilə yol vermələrini işarə etmişdir. Həmin nəqliyyat vasitəsinin sürücüsünə “keçin gedin” dedikdən sonra, sürücü nəqliyyat vasitəsini onların xidmət apardıqları avtomobilin qarşısında saxlamışdır. Bundan sonra həmin avtomobilin sərnişini, adını sonradan bildiyi Şəxs düşüb onlara yaxınlaşmış, əli ilə xidmət apardıqları avtomobilin güzgüsündən vurub onların ünvanına alçaldıcı ifadələr işlətmişdir. Onlar dərhal xidməti avtomobildən düşüb Şəxs, ictimai qaydanın mühafizə vəzifələrini icra etmələrinə maneçilik törətdiyini bildirib ondan bu hərəkətlərinə son qoymasını tələb etmişlər. Lakin Şəxs onların tələblərinə məhəl qoymamış və əlini qaldıraraq onlara fiziki zor tətbiq edəcəyini nümayiş etdirməklə onları təhdid etmişdir. Şəxs onların qanuni tələblərinə tabe olmadığını görüb efir vasitəsilə çevik polis alayının əməkdaşlarını köməyə çağırmışlar, sonuncular Şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə aparmışlar. Sonradan Şəxs həm polis bölməsində, həm də işə hazırda baxılanadək etdiyi əmələ görə üzrxahlıq edərək, həmin vaxt əsəbi olduğuna görə belə bir hərəkətə yol verdiyini bildirmişdir. Şahid Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X7 yol patrul xidməti inspektoru Mirzəyev Samir məhkəmədə şahid V.E.Məmmədovun ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan xx xxxx 2021-ci il tarixli raportdan görünür ki, Şəxs həmin tarixdə, saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində ictimai qaydanın mühafizə vəzifələrini icra edən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X7 yol patrul xidməti inspektorlarının xidmət apardıqları xidməti avtomobilin sol yan güzgüsünə əli ilə vurduğuna, habelə yol patrul xidməti inspektorlarının ünvanına alçaldıcı ifadələr işlətdiyinə, fiziki zor tətbiq edəcəyini nümayiş etdirməklə onları təhdid etdiyinə, habelə sonuncuların, vəzifələrini icra etmələrinə maneçilik törətdiyini bildirib ondan bu hərəkətlərinə son qoymasını tələb etmələrinə baxmayaraq, yol patrul xidməti inspektorlarının qanuni tələblərinə tabe olmadığına görə efir vasitəsilə köməyə çağırılmış çevik polis alayının əməkdaşları tərəfindən Şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə aparılmışdır. İş materialalrında olan xx xxxx 2021-ci il tarixli, 1/339 nömrəli tibbi müayinə protokolundan görünür ki, hadisə zamanı Şəxs ayıq olmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını və X8 Universitetiində (X5 University) magistratura üzrə təhsil almasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs xx xxxx 2021-ci il tarixdə, saat 23:20-də inzibati qaydada tutulmuş, xx xxxx 2021-ci il tarixdə, saat 11:00-da azad edilmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 150 (yüz əlli) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar