Məhkəmə qərarları › İş №3(010)-439/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-439/2022

19.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-439/2022 19.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, taksi sürücüsü işləyən, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, narkotik vasitə qəbul etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis şöbəsindən daxil olmuş 19 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis şöbəsinin təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 18.03.2022-ci il tarixli qərarından, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi tərəfindən verilmiş 18.03.2022-ci il tarixli 1376 nömrəli ekspert rəyindən görünür ki, Şəxs Opioidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin sahə inspektoru, polis mayoru X2 bildirdi ki, Şəxs özünü şübhəli apardığına görə saxlanılmış və tibbi müayinə zamanı narkotik vasitə qəbul etdiyi aşkar olunmuşdur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, səhv etdiyini və əməlindən peşman olduğunu, hazırda nənəsi ilə birlikdə yaşadığını və əvvəllər məhkum olunmadığını nəzərə alaraq ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünün etirafı ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini səmimi etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1, 37.3, 37.4, 37.5, 37.7-ci maddələrinə əsasən «İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur», «Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar», «Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir», «Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir», «İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128 – 133-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicəyə cəlb olunmaqla, Bakı şəhəri Suraxanı rayon polis idarəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın bu hissədə icrası və icrasına nəzarət öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsinə, inzibati həbs yerinə və Şəxs yaşayış yeri üzrə İcra şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar