Məhkəmə qərarları › İş №3(010)-4455/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4455/2025

08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4455/2025 08.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi ilə X2 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 02 iyul 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 02 iyul 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti 29 oktyabr 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Suraxanı rayon icra şöbəsinin icra məmuru X5 tərəfindən X3 tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və həmin bildirişin verilməsinə əsas kimi Azərbaycan Respublikasının Mərkəzi Bankının icra sənədi göstərilmişdir. Bundan sonra Azərbaycan Respublikası Mərkəzi Banka rəsmi müraciət olunmuş və səhvən X4 barəsində olan başqa bir qərarın surəti təqdim olunmuşdur. Bununla bağlı təkrarən Azərbaycan Respublikasının Mərkəzi Bankına xx.xx.2025-ci il tarixdə təkrarən rəsmi sorğu ünvanlanmış və Mərkəzi Bankın 16 oktyabr 2025-ci il tarixli, 6-1-21/2-15774/2025 saylı sorğuya cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Mərkəzi Bank tərəfindən X4 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli ЕР ******* nömrəli inzibati tənbeh tətbiqetmə haqqında qərarın, xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli protokolun və xx.xx.2023-cü il tarixli ödəniş sənədlərinin rəsmi qaydada təqdim olunması barədə 01 oktyabr 2025-ci il tarixli, 03/393 nömrəli müraciətə Mərkəzi Bankda baxılmışdır. Daha sonra bildirilmişdir ki, Mərkəzi Bankın yuxarıda qeyd olunan protokolu və qərarı müvafiq olaraq xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə X2 məlum olan (şəxsiyyət vəsiqəsində qeyd edilmiş) ünvanına (ünvan 1in daha sonra sifarişli poçt göndərişləri “ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Qeyd olunanlara əsasən Mərkəzi Bank tərəfindən qəbul edilmiş xx.xx.2025- ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və bu qərarın tərtib edilməsinə əsas olmuş sənədlər rəsmi qaydada məhkəməyə təqdim edilir. Həmin qərardan məlum olur ki, X4 AR İXM-nin 430.4cü maddəsinə əsasən 5006,50 ABŞ dolları məbləğində cərimə edilmişdir. Sözügedən qərarla X2 guya AR İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən olunmuşdur. Bildirilir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərar gizli və qərəzli şəkildə qəbul olunmuşdur. Həmçinin bildirilir ki, X4 tərəfindən heç bir qanun pozuntusuna yol verilməmiş və onun əməlində heç inzibati xətanın əlamətləri mövcud deyildir. Belə ki, hazırki şikayətə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə müəyyən edilir ki, X4 tərəfindən Kapital Bank ASC-nin Ticarət Filialı vasitəsi ilə 50065 (əlli min altmış beş) USD məbləğində pul vasitəsi xaricə köçürülmüşdür və həmin məbləği alan “GOLDEN MACRO MACHİNERY & TECHNOLOGY CO LİMİTED” adlı Çin şirkətidir. xx.xx.2023-cü il tarixli Gömrük bəyannaməsindən isə müəyyən edilir ki, “GOLDEN MACRO MACHİNERY & TECHNOLOGY CO LİMİTED” adlı Çin şirkəti tərəfindən X2 adına avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malları ölkəyə idxal edilmişdir. Bundan əlavə bildirilir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EP ******* saylı qərarın tərtib edilməsinə əsas olmuş inzibati xəta haqqında haqqında protokol tərtib edilərkən və onun əsasında inzibati xəta haqqında işə baxılarkən X3 heç bir məlumat verilməmiş, inzibati xəta haqqında iş üzrə icraatda qanunvericiliyin tələblərinə uyğun olaraq iştirakı təmin edilməmiş və beləliklə də, inzibati xəta haqqında iş üzrə icraat aparılarkən tərəfindən sübutların təqdim olunması ilə bağlı hüququ məhdudlaşdırılmışdır. Bu isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasıdır. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş X4 və onun etibarnamə üzrə nümayəndəsi, vəkili Vəkil gəlməmişlər. Lakin Vəkil ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməklə şikayətin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunmasına görə Azərbaycan Respublikasının Mərkəzi Bankının 02 iyul 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının 20 noyabr 2025-ci il tarixli məktubundan görünür ki, Mərkəzi Banka "xxxx" ASC tərəfindən təqdim olunmuş məlumat əsasında müəyyən edilmişdir ki, X4 tərəfindən 10 may 2023-cü il tarixində xaricə köçürülmüş avansın bəyan olunmamış 50,065.00 ASB dolları hissəsi Bank tərəfindən **********6652 sorğu nömrəli gömrük bəyannaməsi ilə tam bağlanmışdır. Qeyd olunan yük gömrük bəyannaməsinə əsasən mallar 01 iyun 2023-cü il tarixində ölkəyə idxal olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən valyuta tənzimi qaydalarının pozulması, yəni avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İXM-nin 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Hazırki iş üzrə X4 ********** nömrəli VÖEN əsasında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan X1 tələblərinə əsasən vəzifəli şəxs hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının X1 vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Konstitusiyanın 59-cu maddəsinə görə, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 30 sentyabr 2024-cü il tarixli qərarına əsasən hüquqi dövlətdə iqtisadi fəaliyyət sahəsində münasibətlərin tənzimlənməsi mülki dövriyyə iştirakçıları üçün ədalətli və əlverişli iqtisadi və sosial şəraitin təmin edilməsi istiqamətində həyata keçirilməli, subyektlərin hüquq və vəzifələrinin, hüquqların mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi tarazlıq və mütənasiblik meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hüquqi şəxs olan rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına köçürülməsi və nağd şəkildə gətirilməsi, habelə Azərbaycan Respublikasından köçürülməsi və nağd şəkildə çıxarılması qaydalarını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məsuliyyətin yaranması şəxsin malların ölkə ərazisinə idxalını təsdiqləyən gömrük bəyannaməsini (xidmətlərin göstərilməsini təsdiq edən sənədi) təqdim etmək öhdəliyini pozması ilə şərtləndirilir. Bu baxımdan şəxsin fəaliyyəti vasitəçiliklə deyil, müqavilə predmetini təşkil edən malların ölkə ərazisinə idxal edilməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli Qərarına əsasən bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair 28 fevral 2020-ci il tarixli Qərarına əsasən - sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən sahələr üzrə sahibkarın həyata keçirdiyi müstəqil bir iqtisadi fəaliyyət növüdür. Mülki Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Valyuta nəzarətinin məqsədi valyuta əməliyyatları aparılarkən valyuta qanunvericiliyinə əməl olunmasını təmin etməkdir (“Valyuta tənzimi haqqında” Qanunun 14-cü maddəsi). İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Mərkəzi Bank haqqında” Qanun) 5.0.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, vəzifəli şəxs X2 əməlində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Görüdüyü kimi X4 tərəfindən 10 may 2023-cü il tarixində xaricə köçürülmüş avansın bəyan olunmamış 50,065.00 ASB dolları hissəsi Bank tərəfindən **********6652 sorğu nömrəli gömrük bəyannaməsi ilə tam bağlanmışdır. Qeyd olunan yük gömrük bəyannaməsinə əsasən mallar 01 iyun 2023-cü il tarixində ölkəyə idxal olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Buna görə də məhkəmə hesab edir ki, X2 əməlində Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından onun şikayəti təmin edilməli, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 02 iyul 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilsin. X2 əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 02 iyul 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar