Məhkəmə qərarları › İş №3(010)-4531/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4531/2025

25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4531/2025 25.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında iş üzrə 26 sentyabr 2025-ci il tarixli 16/1-171710 nömrəli qərarından X1 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 26 sentyabr 2025-ci ildə qəbul olunmuş 16/1-171710 nömrəli inzibati xəta haqqında qərarla X2 Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinib 50 manat miqdarında cərimə edilmişdir. X2 şikayət ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Konstitusiya Məhkəməsinin xx.xx.2020 tarixli Qərarına əsasən, bu şikayətinə yaşadığı yer üzrə - Suraxanı Rayon Məhkəməsində baxılmasını və barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş № EQ28212945 (kağızda isə № 16/1-171710) inzibati tənbeh vermə haqqında Qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, barəsində inzibati xəta haqqında №EQ28212945 qərar tərtib edilmişdir. Bu Qərar əsassız və qanunsuzdur. Daha əvvəl bu qərardan verdiyi şikayətə baxan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025 tarixli Qərarı ilə DYP qərarı ləğv edilərək yenidən baxılması üçün geri göndərilmişdi. Lakin DYP tərəfindən bu dəfə də cərimə tətbiq olunma barədə qərar verildi. Halbuki məhkəməyə təqdim etdiyi DYP məktublarından görünürdü ki, DYP özü dəfələrlə vurğulamışdır ki, onun şikayəti əsasında NV-nin saxlanılaraq duracağa yerləşdirilməsi üzrə qərar qəbul olunub və bu istiqamətdə axtarış aparılır. Öz cavab məktublarına zidd olaraq DYP budəfəki qərarında qeyd edir ki, NV-nin onun istifadəsində olması təsdiqini tapmışdır. DYP-nin budəfəki № EQ28212945 (kağızda isə N2 16/1-171710) qərarından da göründüyü kimi ətraflı, hərtərəfli, ədalətli araşdırma aparılmadan qəbul olunmuşdur, bu səbəblə də məhkəmənin birbaşa işə xitam verilməsi barədə qərar qəbul etməsi ədalətli, məqsədəmüvafiq olardı ki, vətəndaşı da əlavə süründürməçilikdən və qanunsuz gəlgetlərdən xilas edilsin. 2005-ci ildə 10FV724 dövlət qeydiyyat nişanlı, VAZ 2107 markalı nəqliyyat vasitəsi (NV) onun tərəfindən baş etibarnamə əsasında satılmışdır. O tarixdən bəri həmin NV-ni nə görmüş, nə də idarə etmişdir. NV-ni ondan satın alan şəxs sonradan onu Abbasov Namiq ibrahim oğluna satmışdır. Daha sonra həmin etibarnamə qüvvədən düşmüşdür, aradan uzun illər keçdikdən sonra NV ilə törədilən inzibati xətalara dair cərimələr onun adına yazılmağa başlanmışdır. Halbuki hələ xx.xx.2022 tarixdə rəsmi olaraq Baş DYPİ-nə ərizə göndərmiş, cərimələrin əsassız olaraq onun adına yazılması, NV-ni idarə edən şəxsi tapa bilməməsi və NV-nin axtarışa verilərək idarə edən şəxsin tapılmasının zəruri olması barədə məlumatlar verilmişdir. Ardınca BDYPİ tərəfindən ona 3 cavab məktubu göndərilmiş, bu məktublarla NV-nin saxlanılaraq duracağa yerləşdirilməsi üzrə qərar qəbul olunduğu və bu istiqamətdə axtarış aparıldığı bildirilmişdir. Hazırda NVni idarə edən şəxs kobud qayda pozuntularına yol verməyə davam etməkdədir. Açıqaşkar görünür ki, sözügedən xəta onun tərəfindən törədilməmişdir. İXM-nin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İXM 129.1.3-cü maddəyə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2020 tarixli Qərarında qeyd edilir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xətalar məcəlləsinin 53-cü maddəsinə əsasən, bu hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir, inzibati xəta tərkibi olmadıqda. Bu qərarda qeyd olunan faktlar - NV-ni onun idarə etməsi gerçəyini əks etdirmədiyinə, beləliklə, onun tərəfindən, ümumiyyətlə, hansısa əməl törədilmədiyinə görə inzibati xəta üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş DİNnin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi və şikayətçi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 26 sentyabr 2025-ci ildə qəbul olunmuş 16/1-171710 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə «VAZ-2107» markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verilməsi faktı üzrə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatı əsasında Məcələnin 122.1ci maddəsinə uyğun qaydada vətəndaş X2 barəsində EQ 28212945 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Vətəndaş E.Məmmədov, barəsində çıxarılmış elektron qərardan Suraxanı Rayon Məhkəməsinə şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmiş və xx.xx.2025-ci il tarixdə məhkəmədə işə baxılaraq elektron qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsi barədə qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında işə yenidən baxılarkən xətanın aşkarlanmasında və elektron qərarın çıxarılmasında hər hansı qanun pozuntusu halı müəyyən edilməmişdir. Belə ki, törədilmiş vol hərəkəti qayda pozuntusu üzrə görüntülərinə keçirilən baxış zamanı «VAZ- 2107» markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qayda pozuntusu törədilməsi təsdiqini tapmış, eləcə də nəqliyyat vasitəsinin vətəndaş E.Məmmədovun istifadəsində olması təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə ki, işin müəyyən edilmiş mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 26 sentyabr 2025-ci il tarixli 16/1-171710 nömrəli qərarı qanuni və əsaslı olduğundan, X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 26 sentyabr 2025-ci il tarixli 16/1-171710 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərmina Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar