Məhkəmə qərarları › İş №3(010)-4532/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4532/2025

19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4532/2025 19.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 iştirakı ilə, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin inzibati xəta haqqında iş üzrə 26 sentyabr 2025-ci il tarixli 16/1-172625 nömrəli qərarından X3 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsi tərəfindən 26 sentyabr 2025ci ildə qəbul olunmuş 16/1-172625 nömrəli inzibati xəta haqqında qərarla X5 Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinib 50 manat miqdarında cərimə edilmişdir. X5 şikayət ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş № EQ28596178 (kağız daşıyıcıda № 16/1-172625) inzibati tənbeh vermə haqqında qərarın ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək qeyd etmişdir ki, barəsində inzibati xəta haqqında № EQ28596178 (kağız daşıyıcıda № 16/1- 172625) qərar tərtib edilmişdir. Bildirir ki, bu qərar əsassız və qanunsuzdur. Daha əvvəl bu qərardan verdiyi şikayətə baxan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə DYP qərarı ləğv edilərək yenidən baxılması üçün geri göndərilmişdir. Lakin DYP tərəfindən bu dəfə də cərimə tətbiq olunma barədə qərar verildi. Halbuki məhkəməyə təqdim etdiyi DYP məktublarından görünürdü ki, DYP özü dəfələrlə vurğulamışdır ki, onun şikayəti əsasında NV-nin saxlanılaraq duracağa yerləşdirilməsi üzrə qərar qəbul olunub və bu istiqamətdə axtarış aparılır. Öz cavab məktublarına zidd olaraq DYP budəfəki qərarında yenə onun barəsində cərimə tətbiqi barədə qərar qəbul etdi. DYP-nin budəfəki № EQ28596178 (kağızda isə №16/1-172625) qərarından da göründüyü kimi ətraflı, hərtərəfli, ədalətli araşdırma aparılmadan qəbul olunmuş, bu səbəblə də məhkəmənin birbaşa işə xitam verilməsi barədə qərar qəbul etməsi ədalətli, məqsədəmüvafiq olardı ki, vətəndaşı da əlavə süründürməçilikdən və qanunsuz gəlgetlərdən xilas etsin. DYP budəfəki qərarında bildirmişdir ki, sürət həddinin aşılması öz təsdiqini tapmışdır. Halbuki onun şikayəti sürət həddinin aşılması barədə deyil, sürət həddini aşan NV-ni onun idarə etməməyi barədədir. Ötən şikayətində qeyd etdiyi məlumatları təkrar edir, 2005-ci ildə 10FV724 dövlət qeydiyyat nişanlı, VAZ 2107 markalı nəqliyyat vasitəsi (NV) tərəfindən baş etibarnamə əsasında satılmışdır. O tarixdən bəri həmin NV-ni nə görmüş, nə də idarə etmişdir. NV-ni ondan satın alan şəxs sonradan onu X1. Daha sonra həmin etibarnamə qüvvədən düşmüş, aradan uzun illər keçdikdən sonra NV ilə törədilən inzibati xətalara dair cərimələr onun adına yazılmağa başlanmışdır. Halbuki hələ xx.xx.2022-ci il tarixdə rəsmi olaraq Baş DYPİ-ə ərizə göndərmiş, cərimələrin əsassız olaraq onun adına yazılması, NV-ni idarə edən şəxsi tapa bilməməyi və NV-nin axtarışa verilərək idarə edən şəxsin tapılması tapılmasının zəruri olması barədə məlumatlar verilmişdir. Ardınca BDYPİ tərəfindən ona 3 cavab məktubu göndərilmiş, bu məktublarla NV-nin saxlanılaraq duracağa yerləşdirilməsi üzrə qərar qəbul olunduğu və bu istiqamətdə axtarış aparıldığı bildirilmişdir. Hazırda NV-ni idarə edən şəxs kobud qayda pozuntularına yol verməyə davam etməkdədir. Açıq-aşkar görünür ki, sözügedən xəta onun tərəfindən törədilməmişdir. Göstərilənlərə əsasən şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş DİNnin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 26 sentyabr 2025-ci ildə qəbul olunmuş 16/1-172625 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, 15 iyun 2025-ci il tarixdə “VAZ 2107” minik markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilərən sürət məhdudiyyəti 40 km/saat olduğu halda 63 km/saat sürətlə hərəkət edilmişdir. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinərək, 50 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə ki, işin müəyyən edilmiş mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 26 sentyabr 2025-ci il tarixli 16/1-172625 nömrəli qərarı qanuni və əsaslı olduğundan, X3 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 26 sentyabr 2025-ci il tarixli 16/1-172625 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar