Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4588/2024 23.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs Ovçhiev Memedin nümayəndəsi 09 saylı Vəkil Bürosunun vəkili X3 və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ovçhiev Memedin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən barəsində qəbul olunmuş 02 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ovçhiev Memedin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən barəsində qəbul olunmuş 02 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti 11 sentyabr 2024-cü il tarixdə Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Suraxanı rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli qərardadı ilə həmin şikayət geri qaytarılmaqla şikayətçinin hansı ünvanda yaşaması ilə bağlı sənədin olmaması ilə əsaslandırılmışdır. Ovçhiev Memedin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən barəsində qəbul olunmuş 02 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti və ona əlavə edilmiş materiallar, həmçinin yaşayış yerindən verilmiş arayışla birlikdə yenidən 23 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət aidiyyəti üzrə düzgün verildiyindən və şikayət vermək üçün qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülmədiyindən şikayət məhkəmənin icraatına qəbul edilmişdir. Ovçhiev Memedin şikayət ərizəsinə əsasən müəyyən edilmişdir ki, 27 iyun 2006-cı ildə Gürcüstan Respublikasının Bolnisi rayonun Darbaz kəndində anadan olmuşdur. Milliyyətcə Azərbaycanlıdır. 2010-2011-ci illərdə valideynləri onu Bakı şəhərinə gətirmiş, Bakı şəhərində Suraxanı rayonunun inzibati ərazisində yerləşən 104 saylı tam orta məktəbdə təhsil alaraq, 2021-ci ildə həmin məktəbdə təhsilini başa vurmuşdur. Bakı şəhərində yaşadığı müddətdə təhsildən azad günlərdə valideynləri onu bir neçə dəfə müvəqqəti olaraq, Gürcüstan Respublikasına aparıb-gətirmişlər. Sonuncu dəfə təqribən 2018-ci il olardı, Gürcüstana gedib-qayıtmış və bir daha Gürcüstana getməmişdir. Bu illər ərzində Bakı şəhərində qanuni əsaslarla yaşamış, heç bir qanun pozuntusuna yol verməmişdir. 2021-ci ilin iyul ayında Bakı şəhəri, M.Rəfiyev adına 104 saylı tam orta məktəbdə təhsilini başa vurmuşdur. Məktəbi bitirən zaman, ölkədə xüsusi karantin rejimi tətbiq edilirdi. O səbəbdən, nəinki, Azərbaycanı, heç yaşadığı mənzili belə tərk edə bilmirdi. Pasportunun qüvvədə olma müddəti 14 iyun 2021-ci ilədək olduğundan, elə sonuncu dəfə həmin pasportla 14 iyun 2021-ci ilədək Dövlət Miqrasiya Xidməti tərəfindən rəsmi qeydiyyata alınmışdır. Pandemiya dövründə Dövlət Miqrasiya Xidməti əcnəbilərə münasibətdə qeydiyyat məsələsini mütləq tələb kimi qoymadığından (belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2020-ci il tarixli 73-1 qərarı ilə pandemiya ilə əlaqədar 2020-ci ilin mart ayından ölkədən giriş-çıxışa məhdudiyyətlər qoyulmaqla xüsusi karantin rejimi tətbiq edilir və bu günə qədər də tətbiq edilməkdədir) o, da qeydiyyatda olduğu müddəti uzatmamış və Azərbaycanı tərk edə bilməmişdir. Lakin bütün bunlara baxmayaraq, 02 sentyabr 2024-cü il tarixdə telefon vasitəsi ilə onu Dövlət Miqrasiya Xidmətinə çağırmışlar və orada heç nə izah etmədən bildirmişlər ki, o, Azərbaycanda qanunsuz yaşayır və ona görə də, 400 manat məbləğində pulu onların verdikləri hesaba ödəməlidir. Sənəd işindən anlayışı olmasa da, fikirləşmişdir ki, yəqin ki, düz deyirlər və gəlib qohum-əqrabadan 400 manat pul tapıb anası ilə birlikdə gedib pulu ona verilən bank hesabına köçürmüşdür. Daha sonra Miqrasiyadan ona verilən və çətin oxunan sənədləri qohumlara təqdim etdikdən sonra ona izah etmişlər ki, guya o, 28 iyun 2022-ci il tarixindən Azərbaycanda qanunsuz yaşayır. O səbəbdən, barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla cərimə tətbiq edilmişdir. Niyə 2022-ci ilin iyun ayının 28-dən, başa düşməmişdir. Miqrasiya Xidmətində də bu halı ona izah etməmişlər. Yuxarıda da göstərdiyi kimi, valideynləri onu 2010-2011-ci illərdən Bakı şəhərinə gətirmiş, bu illər ərzində orta məktəbdə təhsil almış, sərbəst güləş üzrə ölkə daxilində və xaricində müxtəlif idman yarışlarında fəal iştirak etməklə diplomlarla və medallarla təltif olunmuşdur. Pandemiyaya görə xüsusi karantin rejimi tətbiq edildiyindən və bu səbəbdən Dövlət Miqrasiya Xidməti qeydiyyat məsələsini mütləq tələb kimi qoymadığından və qeydiyyatsız yaşamağı inzibati xəta kimi qəbul etmədiyindən, onun Bakı şəhərində məcburən, karantin rejiminə görə qalmağı niyə inzibati xəta hesab edilmiş, ona aydın deyil. Əvvəlcədən, ölkəni tərk etməyi ilə bağlı xəbərdar etsəydilər, özü sərbəst surətdə ölkəni tərk edərdi. Əvvəllər heç bir inzibati xətaya yol verməsə də, niyə ölkə hüdudlarından inzibati qaydada çıxarılmağa məruz qalır, o da anlaşılan deyil. Hesab edir ki, qəbul edilmiş qərar tam qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində tərtib edilmiş qərardan görünür ki, qərar 02 sentyabr 2024-cü il tarixli ******* nömrəli protokol əsasında tərtib edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, barəsində 2 sentyabr 2024-cü il tarixli protokol tərtib edilməmişdir. Tərtib edilmiş 2 avqust 2024-cü il tarixli protokolun mövcudluğundan isə qərar ona təqdim olunduğu 2 sentyabr 2024-cü il tarixində xəbər tutmuşdur. Belə ki, həmin gün çağırış ilə Miqrasiya Xidmətinə getmiş və 2 avqust 2024-cü il tarixli protokolu orada 2 sentyabr 2024-cü il tarixli qərarla birlikdə ona təqdim etmişlər. O səbəbdən, qərarın qəbul edilməsinə əsas olmuş protokol mövcud qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Protokolda onun adından qeyd olunmuşdur ki, guya o, şifahi surətdə bildirmiş ki, Azərbaycan Respublikasında hüquqi bağlılığı olmadığı üçün inzibati cəriməni ödəmək istəyir. 2 sentyabr 2024-cü il tarixində Dövlət Miqrasiya Xidmətinə çağırıldığı və həmin gün protokolla qərar bir yerdə ona təqdim olunduğu halda bir ay öncə tərtib edilmiş protokolda onun şifahi izahatı necə yer ala bilərdi? Belə ki, 2 sentyabrdan əvvəl onu Miqrasiya Xidmətinə heç kəs çağırmamış və o, özü də xidmətdə olmamış və xidmət əməkdaşlarının heç biri ilə hər hansı formada ünsiyyətdə olmamışdır. Hesab edir ki, heç bir araşdırma aparılmadan və onun iştirakı olmadan tərtib edilmiş 2 avqust 2024-cü il tarixli protokol və 2 sentyabr 2024-cü il tarixli qərar qanuna yox, bu qərarı qəbul etmiş vəzifəli şəxsin subyektiv və zərərli "cəzavermə" praktikasına əsaslanmışdır ki, bu da qəbul edilmiş qərarın bir daha qanunsuz və əsassız olmasına dəlalət edir. Göründüyü kimi, inzibati xəta haqqında protokol vəzifəli şəxsin istinad edə biləcəyi çoxlu sayda sübutlardan biridir ki, həmin sübutun özü də prosessual normaların pozuntusu ilə tərtib edildiyindən qəbul edilmiş qərarın əsaslılığını təmin edə bilməz. Protokol tərtib edilərkən və qərar qəbul edilərkən digər prosessual pozuntulara da yol verilmişdir. Tərtib edilmiş protokoldan və qərardan görünür ki, qanunun bu tələbləri yerinə yetirilməməklə onun müdafiə hüquqları pozulmuşdur. Qərarı qəbul etmiş vəzifəli şəxs onun hüquqi savadsızlığından və vəzifəli şəxsə olan etibarından sui-istifadə etməklə hər hansı araşdırma aparmadan tərtib edilmiş qanunsuz protokol əsasında qərar qəbul etmişdir. Qanunun bu tələbləri də pozulmuşdur. Belə ki, protokolun tərtib edilməsindən xəbəri olmamış, hər hansı araşdırmanın aparıldığı barədə məlumatlandırılmamış, 2 sentyabr 2024-cü il tarixində izah olunmadan 400 manat məbləğində pulun ödənilməsi tələbini yerinə yetirmişdir. Qəbul edilmiş qərardan və tərtib edilmiş protokoldan inzibati xətaya yol verməyi rəqəm ifadəsindən başqa bir şey deyil və özündə inzibati xətanın nə ilə sübut olunduğunu göstərmir. Bundan əlavə qəbul edilmiş qərarda göstərilir ki, inzibati xəta hadisəsi 28 iyun 2022-ci il tarixdə baş vermişdir. Göründüyü kimi, inzibati xətaya yol verməyi sübut olunsa idi belə, inzibati tənbeh tədbirinin tətbiq edilmə müddəti ötürülmüşdür. Odur ki, işin yuxarıda göstərilmiş faktiki hallarını və hüquqi əsaslarını nəzərə alaraq, 02 avqust 2024-cü il tarixli, MN ******* nömrəli protokola əsasən Dövlət Miqrasiya Xidmətinin şöbə rəisi X6 tərəfindən barəsində inzibati tənbeh vermə haqqında çıxarılmış 02 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərar qanunsuz və əsassız olduğundan ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Ovçhiev Memedin nümayəndəsi 09 saylı Vəkil Bürosunun vəkili X7 izahatında bildirdi ki, ərizədə qeyd olunanları təsdiq edir. Əlavə olaraq bildirmişdir ki, Ovçhiev Memedin barəsində tərtib olunmuş Azərbaycan Respublikası İXM-nin 575.1.1-ci maddəsi ilə qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, Ovçhiev Memed 2010-2011-ci illərdə valideynləri onu Bakı şəhərinə yaşamışdır. Bu illər ərzində Bakı şəhərində qanuni əsaslarla yaşamış, heç bir qanun pozuntusuna yol verməmişdir. 2021-ci ildə ölkədə xüsusi karantin rejimi tətbiq edilirdi. O səbəbdən, Ovçhiev Memed nəinki, Azərbaycanı, heç yaşadığı mənzili belə tərk edə bilməmişdir. Heç bir yerdə gizlənməmiş və idmanla məşğul olmuşdur. 02 sentyabr 2024-cü il tarixində telefon vasitəsi ilə onu Dövlət Miqrasiya Xidmətinə çağırmışlar və orada heç nə izah etmədən bildirmişlər ki, o, Azərbaycanda qanunsuz yaşayır və ona görə də, 400 manat məbləğində pulu onların verdikləri hesaba ödəməlidir. O, Gürcüstan Respublikası vətəndaşı olsa da Miqrasiya Xidmətində ona tərcüməçi verilməmiş, hüquq və vəzifələri izah olunmamışdır. Ovçhiev Memed ona verilən hesaba 400 manat ödəniş etmiş və ona 02 sentyabr 2024-cü il tarixli qərar təqdim olunmuşdur. Qəbul edilmiş qərarda göstərilir ki, inzibati xəta hadisəsi 28 iyun 2022-ci il tarixdə baş vermişdir. Göründüyü kimi, inzibati xətaya yol verməyi sübut olunsa idi belə, inzibati tənbeh tədbirinin tətbiq edilmə müddəti ötürülmüşdür. Odur ki, işin yuxarıda göstərilmiş faktiki hallarını və hüquqi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddət keçdiyinə görə Dövlət Miqrasiya Xidməti tərəfindən çıxarılmış 02 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərar qanunsuz və əsassız olduğundan ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə bildirdi ki, Ovçhiev Memedin pasportunun qüvvədə olma müddəti 14 iyun 2021-ci ilə qədər olduğundan, elə sonuncu dəfə həmin pasportla 14 iyun 2021-ci ilə qədər Dövlət Miqrasiya Xidməti tərəfindən rəsmi qeydiyyata alınmışdır. Ovçhiev Memed təhsil aldığına görə ona müvəqqəti yaşamasına icazə verilmişdir. Bildirmişdir ki, pandemiya dövrü olsa belə X10 Miqrasiya Xidmətinə icazə ilə bağlı müraciət edə bilərdi. Miqrasiya xidməti vətəndaş ölkədən çıxa bilmədikdə karantin rejimini nəzərə almaqla məcburi dayanma ilə ölkədə qalmasına müvəqqəti icazə verir. Vətəndaş müvəqqəti icazə ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilir, lakin X8 Miqrasiya Xidmətinə müraciəti daxil olmamışdır. 02 sentyabr 2024-cü il tarixdə X10 Miqrasiya Xidmətinə dəvət olunmuşdur. Azərbaycanda icazəsi olmadan qanunsuz yaşadığına görə 400 manat məbləğində cərimə olunmuş və ona hüquq və vəzifələri izah olunaraq xx.xx.2024-cü il tarixli qərar təqdim olunmuşdur. Qeyd olunan qərarı Ovçhiev Memed imza edərək qəbul etmişdir. Bundan sonra həmin şəxs cərimə ödədikdən sonra ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmışdır. İnzibati xəta haqında protokolda və inzibati tənbeh vermə haqqında qərarda olan fərqli tarixlərin niyə o cür olmasından məlumatsızdır. Belə ki, protokol inspektor X5 tərəfindən qərar isə şöbə rəisi X6 tərəfindən tərtib edilmişdir. İnzibati xəta haqqında ******* nömrəli protokolda olan avqust tarixinin hər iki səhifədə ağardılaraq tərtib olunmasının hansı şəraitdə baş verməsindən məlumatsızdır. Bildirmişdir ki, X10 Miqrasiya Xidmətində yalnız 02 sentyabr 2024-cü il tarixdə olmuşdur. Ovçhiev Memedin şikayətinin əsassız olmasını və təmin olunmamasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 575.1.1ci maddəsinə əsasən Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 4 noyabr 2020-ci il tarixli Qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin nümayəndəsini və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, Ovçhiev Memedin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsi ilə tətbiq olunmuş inzibati tənbeh vermə haqqında qərar inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 38-ci və 53-cü maddələri tətbiq edilməklə xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayon İcra hakimiyyəti başçısının Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümyəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X1 Respublikası vətəndaşıdır və ünvan 1 ünvanında qeydiyatsız yaşayır. İş materiallarında olan MYİ-0340764 nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, ona yaşamaq icazəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək verilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, Ovçhiev Memed xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* nömrəli hesabına 400 manat məbləğində ödəniş etmişdir. Xidməti zərurətlə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə məhkəmə tərəfindən Dövlət Miqrasiya Xidmətinə məktub göndərilmiş və məktubda göstərilmişdir ki, Ovchiev Memedin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixli, inzibati tənbeh vermə haqqında qərar isə xx.xx.2024-cü il tarixli olsa da həmin qərarda xx.xx.2024-cü il tarixli protokola istinad olunmuşdur. Odur ki, qeyd olunan inzibati tənbeh vermə haqqında qərardakı və protokoldakı ziddiyyətlə bağlı izahın verilməsini, həmçinin Ovchiev Memedin barəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində aparılmış araşdırma ilə bağlı toplanmış materiala (inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın əslinə) məhkəmədə baxış keçirilməsi zərurəti ilə əlaqədar həmin materialın Suraxanı Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubuna cavab olaraq bildirmişlər ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə Gürcüstan vətəndaşı Ovchiev Memed Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 29.3-cü maddəsinin tələbinə əsasən şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. Qeyd olunmuşdur ki, Ovchiev Memed barəsində icraat Dövlət Miqrasiya Xidmətində xx.xx.2024-cü il tarixdə aparılmış, MN №1916229 nömrəli inzibati xəta haqqında protokol və MN №1798176 nömrəli inzibati tənbeh vermə haqqında qərar həmin gün tərtib edilərək şəxsə təqdim edilmişdir. MN №1916229 nömrəli inzibati xəta haqqında protokolun sistem üzərindən tərtibi zamanı texniki yanlışlıq səbəbindən çap zamanı “xx.xx.2024-cü il” əvəzinə “xx.xx.2024-cü il” seçilmiş və sözügedən protokol əsasında MN № ******* nömrəli qərar qəbul edilmişdir. Ovchiev Memed barəsində aparılmış araşdırma ilə bağlı toplanmış icraat materiallarının əsli Suraxanı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Belə ki, şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, Ovçhiev Memed 2010-2011-ci ildən valideynləri ilə birlikdə Bakı şəhərində Suraxanı rayonunun inzibati ərazisində yaşayır. 104 saylı tam orta məktəbdə təhsil alaraq, 2021-ci ildə həmin məktəbdə təhsilini başa vurmuşdur. Bakı şəhərində yaşadığı müddətdə təhsildən azad günlərdə valideynləri onu bir neçə dəfə müvəqqəti olaraq, Gürcüstan Respublikasına aparıb-gətirmişlər. Bu illər ərzində Bakı şəhərində qanuni əsaslarla yaşamış, heç bir qanun pozuntusuna yol verməmişdir. 2021-ci ilin iyul ayında Bakı şəhəri, M.Rəfiyev adına 104 saylı tam orta məktəbdə təhsilini başa vurmuşdur. Məktəbi bitirən zaman, ölkədə xüsusi karantin rejimi tətbiq edilmişdir. O səbəbdən yaşadığı mənzili tərk edə bilməmişdir. Pasportunun qüvvədə olma müddəti 14 iyun 2021-ci ilə qədər olduğundan, elə sonuncu dəfə həmin pasportla 14 iyun 2021-ci ilə qədər Dövlət Miqrasiya Xidməti tərəfindən rəsmi qeydiyyata alınmışdır. Pandemiya dövründə Dövlət Miqrasiya Xidməti əcnəbilərə münasibətdə qeydiyyat məsələsini mütləq tələb kimi qoymadığından (belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2020-ci il tarixli 73-1 qərarı ilə pandemiya ilə əlaqədar 2020-ci ilin mart ayından ölkədən giriş-çıxışa məhdudiyyətlər qoyulmaqla xüsusi karantin rejimi tətbiq edilir və bu günə qədər də tətbiq edilməkdədir) o, da qeydiyyatda olduğu müddəti uzatmamış və Azərbaycanı tərk edə bilməmişdir. Lakin bütün bunlara baxmayaraq, 02 sentyabr 2024-cü il tarixində telefon vasitəsi ilə onu Dövlət Miqrasiya Xidmətinə çağırmışlar və orada heç nə izah etmədən ona bildirmişlər ki, o, Azərbaycanda qanunsuz yaşadığına görə 400 manat məbləğində cərimə olunmuşdur. Sonuncu 02 sentyabr 2024cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Belə ki, qərardan da göründüyü kimi inzibati xəta hadisəsi 28 iyun 2022-ci il tarixdə baş vermişdir. Bildirmişdir ki, inzibati xəta hadisəsindən 2 ildən çox müddət keçmiş və buna görə də Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddət keçdiyinə görə qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Ovçhiev Memedin inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq və inzibati tənbeh tətbiq edilməsinə dair qanunvericiliklə müəyyən edilmiş halları tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, Dövlət Miqrasiya Xidmətinin 02 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddət keçdiyinə görə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. İXM-nin 16.5-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Bu Məcəllədə “əcnəbi” dedikdə, Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs başa düşülür. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 23.1-ci maddəsinə əsasən xəbərdarlıq, inzibati cərimə, ictimai işlər və ya inzibati həbs yalnız əsas inzibati tənbeh növləri kimi tətbiq edilir. İXM-nin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. İXM-nin 29.1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 17.3-cü maddəsinə əsasən bu Məcəllənin 17.1-ci və 17.2-ci maddələrində nəzərdə tutulmuş hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar müəyyən olunmuş qaydada “Girişçıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilməli və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir. Miqrasiya Məcəlləsinin 50.1-ci maddəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməməsi (müddətin uzadılmaması), əvvəl verilmiş icazənin isə ləğv edilməsi şəxsin barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə mümkündür. Miqrasiya Məcəlləsinin 78.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıla bilərlər: 78.1.1. cinayət törədildiyinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edildikdə; 78.1.2. inzibati xəta törədildiyinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma inzibati tənbeh tədbiri tətbiq edildikdə; 78.1.3. bu Məcəllənin 79-cu maddəsinə uyğun olaraq əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar (bundan sonra “kənara çıxarma haqqında qərar”) qəbul edildikdə. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən inzibati xəta törətmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Həmin Məcəllənin 79.6-cı maddəsinə əsasən kənara çıxarma haqqında qərarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması əsaslandırılmalıdır. Həmin Məcəllənin 79.7-ci maddəsinə əsasən barəsində kənara çıxarma haqqında qərar qəbul olunmuş şəxs həmin qərarla tanış edilməli və qərarın bir nüsxəsi ona təqdim olunmalıdır. Əgər həmin şəxs Azərbaycan dilini bilmirsə, bu prosesdə tərcüməçinin iştirakı təmin olunmalıdır. Həmin Məcəllənin 79.8-ci maddəsinə əsasən kənara çıxarma haqqında qərardan məhkəməyə şikayət verilə bilər. Şikayətin verilməsi kənara çıxarma haqqında qərarın icrasını dayandırmır. Həmin Məcəllənin 80.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hazırki iş üzrə məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, 27 iyun 2006cı il təvəllüdlü Ovchiev Memedin 16 yaşı, 2022-ci ilin 27 iyun tarixində tamam olmuş, yəni şəxs həmin gündən inzibati xətanın subyekti olmuş, həmin şəxsin ölkədə olma və ya yaşama hüququnun olmaması Dövlət Miqrasiya Xidməti tərəfindən elektron informasiya sistemləri vasitəsilə aşkarlanmış, lakin heç bir əsas olmadan qanunla nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti ötürülmüş və yalnız 02 sentyabr 2024-cü il tarixdə pozuntunun aşkar olunmasından iki ildən artıq müddət keçdikdən sonra İXM-nin 575.1.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarın inzibati xətanın aşkar olunduğu vaxtdan iki ildən artıq müddətə yubadılmasının səbəbi inzibati orqanın nümayəndəsi tərəfindən əsaslandırılmamış, eləcə də şəxsin barəsində aparılmış icraatın dayandırılması faktı olmamışdır. Həmçinin şəxsin inzibati cəriməni ödəməsini həmin inzibati xəta ilə tam razı olmaq kimi qəbul etmək düzgün olmazdı. Çünki həmin maddənin sanksiyasında əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuş, Memed Ovchievə hüquqları izah olunmadığından, tərcüməçi verilmədiyindən Memed Ovchievdə cəriməni ödəməklə əlavə inzibati tənbeh tədbirindən azad oluna biləcəyi fikrinin yaranması halı mümkündür. İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Göründüyü kimi inzibati orqan barəsində protokol tərtib etmiş şəxsin iştirakını təmin etməmiş, İXM-nin 61 və 100-cü maddələrinin tələblərini pozmuşdur. Memed Ovchievin İXM-nin 575.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi kifayət qədər təsdiq olunsa da inzibati orqan tərəfindən qanunla müəyyən edilmiş və imperativ xarakterli normada göstərilmiş inzibati xətanın törədildiyi vaxtdan 1 il ərzində inzibati tənbehin verilə bilməsi kimi qanunvericiliyin tələbi pozulmuşdur. İXM-nin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Göründüyü kimi qanunun norması qaçıb gizlənmiş şəxsin belə bir ildən artıq müddət keçdikdən sonra inzibati məsuliyyətə cəlb oluna bilməməsini konkret olaraq göstərir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin hüquq və vəzifələri izah olunmamış, əcnəbi olmasına baxmayaraq tərcüməçi verilməmiş, onun izahatının alınması təmin edilməmişdir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. İXM-nin 53.0.6-cı maddəsinə əsasən «bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 09 mart 2022-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Eyni normanı İXM-nin 38.2-ci maddəsinə aid etsək görünür ki, həmin maddədə nəzərdə tutulmuş bir illik müddət keçmədən şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunun aydın və proqnozlaşdırıla bilən olması hüquqi dövlətin vacib təzahürlərindən biri olan qanunun ümumiliyini təmin etmək zərurəti ilə uzlaşmalıdır. Nəzərə almaq lazımdır ki, qanunun mətninin mütləq aydınlığı (qanunvericinin bütün mümkün ola biləcək həyati halları qanunda nəzərdə tutması) qeyri-realdır. Bu səbəbdən qanunda ümumi anlayışlardan istifadə edilməsi qaçılmazdır. İXM-nin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmçinin qeyd olunmalıdır ki, inzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. Uzanan inzibati xətanın səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, o, əməlin törədilməsi ilə bitmir, əməl (hərəkət və ya hərəkətsizlik) törədildiyi andan başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. Uzanan inzibati xəta inzibati xətanı törədən şəxsin özünün xətanın dayandırılmasına yönəlmiş hərəkəti və ya inzibati xətanın kənardan müdaxilə nəticəsində dayandırılması məqamında başa çatır. Hazırki iş üzrə Memed Ovchievin inzibati xətanın subyekti olaraq 16 yaşına 2021-ci il in 27 iyun tarixində çatması və həmin tarixdən bir il müddətin 27 iyun 2022-ci il tarixdə bitməsini, lakin iş üzrə inzibati tənbehin isə 02 sentyabr 2024-cü il tarixdə verilməsi inzibati məsuliyyətə cəlb etmə müddətinin ötürülməsinin bir daha sübutudur. İş materiallarından da göründüyü kimi Ovçhiev Memedin inzibati xəta hadisəsi törətdiyi vaxtdan 2 ildən çox müddət keçdiyindən şəxsin əməlində inzibati xətanın tərkibi olmuş olsa belə şəxs inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati məsuliyyətə cəlb oluna bilməz. Ona görə də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Ovçhiev Memed barəsində qəbul olunmuş 02 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXMnin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 53, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ovçhiev Memedin şikayəti təmin edilsin. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Ovçhiev Memedin barəsində qəbul olunmuş 02 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddət keçdiyinə görə ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-4588/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4588/2024
23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver