Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4618/2025 03.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin sahə inspektoru, polis mayoru Rauf Ağayevin iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən müayinədən keçirilərkən Mərkəzin 6864 saylı ekspert rəyinə əsasən narkotik vasitə istifadəçisi olduğu müəyyən olunmuşdur. Bununla da o, İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin sahə inspektoru, polis mayoru X3 məhkəmədə protokola uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Məktəbli küçəsində mənzil oğurluğu hadisəsi baş vermiş, həmin ərazidə xidmət apararkən narkotik vasitələrin istifadəsində şübhəli kimi bir neçə şəxs saxlanılmış, inzibati xəta törətmiş şəxs də təsadüfən qarşılarına çıxmış və analizə aparılmışdır. Daha sonra şəxsin özü də səmimi etiraf edərək 2 ay bundan əvvəl toyda marixuanadan istifadə etdiyini etiraf etmişdir. Lakin analizin nəticələri ilə onun marixuanadan başqa narkotik vasitələrdən istifadə etmiş olduğu da aşkar olunmuşdur. Daha sonra şəxsin özü həkimə marixuana istifadə etdiyini bildirmişdir. Həkim İrandan gələn otun təbii ot olmadığını və tərkibində kimyəvi maddələr olduğunu bildirmiş, özü də bununla razılaşmışdır. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs izahatında bildirdi ki, həkim ona bilmədiyi adda – ekstazi dərman “patı” demişdir, o isə cavabında onları qətiyyən istifadə etmədiyini demişdir. Həkim ona bu maddələrin İran otu olduğunu və onların dərmanlı olduğuna görə hamısının analizdə bu cür çıxdığını bildirmişdir. Sonra o öyrənmişdir ki, həmin ota gücləndirmək üçün sprey vurulur. Qeyd etdi ki, o, marixuana istifadə etmişdir. Bildirdi ki, o, oxumuş və xaricdə yaşamışdır, sadəcə olaraq, atası baş-beyin infarktıdır, 30% ürəklə yaşayır, bu səbəbdən Azərbaycanda qalmış, iş tapa bilmədiyinə görə dərd çəkmiş və narkotik vasitədən istifadə etmişdir. Belə ki, qeyd etdi ki, o, işlədiyi yerlərdən oğurluq etmə şübhəsi ilə çıxarılır və məhkumluğu olduğuna görə ona iş verilmir, lakin hazırda Türkanda iş tapmışdır. Ondan narkotik vasitədən istifadə edib etmədiyi soruşulduqda o, 2 ay bundan əvvəl toyda istifadə etmiş olduğunu bildirmişdir. Bildirdi ki, analizin nəticələrində müxtəlif narkotik vasitələrin adları çıxsa da, onun həmin narkotik vasitələri əldə etmək üçün kifayət qədər pulu yoxdur, hesab edir ki, onda asılılıq sindromu yaransa idi, 3 gün bölmədə qala bilməzdi. İnzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməli tərtib olunmuş inzibati xəta haqqında protokolla, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan 03 oktyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Suraxanı rayon prokurorluğuna və ərizəçiyə göndərilməsi, qərarın surətinin Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 206-ci maddəsinə müvafiq inzibati təsir tədbirləri görülməsindən ötrü bölmənin aidiyyəti əməkdaşına verilməsi, toplanmış materialın saxlanması üçün Suraxanı RPİ-nin 30-cu PŞ-nin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 X4 - X2 xx.xx.2025-ci il tarixli 6484 nömrəli ekspert rəyinə əsasən vətəndaş Şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarında olan MN seriyalı ******* saylı, 03 noyabr 2025-ci il tarixli inzibati qaydada tutma protokoluna əsasən, Şəxs 01 noyabr 2025-ci il tarixində, saat təqribən 22:10 radələrində tutulmuşdur. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onu xarakterizə edən məlumatları, o cümlədən, əvvəllər narkotik vasitələrin əldə edilməsi ilə əlaqədar məhkumluğunun olmasını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Bundan əlavə İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. İXM-nin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. İXM-nin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il, saat 22:10-dan tarixdən hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətində qərardadın Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-4618/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4618/2025
03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver