Məhkəmə qərarları › İş №3(010)-4646/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4646/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4646/2025 04.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis şöbəsinin sahə inspektoru, polis mayoru X3, Zərərçəkmiş şəxs X1, Şəxs, xx.xx.1989-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan bağları Dəniz kənarı küçəsi, nömrəsiz evdə yaşayan Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Suraxanı rayon Polis şöbəsinin 31-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə Şəxs X4 döyməsi və AR SN MTE və PAB phş-in 379-cu rəyinə görə sağlamlığına zərər vurması müəyyən edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X6 tərəfindən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati xəta haqqında işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə xx.xx.2025-ci il tarixli qərardad qəbul edilmişdir. Məhkəmə iclasında protokol tərtib edilmiş şəxs 31-ci Polis Şöbəsinin sahə rəisi X6 protokola uyğun izahat verərək bildirdi ki, 31-ci Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Rəşad Quliyev tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqənda xx.xx.2025-ci il tarixli qərar qəbul edilmiş daha sonra İXM-in 157-ci maddəsi ilə inzibati xəta üzrə icraata başlanılmış, protokol tərtib edilmiş, baxılıb tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Qeyd etdi ki, Suraxanı rayon Məhkəməsinin qərarı ilə Elnarə xanımın 2 uşağı ilə yaşadığı 3 otaqlı mənzilə yaşamaq hüququ əldə edilmiş və oraya köçürülmüşdür. Köçürüldükdən sonra onların arasında bir neçə dəfə mübahisə yaranmışdır. Qeyd etdiklərinə əsasən, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, özünü təqsirli bilmir, zərərçəkmiş şəxsə əli dəyməmişdir, əl-qol söhbəti olmamışdır, özünün yoldaşı və əmisinin oğlu da orada olmuş və buna şahid olmuşdur. Mübahisə onun kreslonu içəri salmaq istəməsi, zərərçəkmiş şəxsin isə ona icazə verməməsi nəticəsində zərərçəkmiş şəxsin kreslonu itələməsi, özünün isə kreslonu ayağı ilə sıxaraq saxlaması nəticəsində baş vermişdir. Bundan sonra 102-ə məlumat verilmiş, polislər gələrək hər ikisini polis bölməsinə aparmışdırlar. Bildirdi ki, özünün evə köçürülməsi ilə bağlı məhkəmə qərarı olsa da, zərərçəkmiş şəxs buna dəfələrlə maneə yaratmış, evin kilidini dəyişmiş, o, həftələrlə çöldə qalmış, bununla bağlı polisə müraciət etmişdir. Onun əmisinin arvadı, əmisinin keçmiş arvadı, qızı, qaynanası ona zəng etmiş və özlərinin evə gəldiyini onun da gəlməsini demişlər. O, gəldiyi zaman polis əməkdaşları ilə qarşılaşmış, ondan məhkumluğunun olub olmadığı soruşulmuş, onun barəsində şikayətin olduğu, evə basqın olduğu bildirilmişdir. O isə cavabında evə köçürülmə hüququnun olmasını demişdir. Bundan başqa, onun evdən oğurluq etməsi ilə də bağlı da polisə müraciət etmişdirlər, lakin bu da, basqın da sübut edilməmişdir. Evə köçürülmə hüququ olsa da, həmin evdə yaşaya bilməmişdir. Bildirdi ki, hadisə baş verdiyi gün onları polis bölməsinə aparmışdırlar, evə təcili tibbi yardım briqadası çağırılmışdır və heç birində zərərçəkmiş şəxs xəsarət almasını deməmiş, onlar da bununla bağlı heç nə qeydə almamışdır. Bildirdi ki, şillə təpik olmamışdır, həmçinin zərərçəkmiş şəxsin oğlu da orada olmuşdur. Təhqiqatçı da ona heç bir məlumat verməmiş, onun icraatdan yalnız 2 gün əvvəl xəbəri olmuşdur. Bildirdi ki, onda videolar da vardır, o ayağı ilə kreslonu saxlamışdır, zərərçəkmiş şəxs isə itələyərək qışqırırdı. Qadına əl qaldırmağı özünə ayıb bilir, mübahisə əmiləri və atası arasında evlə bağlı olmuşdur, o həmin evdə qalmır, yalnız gəlib gedir, hər dəfə gəldiyi zaman problem çıxarırdırlar, 102-ə zəng vururlar, polis əməkdaşları hadisəni araşdırdıqdan sonra onu buraxırdı. Fasilədən sonra barışmağa razı olduğunu bildirmiş və məhkəmədən inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 izahatında göstərdi ki, hadisə 25 may tarixində baş vermişdir, həmin gün oğlu evdə olmamışdır, Vaqif böyük kreslo-divanı gətirərək qapıdan keçirməyə çalışmış, o isə məhəl qoymamışdır. Vaqif bununla razılaşmayaraq kresloları yataq otağından keçirməyə başlamış, Vaqifin yoldaşı da gəlib yataq otağında oturaraq buradan çıxmayacağını demişdir. O, Vaqifə və onun yoldaşına otaqda qalmalarınınn düzgün olmadığını və çıxmalarını demiş, onlar çıxmamış və kreslonu itələmiş, kreslonu itələdikləri zaman onun ayaqları, dizləri divara dəyərək xəsarət almışdır. O yıxılıb başı divara dəymiş, ürəkbulanması olmuş, lakin ekspertlər rəydə bunu yazmamışdır. Daha sonra oğlu gəldiyi zaman mübahisə olmasın deyə susmuşdur. Bildirdi ki, Vaqifin məqsədi yalnız problem yaratmaq olmuşdur, çünki o və yaxınları həmin otaqda qalmırdı, bu səbəbdən, həmin kreslolar da onlara lazım olmayacaqdı. Vaqifin problem yaratmasının səbəbi isə apellyasiya məhkəməsinin qərarından sonra onda qıcıq yaranması olmuşdur. Özünün mübahisə etmə səbəbi isə 5 yaşlı nəvəsinin oyun oynadığı kiçik ərazidə Vaqifin kreslo yerləşdirməsi olmuşdur. Qeyd etdi ki, hər yeri göyərmişdi, göyərən bəzi yerlərini kişidən utandığı üçün göstərməmişdir. Vaqifin ən azından peşmançılığını göstərməsini və üzr istəməsini gözləyirdi, lakin Vaqif ona şər atıldığını deyir. Onun üstünə çox gəlmişdirlər, itələmişdirlər, o, özünü qorumaq üçün Vaqifi itələmiş, Vaqif qapıya dəymiş, qapı yerindən çıxmışdır. O qonşuları çağırmış, heç kəs səsə çıxmamışdır. Ona çoxlu xəsarətlər dəymişdir, Vaqif var gücüylə onun qapıdan çəkilməsi üçün kreslonu itələmiş, o, Vaqifə ayağının əzildiyini desə də, Vaqif buna məhəl qoymamışdır, lakin Vaqif onu döyməmiş, şillə təpik vurmamış, əl qaldırmamışdır. Fasilədən sonra barışmağa razı olduğunu bildirmiş və məhkəmədən inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 20 iyun 2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işinin başlanılmasının rədd edilməsi, şəxsiyyəti təhqiqata Vaqif kimi bilinən şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti PŞ-nin aidiyyəti əməkdaşına həvalə edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi, qərar barədə maraqlı tərəfə məlumat verilməsi, materialın saxlanılması üçün Suraxanı RPİ-nin 31-ci PŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə tibbi ekspertizasının 379 saylı xx.xx.2025-ci il tarixli rəyində göstərilmişdir ki, X2 Vət.X1 bədənində aşkar edilmiş xəsarətlər döş qəfəsinin ön səthi. sağ bazu, sağ said və hər iki baldır nahiyələrində qançırlar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. X1 bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü-özünə yetirməsi inandırıcı deyildir. Məhkəmə iclasında barəsində inzibati protokol tərtib edilmiş Şəxs yazılı şəkildə ərizə verərək X5 ilə barışdığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 yazılı şəkildə ərizə verərək Şəxs ilə barışdığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.9-cu maddələrinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə zərərçəkmiş şəxsin inzibati protokol tərtib edilmiş şəxslə barışdığı üçün inzibati xəta hadisəsi mövcud olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Suraxanı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar