Məhkəmə qərarları › İş №3(010)-4686/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4686/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4686/2024 30.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayonu 30-cu Polis Bölməsinin sahə rəisi polis mayoru X2 iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Suraxanı Rayon Polis İdarəsinin 30-cu PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu PB tərəfindən Şəxs barəsində 30 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayonu 30-cu Polis Bölməsinin sahə rəisi polis mayoru X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cu il tarixdə Hövsan qəsəbəsində yerləşən “Araz” marketdən oğurluq edərək 44,86 manat ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bildiyini, belə ki, əvvəllər birlikdə işlədiyi Vüqar adlı şəxslin ona marketə gedərək alış-veriş etməsini bildirdiyini, o da onunla birlikdə getdiyini, həmin şəxsin kassada alınan malların pulunu vermədiyindən xəbərsiz olduğunu, mühafizəçinin ona yaxınlaşaraq pulun verilmədiyini bildirdiyini, həmin şəxsin də oradan qaçaraq uzaqlaşdığını, həmin anda alınmış malların mühafizəçiyə geri qaytardığını və ziyanı ödənildiyini bildirərək, inzibati məsuliyyətdən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Suraxanı Rayonu 30-cu Polis Bölməsinin sahə rəisi polis mayoru X5 protokola uyğun izahat vermiş, faktla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan başqa Şəxs tərəfindən mallar “Araz” marketə qaytarılmış və vurulmuş ziyan tam ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı Kamran Mehdiyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş X3 DİN-in 102 «Xidməti-Zəng» mərkəzi sisteminə etdiyi müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi yoxdur. Araşdırma materialından göründüyü kimi, hadisə nəticəsində əmlak mülkiyyətçisi vətəndaş X4 ümumilikdə 44.86 (qırx dörd manat 86 qəpik) manatdan çox olmayan maddi ziyan dəymişdir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, talanmış əmlakın dəyəri beş yüz mislindən yuxarı olmadıqda, belə əməl (oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgənin əmlakını talama) inzibati xəta kimi müəyyən edilmişdir. Buna görə də vətəndaş X3 DİN-in 102 «Xidməti-Zəng» mərkəzi sisteminə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, hadisəni törətmiş X1 və Vüqar adlı şəxsin əməlində AR.İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri yarandığından barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilməsi, qəbul edilmiş qərarın surəti məlumat üçün qanunla müəyyən edilmiş maraqlı tərəflərə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi və toplanmış material saxlanması üçün Suraxanı RPl-nin 30-cu PŞ-nin arxivinə verilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu PB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cu il tarixdə Hövsan qəsəbəsində yerləşən “Araz” marketdən oğurluq edərək 44,86 manat ziyan vurmasına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etiraf edici izahatı və iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən hal kimi zərərçəkmiş şəxsin ziyanın ödənilməsini və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödədiyindən barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməli və və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43- 48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar