Məhkəmə qərarları › İş №3(010)-4747/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-4747/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-4747/2024 07.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlu, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: 04 oktyabr 2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Material bir dəfə natamam olması səbəbindən Suraxanı rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mərkəzi Bankına qaytarılmışdır. Hazırki iş materiallarını araşdıraraq hesab edirəm ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəməyə daxil olmuş 14 avqust 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs qeyd olunmuş, iş materiallarında isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Həmçinin iş materiallarında GÜVƏN 2013 MMC-nin VÖEN nömrəsi ********** qeyd edilmiş, GÜVƏN 2012 MMC-nin VÖEN nömrəsi isə ********** qeyd edilmişdir. Göründüyü kimi həqiqətdə hər iki MMC mövcuddur və fəaliyyət göstərir. İnzibati orqan tərəfindən protokolda GÜVƏN 2012 MMC-nin adı qeyd edilsə də iş materiallarına əlavə edilmiş bütün sənədlər GÜVƏN 2013 MMC ilə bağlıdır. Bununla da məhkəməyə daxil olmuş protokolda göstərilənlər ilə iş materiallarında olan sənədlər arasında uyğunsuzluq olduğundan inzibati xəta haqqında materialın icraata qəbul edilərək baxılması mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.1-106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi kimi məsələləri həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən İXM-nin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin material əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müvafiq inzibati xətanı törədib-törətməməsini müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından 14 avqust 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının Mərkəzi Bankına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 14 avqust 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının Mərkəzi Bankına qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar