Məhkəmə qərarları › İş №3(010)-4758/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4758/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4758/2024 08.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X1 iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Naxçıvan MR, Şərur rayonu, Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, İmişli rayonu, Rəsulzadə ərazi dairəsi, Yalavac kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük qəsəbəsində ünvansız evdə yaşayan, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 07 oktyabr 2024-cü il tarixdə saat 14:00 radəsində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz ünvanda həyat yoldaşı X3 bıçaqla hədələyərək xırda xuliqanlıq etmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 08 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həbs tənbeh növünün tətbiqi məhkəmənin səlahiyyətində olduğundan baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X4 izahatında göstərdi ki, 07 oktyabr 2024-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz ünvanda Şəxs həyat yoldaşı X3 bıçaqla hədələyərək xırda xuliqanlıq etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında protokol tərtib etmişdir. Şəxs son zamanlar mütəmadi həyat yoldaşı ilə münaqişələr edir və buna görə də Günay Abbasova 06 oktyabr 2024-cü il tarixdə qollarını kəsərək buna etiraz etmişdir. Xahiş edir ki, şəxsin barəsində həbs növündə inzibati tənbeh tətbiq edilsin. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, 06 oktyabr 2024-cü il tarixdə evdə olduqları zaman həyat yoldaşı tərəfindən döyüldüyü üçün əsəbiləşib hər iki qolunu kəsmiş, ona etiraz etmişdir. Həyat yoldaşı çox qısqanc olduğundan onun normal yaşamasına icazə vermir. Özü hazırda parniklərin birində fəhlə kimi işləyir, həyat yoldaşı isə heç bir yerdə işləmir. 06 oktyabr 2024-cü il tarixli mübahisədən sonra evlərinə yaxın küçədə yerləşən qardaşıgilin evinə getmiş, hansı ki həmin evdə öz ata və anası da yaşayır. 07 oktyabr 2024-cü il tarixdə qardaşıgilin evində olduğu zaman həyat yoldaşı Şəxs həmin ünvana gələrək əlində olan bıçaq ilə həyət evinin küçə qapısını döyərək qapını açmasını tələb etmiş və ona hədə-qorxu gələrək öldürəcəyini bildirmişdir. O, 06 oktyabr 2024-cü il tarixli hadisədən sonra üç uşağı ilə birlikdə qardaşıgilə getmişdir. Həyat yoldaşı onu əvvəllər dəfələrlə döymüşdür. Onların 3 uşaqları var rəsmi nikahları yoxdur. Həyat yoldaşı onu hər dəfə döydüyündən onun əlindən qaçıb atası evinə gələrək orda yaşamağa başlamışdır. Şəxs azadlıqda qalarsa onun həyatı üçün böyük təhlükədir. Şəxs tərəfindən döyülməsi birinci hal olmadığından, hazırda şikayətçi olduğundan onun barəsində həbslə bağlı inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları qismən təsdiq edərək göstərdi ki, 06 oktyabr 2024-cü il tarixdə yaşadıqları evdə həyat yoldaşı Günay ilə sözlə mübahisə etmiş, bundan sonra Günay üç uşağını da götürüb yaxınlıqda olan atasının evinə getmişdir. 07 oktyabr 2024-cü il tarixdə həyat yoldaşının arxasınca getmiş ki, onu və uşaqlarını götürüb evinə qayıtsın. Lakin orda həyat yoldaşı və qaynı Ceyhun ilə aralarında sözlə mübahisə baş vermişdir. Onların səs-küyünə qonşular küçəyə çıxmışdır. Bildirmişdir ki, o, heç kimi vurmamış, əlində bıçaq olmamışdır. Aralarında tez-tez baş verən mübahisələrə səbəb isə onun həyat yoldaşını qısqanmasıdır. Sonda məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, Pirallahı RPŞ-nin Post Patrul Xidmətində polis serjantı işləyir. Bacısı Günay ona bildirmişdir ki, əri ona əxlaqsız olduğunu bildirmiş, onu hədələyərək döymüş və 8 yaşlı uşaqa təhqiredici sözlər demişdir. Buna görə də 06 oktyabr 2024-cü il tarixdə bacısı evdən çıxaraq onun yanına gəlmişdir. Həmçinin həmin gün bacısı əri ilə mübahisə etdiyi üçün hər iki qolunu kəsmişdir. 07 oktyabr 2024-cü il tarixdə evdə özü, bacısı Günay və onun üç uşağı olan zaman bacısının həyat yoldaşı Şəxs əlində bıçaq ilə onların evinə gəlmiş, onlar qapını açmadığı üçün Əfqan küçədə nalayiq söyüşlər işlədərək, əlində bıçaqla onlara hədə-qorxu gəlmiş, həmçinin onun maşınının şüşəsinə yumruq ilə vurmuşdur. Əfqan hərəkətlərinə və səsküyə qonşular küçəyə yığışmış və onlar hadisə yerinə polis əməkdaşlarını çağırşmışlar. Özü polis işçisi olsa da Əfqana qarşı hər hansı müqavimət göstərməmiş, qapını açmamış, çünki tutuduğu vəzifədən ehtiyat etmiş və işdən azad olunmasından qorxmuşdur. Əfqanın hərəkətlərinə görə bacısı çox qorxur, ona qarşı gələcəkdə də fiziki təzyiqlər göstərməsi ehtimalı realdır. Buna görə də Əfqanın barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş videogörüntüdən görünür ki, Şəxs 07 oktyabr 2024-cü il tarixdə həyat yoldaşı Günayın atasının evinə gəlmiş, onlar qapını açmadığı zaman Şəxs uşaqları evin pəncərəsindən baxaraq atasına ağlayaraq anası Günayı döydüyünü, söyüşlər söydüyünü və anasını vurmasaydı yaxşı olardı demişlər. Atası Şəxs uşaqlara onları anasının öyrətdiyini bildirmişdir. Uşaqlar isə atalarına onları heç kimin öyrətmədiyini bildirmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi, şahidi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri kifayət qədər sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 510cu maddəsi ilə bağlı işlərə baxılması həmçinin rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 14:04 radəsində DİN-nin 102 xidmətindən daxil olmuş məlumatda X7 əri Əfqanın atasının evinə gələrək əlində bıçaqla münaqişə yaratması və onu öldürəcəyi ilə hədələməsi barədə məlumat vermişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını İXM-nin 32-ci maddəsinə əsasən məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXMm-nin 31-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən həyat yoldaşı Günay Abbasova ilə dəfələrlə münaqişə etməsi, onu vurması, 06 oktyabr 2024-cü il tarixdə Günay Abbasovanın əsəbiləşərək qollarını kəsməsi, üç uşağını da götürüb atasının evinə getməsi, Şəxs sakitləşməyərək yenidən əlində bıçaqla Günayın arxasınca getməsi, küçədə hədə-qorxu gələrək hərəkətlərinə davam etməsi onun ictimai təhlükəli olmasına əsasdır, onun uşaqlarının gözü qarşısında arvadı Günay Abbasovaya qarşı etdiyi hərəkətlər həm sonuncuda həm də uşaqlarında atalarına qarşı qorxu və həyəcan hissləri yaratmışdır. Şəxs əməlindən peşiman olması onun yenidən oxşar inzibati xətalara törətməyəcəyi anlamına gəlmir. Həmçinin məhkəmə həmin ailənin münaqişəli ailə olması ilə bağlı müvafiq tədbirlərin görülməsini zəruri hesab edir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunan istisna hallardan heç biri Şəxs aid edilmir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiqi kifayət etmir, belə ki o, heç bir faydalı işlə məşğul olmur, həyat yoldaşı X3 bıçaqla hədələyərək hüquqazidd hərəkətlərini davam etdirmiş və qeyd olunanlara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 07 oktyabr 2024-cü il tarixdə, saat 17:20-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla onun barəsində inzibati həbs tənbeh növünün təbiq edilməsi daha ədalətli olar və inzibati xətalar qanunvericiliyinin prinsip və normalarına uyğun olar. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu - 07 oktyabr 2024-cü il tarix, saat 17:20-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli Şəxs inzibati qaydada tutulduğu - 07 oktyabr 2024-cü il tarixdən, saat 17:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar