Məhkəmə qərarları › İş №3(010)-4764/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4764/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4764/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 nümayəndəsi və vəkili Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, X7 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş 15 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin 15 aprel 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X12 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat miqdarında cərimə edilmişdir. X12 şikayətlə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsi Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilindiyi və 4.000 manat cərimə edildiyi barədə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsi tərəfindən X12 barəsində xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və vətəndaşlar X17, X5, X6, X9 və X2 X7 tərəfindən xx.xx.2023-cu il tarixindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edildi. Bunun nəticəsində isə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi qeyd olunmuşdur. Beləliklə, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyini əsas gətirərək 4000 (dörd min) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. X12 yuxarıda qeyd olunan şəxsləri əmək müqaviləsi hüquqi qüvvəyə minməmiş işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməmişdir. X1 vəzifəli şəxs kimi hesab olunaraq barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində əksini tapan vəzifəli şəxsə aid olan məbləğdə cərimə edilmiş olması tamamilə əsassız və qanunsuzdur. Həmçinin qeyd olunmuş şəxslər həmin gün işdə olmamış, X3 uşağının ad günü olması səbəbi ilə yığışmışdırlar. Bu səbəbdən X12 həmin qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bütün bu qanunsuzluqlara isə ədalətli şəkildə baxılıb qərar veriləcəyinə inanmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X10 məhkəmədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş 15 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın dəyişdirilmədən, X7 şikayətinin isə təmin edilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş 15 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarında qeyd edilən inzibati xətanın X12 tərəfindən törədilməsi iş materiallarında olan sənədlər, səlahiyyətli orqanın nümayəndəsinin izahatı və inzibati qərar əsasında X7 törədilmiş inzibati xətada təqsirli bilinməsinin qanuniliyi mübahisə doğurmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1 və 61.1.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ var. İşdə olan mövcud sübutlardan göründüyü kimi X7 əməlində inzibati xəta hadisəsi mövcud olduğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin əməkdaşı tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş 15 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarla X12 qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinərək, 4.000 manat məbləğində inzibati cərimə edilmişdir. Bununla da inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qanun əsasında və səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmiş, X7 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə X12 qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmişdir və o, bu xətanın törədilməsində təqsirkardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan olunmuş 15 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X7 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş 15 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar