Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4774/2023 30.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, Şikayət vermiş şəxs "xxxx" MMC-nin icraçı direktoru X2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 22 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından "xxxx" MMC-nin icraçı direktoru X3 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin icraçı direktoru X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 22 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə Xidmət Müqaviləsi əsasında xətt dispetçeri xidmətini göstərən X4 DƏMX-nin Bakı şəhər idarəsinə işə düzəlmək istəməsi haqqında müraciəti əsasında, qeyd edilən idarə əmək qanunvericiliyin tələblərinin pozulduğunu əsas gətirərək, 22 avqust 2023-cü il tarixində Cəmiyyətin Baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən X3 barəsində MN ******* nömrəli saylı inzibati tənbeh vermə haqqında qərar çıxararaq AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə tənbeh növü kimi 4000 (dörd min) AZN cərimə etmişdir. Qeyd edir ki, tərtib edilmiş İnzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuzdur. Belə ki, X9, Azərbaycan Respublikasının müstəqil vətəndaşı olaraq bir çox daşıyıcıya 18 ildən yuxarıdır ki, xidmət müqaviləsi ilə dispetçer xidmətini icra edir. 2022-ci il tarixində şəxsin özü "xxxx" MMC-yə dəvət edilmiş və onunla Əmək Müqaviləsi bağlamaq istədiklərini bildirsələrdə, X9 onlarla yalnız Xidmət Müqaviləsi bağlaya biləcəyini bildirib və bununla bağlı 2022-ci il aprel ayında Cəmiyyətimizə ərizə ilə müraciət etmiş, şəxs tərəfindən edilən yazılı müraciət xx.xx.2022-ci il il tarixində Cəmiyyətində BBM/60 xx.xx.2022 nömrəsi ilə qeydə alınıb və münasibət bildirilməsi üçün aidiyyəti üzrə rəhbərliyə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixində rəhbərlik tərəfindən şəxsi yazılı müraciəti dəyərləndirilib və şəxsin könüllü istəyi əsasında onunla Xidmət Müqaviləsi bağlanılmasına razılıq verilmişdir. Bunun nəticəsində xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, X9 ilə "xxxx" MMC arasında 1 il müddətinə Xidmət Müqaviləsi bağlanmışdır. DƏMX-nin Bakı şəhər idarəsi İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsinə əsasən, yəni Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Cəmiyyətin Baş icraçı direktor vəzifəsini müvəqqəti icra edən X3 barəsində İnzibati tənbeh vemə haqqında qərar çıxardılmışdır. Bu isə kökündən yanlış qərardır. İlk növbədə X1 Azərbaycan Respublikasının tam əmək qabiliyyətli müstəqil vətəndaşıdır və sərbəst formada istənilən şəxslə müqavilə bağlamaq hüququna malikdir. Eyni zamanda "xxxx" MMC hüquqi şəxs olaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər şəxslərlə münasibətlərini müqavilələrlə tənzimləyir. Şəxslə "xxxx" MMC arasında olan münasibətlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə yox Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsində qeyd edilən, yəni Əmək müqaviləsinin tərəflərinin 1-ci bəndində Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz deyə qeyd edilib. Yuxarıda da qeyd etdikləri kimi, X1 tərəfindən xx.xx.2022-ci il il tarixində "xxxx" MMC-yə edilən yazılı müraciətdə, şəxsi işləri ilə əlaqədar olaraq əmək müqaviləsi bağlaya bilməyəcəyini, yalnız xidmət müqaviləsi ilə xidmət göstərə biləcəyini qeyd etmişdir. Şəxs əmək münasibətləri yaratmaq istəmirsə, "xxxx" MMC olaraq heç-bir halda şəxsi əmək müqaviləsi bağlamağa məcbur edə bilmərik. Bunun özü qanun pozuntusudur. Bundan əlavə olaraq, X1 DƏMX-nin Bakı şəhər idarəsinə Əmək Müqaviləsinin olmaması və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə şikayət ərizəsi ilə müraciət etməyib. Vətəndaş hüquqlarının pozulmasından ümumiyyətlə danışmır. Vətəndaş ərizədə yalnız işə düzəlmək istədiyini xahiş edib. Bunun müqabilində DƏMX-nin Bakı şəhər idarəsi münasibətləri Mülki Məcəllə ilə tənzimlənən şəxsə görə əsasız şəkildə İXM-nin 192.1- ci maddəsilə inzibati tənbeh vermə haqqında qərar çıxardaraq 4000 (dört min) manat məbləğində cərimə etmişdir. DƏMX-nin Bakı şəhər idarəsi İnzibati icraatı apran zaman "xxxx" MMC-nin hüquqlarını pozmuşdur. Belə ki, inzibati araşdırma onları iştirakı olmadan aparılmışdır. Belə ki, İXM-nin 61-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs , inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək hüququna malikdir.Lakin, onlar bu hüquqlardan istifadə edə bilməmişdirlər. Xüsusi ilə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsinə əsəsən bu Məcəllənin şamil edilmədiyi şəxslərin siyahısı açıq, aydın şəkildə qeyd edilib. Həmin maddənin D) bəndinə əsasən, podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə Azərbaycan Respublikasının Əmək Məcəlləsi şamil edilmir. X1 ilə "xxxx" MMC arasında Xidmət Müqaviləsi mövcuddursa, bu münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Yuxarıda da qeyd edildiyi kimi "xxxx" MMC ilə X1 arasında münasibətlər Mülki Məcəllə ilə tənzimlənir və heç bir halda Əmək Məcəlləsinin qaydalarının pozulmasından söhbət gedə bilməz. İnziabati qayda pozuntusu olmadığına görə, DƏMX-nin Bakı şəhər idarəsinin 22 avqust 2023-cü il tarixində Cəmiyyətin Baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən X3 barəsində MN ******* nömrəli saylı inzibati tənbeh vermə haqqında qərarını əsassız, bu isə qanunvericiliyə ziddir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı şəhər İdarəsinin İdarəsinin 22 avqust 2023-ci il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin icraçı direktoru X3 izahatında özünü təqsirli bilmədiyini, belə ki, şəxsin əmək müqaviləsi bitdiyindən işə qəbul olunmaq üçün xahiş etmiş və onların da qəbul etdiyini, şəxsin onlardan heç bir şikayəti olmadığını, onlara qarşı əsaslı arqument olmadığını, şəxsin şikayət etdiyi vaxt onların şirkətində işləmədiyini bildirərək, barəsində tərtib edilmiş inzibati protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 23 iyul 2023-cü il tarixli X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinə vermiş olduğu izahatından görünür ki, "xxxx" nəqliyyatda nəzarətçi işləmişəm, işimə qaytarılmağımda mənə köməlik göstərilməsini xahiş edirəm. 06 iyul 2023-cü il tarixli "xxxx" MMC-nin insan resusrsları sektorunun müdiri Elşən Səfərov tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinə vermiş olduğu məktubdan görünür ki, X10 "xxxx" MMCdə əmək münasibətində deyildir. Xidməti müqavilə əsasında xətt dispetçeri xidmətini yerinə yetirmişdir. 06 aprel 2022-ci il tarixli Xidmət Müqaviləsinə əsasən X10 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-də xətt dispetçeri xidmətinin göstərilməsi ilə bağlı çalışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X7 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi iş materialları ilə təsdiq edilmişdir. Belə ki, 06 aprel 2023-cü il tarixli xidməti müqaviləsi ilə bir daha təsdiq olunur ki, X10 ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi bağlamadan müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati tənbeh vermə haqqında qərar və inzibati materialda olan digər sənədlər və izahatlarla sübuta yetirilmişdir ki, hüquqi şəxs "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru X3 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X7 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 22 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin icraçı direktoru X3 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 22 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-4774/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4774/2023
30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver