Məhkəmə qərarları › İş №3(010)-4776/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4776/2023

20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4776/2023 20.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 29 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankından Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. 25 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokoldan görünür ki, Şəxs 20.812 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından 02 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı vaxtdan 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 20.812 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Buna görə 25 sentyabr 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları inkar edərək göstərdi ki, 06 may 2020-ci il tarixdə Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətlərinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi, müəssisənin 2017-2019-cu il dövrləri aralığında maliyyə dövriyyəsinin araşdırılması ilə bağlı "xxxx" MMC də yoxlamalara başlamışdır. Yoxlama 27 sentyabr 2021-ci il tarixdə başa çataraq AKT tərtib edilmiş və 28 sentyabr 2021-ci il tarixdə cəmiyyətə maliyyə sanksiyası tətbiq edilərək bank hesabları aktiv əməliyyatlar üçün dondurulmuşdur. Bu qərar Şəxs tərəfindən gözlənilməz olmaqla yanaşı Dövlət sifarişli layihələrin davam etdirilməsi və zaman öhdəliklərinin pozulması risklərini artırırdı. Belə ki Gəncə və Sumqayıt şəhərlərində inşa olunan ASAN xidmət mərkəzləri üçün isitmə-soyutma avadanlıqlarının alınması ilə bağlı Çin Respublikasına 02 avqust 2021-ci il tarixdə 94000 ABŞ dollar və 28 sentyabr 2021-ci il tarixdə 25000 ABŞ dollar və Türkiyə Cumhuriyyətinə "GENKA KLİMA TESİSAT İNŞAAT SANAYE VƏ TİCARET AS" şirkətinə 20.812 ABŞ dollar ödəniş olunmuşdur. Avadanlıqlar sifarişlə hazırlandığı üçün qarşı tərəflər vəsaiti geri qaytarmaqdan imtina etmişdir. Çox böyük çətinliklə sifariş olunan avadanlıqları əməkdaşlıq etdiyikləri "xxxx" MMC üzərindən idxal olunmasına nail olublar və dövlət sifarişli layihələri uğurla təhvil veriblər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətlərinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi yoxlamanın nəticələrinə görə tərtib etdiyi Akt Şəxs tərəfindən mübahisələndirildiyi üçün Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətlərinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin yoxlamalarının nəticəsi 1471939.65 manat təşkil etsə də, məhkəmə ərəfəsində 539361.46 manat vəsait azaldılmışdir. Bakı İnzibati Məhkəməsinin 28 fevral 2023-cü tarixli qərarı ilə iddiaları təmin olunsa da qarşı tərəf qərardan apellyasiya şikayəti verib. Hal-hazırda müəssisənin bank hesablarında sərəncam var. Göründüyü kimi, Şəxs tərəfindən qanunvericiliyin tələblərinə riayət edilmiş, göndərilmiş vəsait hesabına alınmış mallar Azərbaycan Respublikasına idxal edilmişdir. Beləliklə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati qaydada protokol tərtib edilməsinə hər hansı əsas mövcud olmamışdır. Buna görə də İ.Y.Quliyev qeyd olunanları nəzərə alaraq Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 02 sentyabr 2021ci il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs 01 sentyabr 2021-ci il tarixli müqavilə üzrə 02 sentyabr 2021-ci il tarixdə 20.812 ABŞ dolları məbləğində vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından “GENKA KLİMA TESİSAT İNŞAAT SANAYE VƏ TİCARET AS” şirkətinin hesabına qabaqcadan ödəniş etməklə köçürmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı 13 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Şəxs tərəfindən 02 sentyabr 2021-ci il tarixdə 20.812 ABŞ dolları məbləğində vəsait qabaqcadan ödəniş edilmiş, lakin 02 il tamam olmasına baxmayaraq həmin vəsait hesabına alınan malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamış və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında təqdim etdiyi sənədlərdən görünür ki, 01 sentyabr 2021-ci il tarixli müqavilə üzrə köçürülmüş vəsait hesabına alınmış və ümumi invoys dəyəri 20.812 ABŞ dolları təşkil edən mallar Azərbaycan Respublikasına idxal olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərinmilli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə işdə olan sübutlarla təsdiq olunur ki, 01 sentyabr 2021-ci il tarixli müqavilə üzrə Şəxs tərəfindən "GENKA KLİMA TESİSAT İNŞAAT SANAYE VƏ TİCARET AS" şirkətinin hesabına 02 sentyabr 2021-ci il tarixində qabaqcadan ödəniş edilmiş 20.812 ABŞ dolları məbləğində vəsait hesabına alınmış mallar qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində Azərbaycan Respublikasına idxal olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bununla da Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-nin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, işdə olan sübutlarla əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar