Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4783/2023 02.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs Abbasova Hicran İltifat qızının və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X1 iştirakı ilə, Şəxs, xx xxxx 1982-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, subay, ünvan 1 ünvanında yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 02 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs, 2023-cüilin yanvar ayında Abbasova Hicran İltifat qızını qəsdən vuraraq döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, göstərdi ki, o, Hicranı vurmamışdır. Barəsində şikayət olmasından belə xəbəri olmayıb. Bir həftə bundan öncə sahə inspektoru ona zəng edərək barəsində şikayət olduğunu və məhkəməyə çağırılacağını bildirmişdir. Yalnız bundan sonra Abbasova Hicran İltifat qızının ondan şikayət etdiyini bilmişdir.İş üzrə özümü təqsirli bilmir. Sonda Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs Abbasova Hicran İltifat qızı bildirdi ki, hadisə yanvar ayında baş verib. Daha sonra aralarında barışıq olub və birlikdə yaşayıblar. Yemək qaşığı ilə başına vurub və daha sonra telefon ilə qaş nahiyyəsindən vurub. Bundan sonra Turalı itələsə də, sonuncu onu boğmağa çalışmışdır. O, boğulduğu üçün Turalı şillə ilə vurmuşdur. Sonda zərərçəkmiş şəxs Abbasova Hicran İltifat qızı, Şəxs etdiyi əmələ görə bağışlamadığını bildirərək, məhkəmədən onun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X2 bildirdi ki, vətəndaş Abbasova Hicran İltifat qızı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək 2023-cü ilin yanvar ayında Şəxs onu döydüyünü bildirmişdir. Aparılmış araşdırma zamanı Şəxs əməlində cinayət tərkibinin olmadığı müəyyən edildiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həll edilməsi üçün cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın icarsı ona həvalə edilmişdir. Bundan sonra o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Abbasova Hicran İltifat qızının 28 iyul 2023-cü il tarixli ərizəsindən görünür ki, Abbasova Hicran İltifat qızı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, 2023-cü ilin yanvar ayında əri Tural tərəfindən döyüldüyünü bildirmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 iyul 2023-cü il tarixli qərardan görünür ki, Abbasova Hicran İltifat qızının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə təqdim edilmişdir. Beləliklə inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, Abbasova Hicran İltifat qızı 28 iyul 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, 2023-cü ilin yanvar ayında əri Tural tərəfindən döyüldüyünü bildirmişdir. Abbasova Hicran İltifat qızının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə təqdim edilmişdir. Aparılmış təhqiqat araşdırılması nəticəsində Şəxs əməlinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməsinin, hüquqazidd olmasının, təqsirli sayılmasının (qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinin) və inzibati məsuliyyətə səbəb olmasının konkret olaraq nədə ifadə olması müəyyən edilmədən və buna dair işdə hər hansı bir mötəbər sübut olmadan, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı Əsgər Bayraməliyev sadəcə olaraq Abbasova Hicran İltifat qızının müraciətində və sonradan verdiyi eyni məzmunlu yazılı izahatında qeyd etdiklərini əsas götürərək Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinə əsasən inzibati tədbir görülməsi qənaətinə gəlmişdir. Halbuki, aparılmış təhqiqat araşdırılması zamanı məlum olan odur ki, Abbasova Hicran İltifat qızı izahatında hadisənin 2023-cü ilin yanvar ayında baş verdiyini bildirsə də, lakin Şəxs aylar sonra, yəni 28 iyul 2023-cü il tarixdə şikayət etmişdir. Lakin Abbasova Hicran İltifat qızı bu izahatının həqiqiliyi mövcud sübutlarla nə təsdiq, nə də ki təkzib olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasına kifayət qədər şübhələrin olmasına baxmayaraq, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməli və o, təqsirsiz hesab edilməlidir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-4783/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4783/2023
02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver