Məhkəmə qərarları › İş №3(010)-4793/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4793/2025

06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4793/2025 06.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru X6, İnzibati xəta törətmiş şəxs Şəxs, X1 iştirakları ilə, xx.xx.1988-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin 2(005)-1863/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 06 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Bayramov X7 Rayon Məhkəməsinin 2(005)-1863/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etmir. Məhkəmə iclasında Suraxanı rayon İcra şöbəsinin icra məmuru X9 protokolda göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Şəxs iki uşağın saxlanılması üçün 340 manat məbləğində pulun tutulması qət olunmuşdur. Həmin icra sənədi əvvəlcə Nərimanov rayon icra şöbəsinin icraatında olmuş, daha sonra şəxs Suraxanı rayonunun inzibati ərazisində yaşaması səbəbindən aidiyyatı üzrə Suraxanı rayon icra şöbəsinə göndərilmişdir. Əvvəlcə icra məmuru Teymur Bayramovun icraatında olmuş, daha sonra onun vəzifədən getməsi səbəbilə onun icraatına verilmişdir. Qeyd etdi ki, borclu tərəfindən müəyyən ödənişlər edilmiş, borc 13570 manat təşkil edir. Bu səbəbdən protokol tərtib edilərək baxılması üçün məhkəməyə verilmişdir. İndiyədək təqdimat verilmiş və borclunun 3 avtomobilinə həbs qoyulmuş, lakin onlar tapılmamışdır. Borclu 5000 manatdan çox ödəniş etmişdir, ən son dəfə 3700 manat ödəniş etmiş, hər ay 1000 manat ödəməsi ilə bağlı tələbkarla razılıq əldə edilmişdir. Lakin o həmin ödənişləri etməmiş və 13570 manat aliment borcu yaranmışdır. Əvvəlcə borc 16000 manat olmuş, bir qismi sonradan ödənilmişdir. Məhkəmə iclasında borclu Şəxs bildirdi ki, imkanı olduqca ödəyəcəkdir, atası onkoloji xəstədir və vəziyyəti çox ağırdır, tələbkarın özü də bilir. Qeyd etdi ki, özünün də ağciyər Hepatit C xəstəliyi olmuşdur, heç bir yerdə işləmir, bunlara baxmayaraq, ödənişləri bəzən etmiş, indiyədək təxmini 10000 manat aliment ödəmiş, tələbkar isə uşaqları onunla görüşdürməmişdir. Tələbkar uşaqları onunla görüşdürmədiyindən, aliment ödəmək niyyəti çox olmamışdır. Tələbkara şəhərdə evinin olduğunu və orada qalmasını təklif etdiyini, uşaqlara alimenti imkanı olan qədər ödəyəcəyini və alimentdən imtina etmədiyini bildirmişdir. Lakin hazırda atasının vəziyyəti ilə əlaqədar olaraq imkanı yoxdur, evdə satması üçün qızıl da yoxdur, atasının vəziyyəti yaxşı olduğu zaman ödənişlər etmişdir. Bildirdi ki, heç vaxt axtarışla tutulmamışdır, çağırışlara hər zaman gəlmişdir, borcundan ən çoxu 1000 manat məbləğində ödəniş edə bilər. Məhkəmə iclasında tələbkar X4 izahat verərək bildirdi ki, borclunun aliment ödəməməsinə baxmayaraq, uşaqlar hər zaman onu görməyə getmiş, 2024-cü ilin yanvar ayında uşaqlar atasının evinə getdikləri zaman onun evləndiyini görmüşdürlər. Daha sonra uşaqlar ataları ilə görüşmək istəməmiş, ataları uşaqla ünsiyyət tələbi ilə məhkəməyə müraciət etmiş, o isə uşaqları atası ilə görüşdürmüşdür. Bildirdi ki, borclu 10000 manat aliment ödəməmişdir, ən çox ödədiyi məbləğ 3-4 aydan bir 100 manat, 70 manat olmuşdur. Borclunun 5 il ərzində ümumilikdə 20000 manat aliment borcu yığılmış, bu məbləğdən vaxtaşırı ödənişləri və ən son ödədiyi məbləği çıxdıqda 13570 manat borcu qalmışdır. Borclu hər ay 1000 manat ödəyəcəyi ilə bağlı söz vermiş, lakin ödəməmişdir. Qeyd etdi ki, böyük oğlu şəkər xəstəsidir, 4 gün komada qalmışdır. Uşaq məktəbə, idmana, hazırlıqlara gedir, şəkər xəstəsidir, işləmədiyi üçün bu xərcləri qarşılaya bilmir. Alimentin böyük bir qisminin ödənilməsi qalan hissəsinin isə hər ay 1000 manat olmaqla ödənilməsini tələb etdiyini və belə olduğu təqdirdə razılaşacağını bildirmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu araşdıraraq hesab edir ki, Şəxs Nərimanov Rayon Məhkəməsinin 2(005)-1863/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki: Nərimanov Rayon Məhkəməsinin 2(005)-1863/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, iddia təmin edilmiş X4 ilə Şəxs arasında 20 ay 2014-cü il tarixdə bağlanmış və Bakı 1 saylı "Asan Xidmət" X8 tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 910 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2013cü il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X10 iddiaçı X3 yanında qalması, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X10 atası Şəxs alınaraq X3 himayəsinə verilməsi, xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs X3 xeyrinə hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İcra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2020-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1863/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam verilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs deməsinə görə atasının xəstə olmasını inzibati məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli olaraq təmin etmədiyini, onun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən saat 16:41-dən hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətində qərardadn Şəki Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar