Məhkəmə qərarları › İş №3(010)-4823/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4823/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4823/2023 06.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, şikayətçi X3 iştirakı ilə X2 Suraxanı rayon DYPŞ-nin polis Baş X1 tərəfindən qəbul olunmuş TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon DYPŞ-nin polis TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 ərizəsini onunla əsaslandırdı ki, 15 sentyabr 2023cü il tarixdə özünə məxsus Mercedes E 320 minik markalı **-TD-*** dövlət nömrə nişanlı avtomobillə Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zahid Əliyev küçəsində hərəkətdə olan zaman Suraxanı Rayon Dövlət X9 Yol patrul xidmətinin baş inspektoru Murad Hüseynov ona saxla işarəsi verərək onu saxlamış, o, avtomobili saxladıqdan sonra təhlükəsizlik kəmərini açmış və düşmək istəyərkən, polis əməkdaşı ona yaxınlaşmış onu gördükdən sonra yola davam etməyini istəmişdir. Ondan heç bir sənəd tələb etməmiş və hansı inzibati xətanı törətdiyini ona bildirməmişdir. Bundan sonra o, hərəkətini davam etdirmiş, nə baş verməsini başa düşməmişdir. Lakin 27 sentyabr 2023-cü il tarixdə ona məlum olmuşdur ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.6-cı maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və Bakı şəhəri Suraxanı Rayon Dövlət X9 15 sentyabr 2023-cü il tarixli, TP ******* saylı “inzibati tənbeh vermə haqqında qərarı” ilə o, 50 manat məbləğində cərimə edilmişdir. Həmin tarixdə o, Bakı şəhəri Suraxanı Rayon Dövlət X10 yaxınlaşaraq qərarın surətini götürmüş və qərarın məzmunu ilə tanış olduqda “təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə və nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə barəsində protokol tərtib edilmişdir. Halbuki, həmin gün o, öz avtomobili ilə hərəkətdə olan zaman təhlükəsizlik kəmərini bağlamış və nə həmin gün, nə də ki hər hansı başqa bir gün o, heç vaxt avtomobil hərəkətdə olan zaman telefonla danışmamışdır. Bununla əlaqədar bildirir ki, əgər o, təhlükəsizlik kəmərini bağlamamışdırsa və hərəkətdə olan zaman telefonla danışmışdırsa belə, inspektor bu barədə ona bildirməli və sonra barəsində inzibati xəta haqqında protokol tərtib etməli idi. İnspektor onu saxlayarkən barəsində protokol tərtib edəcəyini bildirmir. Bu hal artıq barəsində tərtib edilən protokolun qanunsuz olmasının göstəricisidir. Bu baxımdan o, Bakı şəhəri Suraxanı Rayon Dövlət X9 15 sentyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə razı deyildir və belə hesab edir ki, həmin qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, həmin qərardan da görünür ki, həmin qərar 15 sentyabr 2023-cü il tarixli İXP5697358 saylı protokola əsasən tərtib edilmişdir. Göründüyü kimi əgər o, hər hansı bir qanun pozuntusu törətmişdirsə, inspektor bu barədə ona bildirməli, o, bununla razı olduğu təqdirdə barəsində cərimə edilməsinə dair qərar qəbul etməli, əgər razı olmayacağı halda barəsində protokol tərtib edərək protokola onu izahatını, vəsatətini yazmalı, sonra protokola ona imza etdirməli və protokolun surətini ona təqdim etməli idi. Lakin inspektor heç bir inzibati xəta hadisəsi olmadığı halda öz planını doldurmaq üçün onun barəsində protokol tərtib etmiş və həmin protokola əsasən qərar qəbul edərək onu cərimə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Suraxanı Rayon Yol Patrul Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Nərimanov Rayon Yol Patrul Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Suraxanı rayon DYPŞ polis baş X1 tərəfindən qəbul olunmuş TP ******* saylı, xx.xx.2023-cü il inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.2-ci və 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün onun barəsində 50 (əlli) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Göründüyü kimi, X2 barəsində təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə və sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə Azərbaycan Respublikası İXM-nin 329.1-ci və 342.6-cı maddələri ilə 50 manat məbləğində cərimə edilməsi haqqında Bakı şəhər Suraxanı rayon DYPŞ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə işin faktiki halları arasında uyğunsuzluqlar yaranmışdır. Belə ki, şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdirdə təqsirin mövcud olubolmadığıı müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM- nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə həmçinin hesab edir ki, Bakı şəhər Suraxanı rayon DYPŞ-nin inzibati tənbeh vermə haqqında İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərar qəbul edilsə belə, həmin inzibati xətaya dair foto və yaxud video materiallar əlavə edilməmişdir. İXM-in 38.6-cı maddəsinə əsasən həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İXM-İn 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin 53.1.11-ci maddəsinə əsasən həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 barəsində Bakı şəhər Suraxanı rayon DYPŞ-nin İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar