Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-483/2021 19.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu X1 MN seriyalı ******* nömrəli protokolun ləğv edilməsinə dair şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 barəsində olan MN seriyalı ******* nömrəli protokolun ləğv edilməsinə dair şikayət verib. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmadığını araşdırır. Məhkəmə yuxarıda göstərilən məsələləri araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 63.1-ci maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir». Şikayət ərizəsi məhkəməyə təqdim olunarkən qanunvericiliyin yuxarıda göstərilən tələbi pozulub. Belə ki, şikayət ərizəsinin məzmunundan görünür ki, X2 yetkinlik yaşına çatmamışdır və orta məktəbdə təhsil alır. Belə olan halda şikayət ərizəsini X1 qanuni nümayəndəsi verməli idi. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarından görünür ki, şikayət inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında qərardan verilir. Həmçinin məhkəməyə inzibati xəta haqqında qərar təqdim edilməyib. Ona görə də qərarın mövcud olub-olmadığı (şikayətçinin məsuliyyətə cəlb edilməsi ilə bağlı qərarın qəbul edilib-edilmədiyi) sual doğurur. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Həmin məsələyə baxaraq belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında protokoldan şikayət verilməsi qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmadığına, həmçinin mübahisələndirilən qərar təqdim edilmədiyinə görə şikayət üzrə icraat mümkün deyil Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Göründüyü kimi inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, həmçinin məhkəməyə təqdim olunmuş sənədlər natamamdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 MN seriyalı ******* nömrəli protokolun ləğv edilməsinə dair şikayəti geri qaytarılsın. Hakim: Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-483/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-483/2021
19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver