Məhkəmə qərarları › İş №3(010)-4850/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4850/2023

29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4850/2023 29.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlunun, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs "xxxx" Şirkətinin filialının etibarnamə üzrə nümayəndəsi Vüsala Mamedovanın iştirakı ilə, "xxxx" Şirkətinin filialının Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən təqdim edilmiş 02 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, "xxxx" Şirkətinin filialı tərəfindən vətəndaş X4 01 avqust 2021-ci il tarixindən 31 avqust 2023-cü il tarixinədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirməyə cəlb edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 işin məhkəmə baxışı zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat verərək “"xxxx" Şirkətinin filialının barəsində qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs "xxxx" Şirkətinin filialının etibarnamə üzrə nümayəndəsi Vüsala Mamedova işin məhkəmə baxışı zamanı izahatında bildirmişdir ki, X4 "xxxx" Şirkətinin filialı tərəfindən qanuni əsaslarla işə qəbul edilmiş, sonralar işdə vəzifələrini layiqincə yerinə yetirmədiyinə görə dəfələrlə şifahi və yazılı surətdə xəbərdar edilmiş, bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinə guva hüquqlarının pozulduğu barədə əsassız şikayət ərizəsi ilə müraciət etmişdir deyə sonuncu tərəfindən onlara bu barədə müvafiq məktub göndərilmiş, onlarda hər iki tərəfə hərəkətlərinin qanuni olduğuna dair müvafiq sübutları təqdim etməklə müvafiq cavab məktubları göndərmişlər. Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi işə baxarkən, bir çox qanun pozuntularına yol vermiş, bunun da nəticəsində hüquqları kobud surətdə pozulmuş, işgüzar nüfuzlarına xeyli miqdarda zərər vurulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi barələrində Azərbaycan Respublikasə İXM-nin 192.1-ci maddəsi ilə protokol və qərar tərtib edilməli olan (və ya edilməli olmayan) “Akar İç və Dış Ticarət Limited" Şirkətinin filialını həmin idarəyə qanuni əsaslarla dəvət etməmiş, ona göndərilmiş sübutları nəzərə almamış, işi tam araşdırmadan, onların iştirakı olmadan əsassız qərar qəbul etmişdir. Məsələn, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi onlara xx.xx.2023-cü il tarixli, işə həmin idarədə baxılması üçün həmin idarəyə xx.xx.2023-cü il tarixdə, saat 11.45-ə çağırılmaya dair bildiriş göndərmiş, həmin bildiriş onlara xx.xx.2023-cü il tarixdə, saat 12-də çatmış və ikinci zərflə ikinci xx.xx.2023cü il tarixli məktub göndərilir (o da xx.xx.2023-cü il tarixdə, saat 12-də çatmış) və həmin məktubla onlara 02 və xx.xx.2023-cü il tarixli, artıq tərtib edilmiş protokol və qərar göndərilir ki, həmin protokol və qərar artıq çıxarılmış, onlara və məhkəməyə göndərilir. Deməli, onların iştirakı olmadan protokol və qərar xx.xx.2023-cü ildə tərtib edildikdən və məhkəməyə göndərildikdən sonra onlar həmin idarəyə xx.xx.2023-cü il tarixə dəvət edilirlər və məktub da onlara vaxtında çatmır. X4 xx.xx.2021-ci il tarixdə tərəflərindən qanuni əsaslarla işə qəbul edilmiş, əvvəllər bu barədə məlumatlar elektron sistemə yerləşdirilmiş, yalnız bundan sonra işə cəlb edilmiş, lakin son zamanlar vəzifələrini layiqincə yerinə yetirmədiyinə görə tərəflərindən dəfələrlə şifahi və yazılı surətdə xəbərdar edildiyinə baxmayaraq, o bunlardan müsbət nəticə çıxarmamış, onunla dələlərlə telefon əlaqəsi saxlanılmış, onun işə çıxması və sonralar şirkətin Bakı şəhərində yerləşən ofisinə gəlməyi tələb edilmiş, lakin o heç bir səbəb göstərmədən gəlməmiş, gəlməkdən imtina etmiş, bununla da Əmək Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmuşdur deyə qanuni əsaslarla işdən azad edilmişdir. Digər tərəfdən, nə sürücü X4, nə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi "xxxx" Şirkətinin filialının göstərilən inzibati xəta hadisəsini törətməsinə dair heç bir sübuta malik deyil, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Hesab edir ki, sürücü X1 şikayəti, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin "xxxx" Şirkətinin filialının barəsində Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə tərtib edilmiş protokolu əsassız və qanunsuzdur, işçinin işə qəbul edilməsi və işdən azad edilməsi barədə onların qərarı isə əksinə qanunidir deyə, sürücü X1 və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsinin çəkişmə prinsipi ilə əlaqədar məhkəməyə şəxsən dəvət etməli, qeyd edilən xüsusatları ətraflı olaraq yoxlamalı, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək sözügedən inzibati xəta haqqında işə xitam verməlidir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi mövcuddur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi məsələlərini tənzimləyən 49-cu maddəsinin 1-ci hissəsinin tələbinə görə «Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir». Əmək qanunvericiliyinin yuxarıda istinad olunan müddəasından göründüyü kimi, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi ilə şərtləndirilir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi isə «Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə» məsuliyyət nəzərdə tutur. Beləliklə, əmək müqaviləsi hüquqi qüvvəyə minməmiş işçinin işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. İşin faktik hallarından görünür ki, "xxxx" Şirkətinin filialı həmin X2 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Göstərilənlərə əsasən "xxxx" Şirkətinin filialı Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır”. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" Şirkətinin filialı Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat miqdarında cərimə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar